Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1431/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşlar.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 502/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı Abəkər qızı arasında xx.xx.2003-cü il tarixdə Zaqatala rayon Muğanlı Ərazi Nümayəndəliyində bağlanılmış və C7 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı Abəkər qızının yanında saxlanılmaları, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlanılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğində alimentin, eyni zamanda xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı Abəkər qızının xeyrinə tutulması qət olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10443/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-502/2021 saylı qətnaməsi mübahisələndirilən xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2020-ci il tarixdən başlanılmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənməsi ilə bağlı iddianın qismən təmin edilməsi və rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı Abəkər qızına ödənilməsi hissəsində təmin edilməməsi, qətnamənin mübahisələndirilən “hər uşağa görə tutulan 130 manat alimentin məbləği” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Ümumilikdə 4 övladları var. Hər uşağa görə cəmi 130 manat aliment alır. Onlardan böyüyü yetkinlik yaşına çatmışdır. Digər üçü xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X5 azyaşlıdır. Onların dördü də iddiaçının himayəsindədir. Hamısının tərbiyə, təhsili, geyim-keçimi ilə özü məşğul olur. Cavabdehlə boşanmışlar, ailə münasibətləri yoxdur. Buna baxmayaraq o da uşaqların saxlanmasında ən az onun qədər iştirak etməlidir. Böyük oğlunu Türkiyəyə öz hesabına oxumağa göndərmişdir. Onun xərclərini də şəxsən özü çəkir. Yenə azyaşlılara da özü baxır. Evi yoxdur, heç yerdə işləmir. Uşaqlar azyaşlı olduğundan işləmək imkanı da yoxdur. Ata-anası imkan olduqca kömək edirlər. Lakin cavabdeh də aliment verməli və azyaşlıları saxlamalıdır. Bir ata kimi bu onun borcudur. Onda olan məlumata görə cavabdeh heç bir yerdə rəsmi qaydada işləmir. Lakin, onların ailə olduqları dövrdə də o, təsərrüfatla məşğul olub, başqasının adına maşın, ev alıb. Daha sonra isə evi satıb və Zaqatalada Göyəm ərazi dairəsi, Şökəkoba kəndində fındıq bağı alıb, təsərrüfatla məşğuldur. 1 ilə 5 tona yaxın məhsul əldə edir, satır, gəlir qazanır. Cavabdeh 3 uşağa görə də aliment vermək iqtidarındadır.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, uşaqların hər birinə ayda 150 manat ödəmək iqtidarındadır.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1200/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10443/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan iddia təmin edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13, 19, 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrinə, Mülki Poressual Məcəlləsinin 14.2, 88, 112.1.3, 119.2, 124.1, 233.4-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.2, 8.12, 8.14cü bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2, 9.1.2, 9.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək hər uşaq üçün 150 manat aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianı qismən təmin etmək üçün göstərilən əsaslara uyğun olaraq məhkəmə müvafiq araşdırma aparmamış, MPM-nin 14-cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və aliment miqdarının dəyişdiriləcəyi təqdirdə aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki işdə isə məhkəmə alimentin miqdarını artırmış, lakin aliment ödəyənin maddi vəziyyətində hər hansı bir dəyişiklik olub-olmasına dair araşdırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, 3 uşağın saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 manat ödəməli olan iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişiklik varmı, əvvəlki alimentin ödənilməsi ilə bağlı iddiaçının hər hansı bir borcu varmı. Onun əvvəl təyin olunmuş alimentin ödənilməsinə dair 700 manat borcu yaranmışdır. Həmin borcun yaranma səbəbi təyin olunmuş alimentin aylıq miqdarının yüksək olmasıdır. Belə ki, rayon yerində yaşayan şəxsin aylıq qazancı 500 manatdan artıq ola bilməz. Bu fakt statistikadan görünür və ölkədə aparılmış statistik göstəricilərə əsasən Zaqatala rayonunda orta əmək haqqı 500 manat təşkil edir. O isə aylıq 510 manat aliment ödəməlidir. Bundan başqa, yetkinlik yaşına çatan uşağının Türkiyədə oxuma xərclərini ödəyir. Qeyd olunan faktlar məhkəmədə müəyyən olunsa da, məhkəmə qətnamədə bu faktlara hüquqi qiymət verməmişdir. Ona görə hesab edir ki, alimentin miqdarının müəyyən olunmasında məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, o, hər ay hər uşaq üçün 150 manat, cəmi hər ay 450 manat aliment ödəmək iqtidarındadır, lakin bundan artıq olan məbləğ hər ay ona borc olaraq yazılacaq və sonda məhkəmənin qərarının icra olunmaması kimi qiymətləndiriləcəkdir. İddiaçı tərəf öz tələbini əsası kimi istinad etiyi halları, yəni cavabdehin maddi durumunun yaxşı olması, tələb etdiyi alimenti ödəməyə cavabdehin iqtidarı olduğunu sübut edə bilmədiyi halda məhkəmə alimentin miqdarının artırılmasına dair qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırki işdə iddia qismən təmin olundugundan və apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olmalıdır.
26. Alimentin təyin olunduğu vaxtdan artıq iki ildən artıq müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Kollegiya hesab edir ki, hazırda hər uşağa görə alimentin 150 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
28. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə alimentin miqdarını dəyişdirərək hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən etmişdir. Yəni, cavabdehdən tutulmalı olan alimentin miqdarı yenə də qanunvericiliklə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumundan azdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1200/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: