Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1432/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5210/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı kredit müqaviləsi üzrə bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 3200 ABŞ dolları kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkibi olan ödəniş qrafiki əsasında krediti və kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanla borcalan arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borclalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit vermiş, həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan “HYUNDAİ SANTA FE” markalı BAN:KMHSH81WP7U255803, 2007-ci il buraxılışlı avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1902 saylı kredit müqaviləsi üzrə bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 7800 ABŞ dolları kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkibi olan ödəniş qrafiki əsasında krediti və kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
4. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 132496 seriya nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Cavabdeh (ipoteka qoyan) xx.xx.2015-ci il tarixli, 1901 saylı ipoteka müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi “HYUNDAİ SANTA FE” markalı 99XH688 qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2015-ci il – xx.xx.2018-ci il qeyd edilmişdir.
5. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 22 oktyabr 2018-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onunla bank arasında bağlanmıış xx.xx.2015-ci il tarixli 1901 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 2795 ABŞ dolları əsas və 964 ABŞ dolları faiz borcu məbləğində borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı xəbərdar olunmuşdur.
6. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 26 noyabr 2018-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onunla bank arasında bağlanmıış xx.xx.2015-ci il tarixli 1902 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 6367 ABŞ dolları əsas və 2188 ABŞ dolları faiz borcu məbləğində borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı xəbərdar olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1901 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Ləğv prosesində olan "Zaminbank” ASC qarşısında 2795 ABŞ dolları əsas borc, 1.816,81 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 347,10 ABŞ dolları faiz olmaqla, cəmi 4.958,81 ABŞ dolları borcun cavabdehdən tutulması, tutmanın girov predmeti olan “HYUNDAİ SANTE FE” markalı, XU900TR dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, 1902 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Ləğv prosesində olan "Zaminbank” ASC qarşısında əsas borc üzrə 6367 ABŞ dolları, faiz borcu üzrə 4.126,08 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 783,20 ABŞ dolları faiz olmaqla, cəmi 11.276 ABŞ dolları borcun və iddia ərizəsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiada göstərilir ki, cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Borcun qaytarılması məqsədilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6915/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmana əsasən geri qaytarılmışdır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restruktrizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5210/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin faktiki hallarından görünür ki, iddia müddətinin axımı kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi xx.xx.2018-ci il tarixdən başlamış, iddiaçı 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin xx.xx.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixədək son müddət müəyyən edilmişdir. Bununla da göstərilən tarixdən sonra iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 20 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayətində göstərilir ki, iddiaçı ilk dəfə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2(004)- 6915/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar iddia ərizəsi geri qaytarılmış və qeyd olunan qərardaddan şikayətlə məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2839/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 23.İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək bildirib ki, İddiaçı ASC-nin ona qarşı iddia tələbini qəbul etmir. Həmin Bankın ona qarşı 7 ildən sonra iddia qaldırması qanunsuz və əsassızdır. Həmin Banka sonuncu kredit ödənişi 2016-cı ildə olmuşdur. Buna görə də iddia müddətinin keçməsinə görə İddiaçı ASC-nin ona qarşı iddiası rədd edilməlidir.
24. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
25. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
26. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 27.Apellyasiya şikayətində qeyd edilən hallar, yəni kredit müqaviləsi üzrə cavabdehə restruktrizasiya müqaviləsi bağlanmasının təklif olunması, işlərin araşdırılaraq yenidən məhkəməyə müraciət olunmasının uzun müddət vaxt tələb etməsi geniş işçi resurslarına və orqanlara malik hüquqi şəxs olan iddiaçı təşiklata müddətin ötürülüməsinin üzrlü hesab edilməsi üçün əsas verən hallar deyildir. 28.Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilənədək müqavilənin qüvvədə olması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. 29.Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. 30.Göründüyü kimi, kredit müqaviləsi üzrə münasibətlərə üç illik müdət tədiq edilir və bu müddətin axmının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 31.Baxılan işdə isə kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, üç illik müddərin axımı həmin vaxtdan başlanmışdır.
32. Ona görə də, öhdəliklərin icra edilənədək müqavilənin qeyri-müəyyən tarixədək qüvvədə olması barədə yanaşma Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına və Plenumun istinad edilən qərarlarındakı hüquqi mövqelərə, eyni zamanda iddia müddəti instutunun mahiyyətinə ziddir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5210/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5210/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.