Məhkəmə qərarları › İş №2(103)-1430/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1430/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1430/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə borc tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(002)-2678/2024 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi, daha sonra xx.xx.2016-cı il tarixdə həmin kredit müqaviləsinə əlavə saziş bağlanmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. 2.Cavabdeh ərizə ilə müraciət edərək, iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmiş.etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 90116,79 manat məbləğində əsas borc, 27167,76 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə borcu, 1126,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 134217,67 manat məbləğində pulun, 424,22 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 10 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65349/14 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 120000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Bank və cavabdeh arasında 10 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65349/14 saylı müqaviləyə 18 may 2016-cı il tarixində 01 saylı əlavə saziş imzalanmışdır. Sazişə əsasən kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu ildir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 25% miqdarında faiz ödəyir. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən, əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019cu il tarixinə banka 90116,79 manat məbləğində əsas borc, 27167,76 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə borcu, 1126,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 134217,67 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq göndərilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. 5.Cavabdeh məhkəməyə elektron qaydada iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı təşkilatın ona qarşı irəli sürdüyü iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbi iddia müddəti keçirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin 2.1-ci və 3.5-ci bəndlərinə əsasən iddiaçı (kreditor) cavabdehə (borc alana) illik 20% hesablanmaqla 120000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit xətti 24 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarixi xx.xx.2016-ci ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən, müqavilənin 2.3-cü bəndi dəyişdirilərək, kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu il olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən kredit ödənişi tarixinin əvvəli xx.xx.2016-cı il, son bitmə tarixi xx.xx.2019-cu il göstərilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, sonuncu kredit ödənişi 2800 manat olmaqla xx.xx.2017-ci il tarixində həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixindən iddia ərizəsi məhkəməyə göndərilən tarixədək olan müddətdə kredit ödənişləri icra edilməmişdir. Hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürməklə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş edir. Bundan əlavə, iddiaçı iş materiallarına tarixi bəlli olmayan **********573 nömrəli bildiriş və onun təqdim edilməsinə dair poçt qəbzi əlavə etmişdir. Qəbzin məktub bağlamasını alan şəxs hissəsi boşdur. Digər bir məktub olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 1025/24 nömrəli məktubuna görə, ünvanın dəqiq olmaması səbəbindən məktubun çatdırılması mümkün olmamışdır. Bu isə o deməkdir ki, bildiriş ona təqdim edilməmişdir. Eyni zamanda, hesab edir ki, iddiaçı təşkilat tələb edilən məbləğdə səhvə yol vermişdir. İş materiallarında olan kredit müqaviləsinə və ödəniş cədvəlinə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək olan 36 ay müddətində əsas kredit üzrə 119900 manat, faiz borcu üzrə 65520,54 manat olmaqla, cəmi 185420,54 manat ödəniş edilməli idi. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa görə xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 46716 manat, xx.xx.2016-cı tarixindən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində isə 68107 manat, cəmi 114823 manat məbləğində ödəniş icra olunmuşdur. Lakin, 114823 manat ödənişə baxmayaraq, iddiaçı 134217,67 manat məbləğində pul tələb etmişdir. Bundan başqa, iddiaçı borcun şişirdilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixindən icra olunmayan kredit müqaviləsi üzrə iddia tələbi ilə 2024-cü ilin iyul ayında məhkəmədə iddia müddətini ötürməklə iddia qaldırır, bununla iddiaçı əsas kredit məbləği üzrə tələbdən başqa əlavə tələblər də (cərimə, dəbbə pulu və s.) irəli sürmək imkanı əldə edir. Lakin, hazırkı iddiaya münasibətdə iddiaçı daha uzun müddət gözlədiyindən iddia müddətini nəzarətdən çıxarmış, nəticədə ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.İdiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh tərəf isə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Hazırki mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barədə, cavabdeh tərəf isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizə verdiyindən, bununla da, iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-185-ci maddələrinə əsaslanaraq hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxıla bilər. 7.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 sentyabr 2024-cü il tarixli, 2(005)-1375/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fuad Hüseynov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 8.QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20% hesablanmaqla 120000 manat məbləğində kredit verilmişdir. 9.10 aprel 2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu il olaraq müəyyən edilmişdir. 10.12 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-na 09 iyul 2019-cu il tarixə 90116,79 manat məbləğində əsas borc, 27167,16 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə, 1126,8 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 134217,67 manat borcu yaranmışdır. 11.xx.xx.2014-cü il – xx.xx.2024-cü il dövrü üzrə hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi, daha sonra xx.xx.2016-cı il tarixdə həmin kredit müqaviləsinə əlavə saziş bağlanmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. 13.Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən üç ildən çox (beş il üç aydan artıq) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən, iddia tələbi təmin edilməməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 560.1, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2-ci;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 119.1, 8.1, 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılırdı. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəflərindən məhkəməyə ancaq xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2016-cı il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. 18 may 2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən 10 aprel 2019-cu il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin 6.3-cü bəndində qeyd edilmişdir ki, “Kredit müqaviləsinin müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi “Borcalan”ı “Kreditor”a vurulan zərəri ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin 11.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, apellyasiya mərhələsində təqdim etdikləri sənədlər nəzərə alınsın. Həmçinin verilən suallara cavab olaraq bildirdi ki, müqavilə müddətinin uzadılması ilə bağlı cavabdehin razılığını ifadə edən və ya ona sənədlərin göndərilməsini təsdiq edən sənədləri təqdim edə bilmirlər. 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 21.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 22.Maddə 373.1.Ümumi iddia müddəti on il təşkil edir. 23.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 24.Maddələr 375.1 və 375.2.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 25.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlayavə bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 29.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 30.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 31.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 32.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qaydamüəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilən işin fakitki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi, daha sonra xx.xx.2016-cı il tarixdə həmin kredit müqaviləsinə əlavə saziş bağlanmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Məhkəmə iddiaçının hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən üç ildən çox (beş il üç aydan artıq) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən, iddia tələbi təmin edilməməlidir. 41.Məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmış; iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır; tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmuş; kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 42.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 43.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 44.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 45.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 46.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 47.Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında Plenum qərara almışdır ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. 48.Qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı isə icra müddəti bitdikdə başlanır. (MM 377.1, 377.2) 49.Hazırki işdən göründüyü kimi tərəflər arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin icra müddəti 18 may 2016-cı il tarixli 01 saylı əlavə sazişlə uzadılmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. İddiaçı isə hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciə edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür. 50.Kollegiya apellyatorun “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator hazırkı iddianın baxılmamış saxlanılması ilə bağlı hər hansı sübut təqdim etməmiş, digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri nəzərə alındıqda belə (əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir) iddia müddəti yenə ötürülmüşdür. 51.Kollegiya apellyatorun kredit müqaviləsinin 6.3 və 11.1-ci maddələrinə istinad etməsini əsaslı hesab etməyərək,aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. -İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). -Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı) -İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). 52.Belə ki, qanunvericilik onsuz da kreditorun tələb etmək hüququnu tanıyır və iddiaçı müqavilənin icrası müddəti bitdikdən sonra, (iddia müddətinin tətbiqi barədə ərizə verilsə belə) 3 il ərizində iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırkı halda həmin müqavilə şərti, qanunla müəyyən edilən və konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biri olan iddia müddəti institutu ilə ziddiyət təşkil etdiyindən əhəmiyyət kəsb etmir. Əks yanaşma, yəni müqavilə şərti ilə kreditorun tələb hüququnun müddətlə məhdudlaşdırılmasını aradan qaldıran müqavilə şərtinin mövcudluğu borclunun müdafiə vasitələrindən biri olan iddia müddəti instutunun əhəmiyyətini istisna edərdi. 53.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən üç ildən çox (beş il üç aydan artıq) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən məhkəmə iddia müddətini tətbiq etməklə iddianı təmin etməyərək qanuni və əsaslı nəticəyə gəlmişdir. 54.Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(002)- 2678/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və 12 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında, həmin iclasdan əvvəl cavabdehin iddia müddətinin tətbiq olunması barədə etirazına münasibətdə məhkəməyə bütün sənədləri təqdim etdiyi halda, apellyasiya mərhələsində iddia müddətinin keçməsini şübhə altına almaq istiqamətində tərtib olunmuş tamamilə yeni sübutlar təqdim etmişdir. 56.Belə ki, həmin sənədlər Prosessual Qanunvericiliyin tələbinə əsasən qəbul edilməməli olmasına baxmayaraq, kollegiya həmin sənədlərə də qiymət verilməsi qənaətinə gəlmişdir. 57.İlk olaraq iddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsindən görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin 2.1-ci və 3.5-ci bəndlərinə əsasən iddiaçı (kreditor) cavabdehə (borc alana) illik 20% hesablanmaqla 120000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit xətti 24 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarixi xx.xx.2016-ci ildir. xx.xx.2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən, müqavilənin 2.3-cü bəndi dəyişdirilərək, kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu il olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən kredit ödənişi tarixinin əvvəli xx.xx.2016-cı il, son bitmə tarixi xx.xx.2019-cu il göstərilmişdir. 58.İddiaçı, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə sonuncu ödəniş edildikdən sonra, cavabdeh tərəfindən həmin tarixdə yazılmış ərizəni təqdim edərək, qeyd olunan ərizə əsasında LPO “Bank Standard” KB-nin xx.xx.2019-cu il tarixli, 11/-16 STB saylı Qərarınına əsasən cavabdeh tərəfdən xx.xx.2019-cu il tarixədək ödənişlər etməsinə icazə verilməsini qeyd etmişdir. Kollegiya LPO “Bank Standard” KB-nin xx.xx.2019-cu il tarixli, 11/-16 STB saylı Qərarını iddia müddətinin ötürülməsini şübhə altına alan mötəbər sənəd kimi qəbul etməyərək, aşağıdakıları qeyd edir: -Birincisi, iddia ərizəsi və məhkəmənin hazırlıq iclasında təqdim edilmiş sənədlərdə qeyd olunan Qərara istinad olunmamışdır; -İkincisi, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 12 iyun 2024-cü il tarixli Bildirişdə (cavabdeh həmin bildirişi sürətli poçt xidməti vasitəsilə xx.xx.2024-cü ildə almışdır i/v 38,40) xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə istinad olunmuş, kreditin 60 ay (5 il) müddətinə verilməsi qeyd olunmuşdur; -Üçüncüsü, 12 iyul 2019-cu il tarixli, **********082 saylı maliyyə arayışında müqavilə müddətinin 10 aprel 2014-10 aprel 2019-cu il qeyd olunmuşdur; -Dördüncüsü, ödəniş cədvəlinə əsasən kredit ödənişi tarixinin əvvəli xx.xx.2016-cı il, son bitmə tarixi xx.xx.2019-cu ildir; -Beşincisi, xx.xx.2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı Əlavə Sazişin 2.3-cü bəndinə əsasən “kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu ildir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu Müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır”. Göründüyü kimi, müqavilə şərtlərinin dəyişdirilməsi, yəni ödəniş müddətinin uzadılması ilə bağlı cavabdehin iradə ifadəsini özündə əks etdirən mötəbər sübut təqdim olunmamışdır. Belə ki, Əlavə Sazişin şərtləri və Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; -Altıncısı, cavabdeh tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli ərizədə əmlakların hissəvi girovdan azad edilməsi, illik faizlərin aşağı salınması, cari faizlərin bir qisminin güzəşt edilməsi xahiş olunmuşdur. LPO “Bank Standard” KB-nin xx.xx.2019-cu il tarixli, 11/-16 STB saylı Qərarında isə qeyd olunur ki, cavabdeh ümumilikdə 117285 manat məbləğini xx.xx.2019-cu il tarixədək ödənildikdən sonra qalıq borcun silinməsini və verilən əmlakların azad olunmasını xahiş etmişdir. Göründüyü kimi, 2 ildən sonra tərtib edilmiş Qərarla, cavabdehin ərizəsi arasında ziddiyyət mövcuddur. Digər tərəfdən cavabdehin xx.xx.2019-cu il tarixədək öhdəliyinin icrasının uzadılmasını xahiş etməsi və onun qeyd olunan Qərarla razılaşaraq iradə ifadəsinin olması müəyyən olunmur və iddiaçı bununla bağlı sübutlarını təqdim edə bilmir. 59.Kollegiya hesab edir ki, yuxarıda sadalanan altı hala əsasən LPO “Bank Standard” KB-nin xx.xx.2019-cu il tarixli, 11/-16 STB saylı Qərarının iddia müddətinin yaradılması istiqamətində sonradan tərtib edilmiş sənəddir. 60.Həmçinin iddiaçı tərəf apellyasiya mərhələsində cavabdeh tərəfindən 27 iyul 2022-ci il tarixdə yazılmış ərizəni və Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının xx.xx.2022-ci il tarixli 221 saylı Protokolunu təqdim edərək, cavabdehin borcunu etiraf etməsini və iddia müddətinin ötürülməməsini qeyd etmişdir. 61.Kollegiya apellyatorun bu dəlilini əsassız hesab edərək qeyd edir ki, borcun etiraf edilməsi ilə bağlı hərəkətlər iddia müddəti ərzində edilməlidir ki, bu müddətin axımının kəsilməsinə səbəb olsun. Qeyd olunan ərizə iddia müddəti bitəndən sonra verilmişdir. İddia müddəti ötürüləndən sonra belə hərəkətlər nəzərə alınmır. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının xx.xx.2022-ci il tarixli 221 saylı Protokolu isə birtərəfli qaydada qəbul olunmuş, cavabdehlə razılaşdırılması, onun iradəsini ifadə etməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 64.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 65.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(002)-2678/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar