Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1433/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1981/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Gəncə ASAN xidmət qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 243294 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında xx.xx.2017-ci ildə nikah bağlamış və 2461 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 388756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci ildə Gəncə şəhərində doğulmuş, atası İddiaçı, anası X6r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 11-12-ci hissələrinə və həmin təlimata 15 nömrəli əlavə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində saxlama müddəti başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlər 16.08.23-cü il tarixdə məhv edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 670/KEŞ saylı ekspert rəyindən görünür ki, 2019-cu il təvəllüdlü X7 iş materiallarına əlavə edilmiş nəlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.“X5 Rəhimlinin adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdən “Beta talassemiya major (böyük Forma)” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Valideyinlərdən biri daşıyıcı olduğu üçün Bəyaz Rəhimlidə “Beta talassemiya major” xəstəliyi anadangəlmə irsi olaraq yaranmışdır. “Beta talassemiya” xəstəliyi gen daşıyıcılığı valideynlərdən uşağa irsi ötürülən xəstəlikdir. Valideynlərdən biri daşıyıcı olduğu halda, doğulacaq uşaqlar həm sağlam, həm də daşıyıcı ola bilər. Valideynlərin hər ikisi daşıyıcı oduğu təqdirdə isə 25% sağlam, 50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı vardır. Talassemiya X1 ambulator xəstənin kartından çıxarışdan görünür ki, X12 betatalassemiya (Böyük forma) diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət, Sosial İnnovasiyalar üzrə X13 Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X9 talessemiya “Beta major” xəstəliyinin müalicəsi üçün sümük iliyinin köçürülməsinə lazım olan 90000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 dekabr 2017-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuş, nikah qeyd etməzdən əvvəl mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə ASAN xidmət mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumda tibbi müayinədən keçmişlər. Tibbi müayinənin nəticəsində Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olduğu, onun isə sağlam olması müəyyən edilmişdir. Həmin tibbi arayışa əsasən onlar nikaha daxil olmuşlar və onların birgə nikahlarından 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X15 doğulmuş və onda talessemiya “Beta major” xəstəliyi olması aşkar edilmişdir. Bundan sonra onlar Respublika talassemiya mərkəzinə müraciət etmişlər və aparılmış müayinələr zamanı hər ikisinin talassemiya daşıcısı olması müəyyən edilmişdir. Xəstəlik aşkar olunduqdan sonra müvafiq müalicələrə başlamışlar. Lakin xəstəliyin yeganə və əsas müalicəsi sümük iliyinin köçürülməsidir ki, həmin əməliyyatın da icra edilməsi üçün onun maddi imkanı çatmır. Apardığı araşdırmalar nəticəsində sümük iliyinin köçürülməsinin Türkiyə Cumhuriyyətində mümkün olduğu, müalicə xərclərinin isə 90000 (doxsan min) ABŞ dolları olması müəyyən edilmişdir. Onun isə həmin xərci qarşılamaq üçün maddi imkanı yoxdur. Nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onların uşaqlarının sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardılar. Hesab edir ki, vaxtında düzgün analiz aparılmaması səbəbindən onun uşağı xəstə doğulmuş və bu gün də o onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdeh ona ödəməli olduğu maddi ziyan vurmuşdur ki, həmin ziyanın ödənilməsi üçün birbaşa məsuliyyət daşıyır. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətini digərinə yönəltmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş cavabda isə sümük iliyi transplantasiyası əməliyyatlarının gözləmə siyahısına uyğun olaraq növbəli şəkildə həyata keçirildiyini və onlara növbə çatdığı zaman əlaqə saxlanılacağı bildirilmişdir. Qeyd edir ki, hazırda uşağın 4 yaşı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin onların növbənin nə vaxt çatacağı qeyri-müəyyən olduğu üçün o dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özü müalicəni davam etdirmək istəyir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X9 talessemiya “Beta major” xəstəliyinin müalicəsi üçün sümük iliyinin köçürülməsinə lazım olan 90000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin və 444 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə ona maddi ziyanın vurulmasında Respublika Diaqnostika Mərkəzi ASC-nın təqsirini, iddia ərizəsində qeyd etdiyi faktları sübuta yetirən sənədləri əlavə etməmişdir. Qeyd olunması zəruridir ki, Cavabdeh1 ASC-nin ASAN xidmət Mərkəzləri ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən birinci tərəfindən sonuncunun tibbi müayinə otaqlarında nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi həyata keçirilir. Müayinə zamanı şəxslərdən götürülmüş qan nümunələri onlarda talassemiyya xəstəliyinin (daşıyıcılıq) olub-olmadığının müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə göndərilir və həmin Mərkəzdən göndərilən nəticələrə əsasında şəxslərə tibbi müayinədən keçdiklərinə və müvafiq məsləhətlərin verildiyinə dair arayış təqdim olunur. Göründüyü kimi şəxsin talassemiya xəstəsi və ya daşıyıcı olması qan nümunələri əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən müəyyən olunur. “X4” ASC sadəcə şəxsə həmin nəticələr əsasında tibbi müayinədən keçdiyinə və müvafiq məsləhətlərin ona verildiyinə dair arayış verir. Göründüyü kimi iddia tələbinin əsası kimi istinad edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu baxımdan iddia rədd edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1981/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının talassemiya daşıcısı olmasına baxmayaraq ona nikaha daxil olmadan əvvəl tibbi müayinənin nəticəsində səhvən sağlam olmasını bildirdiklərini qeyd etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən hər hansı mötəbər sübut (mübahisələndirdiyi tibbi müayinənin nəticəsini göstərən sənəd və arayış) təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya tibbi müayinədən keçdiklərini təsdiq edən arayış təqdim edilmiş və həmin arayışı məhkəməyə təqdim etmək öhdəliyi sırf iddiaçının öhdəliyindədir. Sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 11.1,13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.5-1, 13.5-2, 13.6, 13.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 ,76.1, 76.2, 77.1, 80, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1981/2024 qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)1981/2024 saylı qətnaməsi ilə təmin edilməmişdir. Belə ki, iddiaçı 04 dekabr 2017-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuşdur. Nikah qeyd etdirilməzdən əvvəl mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə ASAN xidmət Mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumunda tibbi müayinədən keçmişlər. Tibbi müayinənin nəticəsində Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olduğu, iddiaçının isə sağlam olmağı müəyyən edilmişdir. Həmin tibbi arayışa əsasən iddiaçı ilə X14 nikaha daxil olmuşlar və birgə nikahdan 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X15 doğulmuş və onda talessemiya “Beta major” xəstəliyi olması aşkar edilmişdir. Bundan sonra, iddiaçı və X14 Respublika talassemiya mərkəzinə müraciət etmişlər və aparılmış müayinələr zamanı hər ikisinin talassemiya daşıyıcısı olduğu müəyyən edilmişdir. Xəstəlik aşkar olunduqdan sonra müvafiq müalicələrə başlamışlar. Lakin, xəstəliyin yeganə və əsas müalicəsi sümük iliyinin köçürülməsidir ki, həmin əməliyyatın da icra edilməsi üçün iddiaçının maddi imkanı çatmır. Apardığı araşdırmalar nəticəsində sümük iliyinin köçürülməsinin Türkiyə Cumhuriyyətində mümkün olduğu, müalicə xərclərinin isə 90000 (doxsan min) ABŞ dolları olması müəyyən edilmişdir. İddiaçının isə həmin xərci qarşılamaq üçün maddi imkanı yoxdur. Hesab edilir ki, nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onlar uşağın sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardı. Vaxtında düzgün analiz aparılmaması səbəbindən iddiaçının uşağı xəstə doğulmuş və bu gün də iddiaçı onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətini digərinə yönəltmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş cavabda isə sümük iliyi transplantasiyası əməliyyatlarının gözləmə siyahısına uyğun olaraq növbəli şəkildə həyata keçirildiyini və onlara növbə çatdığı zaman əlaqə saxlanılacağı bildirilmişdir. Qeyd edilir ki, hazırda uşağın 4 yaşı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin, iddiaçıya növbənin nə vaxt çatacağı qeyri-müəyyən olduğu üçün iddiaçı dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özü müalicəni davam etdirmək istəyir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 2(006)-1981/2024 nömrəli məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 11-12-ci hissələrinə və həmin təlimata 15 nömrəli əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən 1 saylı Gəncə regional “ASAN xidmət “mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində saxlama müddəti başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlər 16.08.23-cü il tarixdə məhv edilmişdir. Məhkəmə qətnamədə dönə-dönə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü qeyd etməklə iddianı rədd etmişdir. Lakin, cavabdehlər iddiaçının etmiş olduğu müraciətlərə cavab verdikləri kimi, məhkəmənin çağırışlarına oxşar münasibət göstərmişdir. Hətta bu belə cavabdehlərin hərəkətlərinə qarşı məhkəmədə daxil inam yaratmamışdır. Hesab edilir ki, iddia tələbi tamamilə qanuni və əsaslı olduğundan təmin edilməli olduğu halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1981/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qanunsuz və əsassız olaraq rədd edilmişdir. Ona görə də həmin qətnamə tamamilə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədə maddi ziyanla bağlı maddi hüquq normalarına istinad edilmiş olsa da, düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə maddi ziyanla bağlı maddi hüquq normalarına istinad etməklə, əslində iddiaçıya maddi ziyan dəyməsini bir növ qəbul etmiş, lakin həmin normaları düzgün tətbiq etməməklə iddianı təmin etməmişdir. Düzgün maddi hüquq normalarına istinad edilməməsi isə qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır. Hətta birinci instiansiya məhkəməsi qətnamədə MPM-nin 88ci maddəsinə ümumiyyətlə istinad etməmişdir. Azərbaycan Respublikası MPM 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən tamamilə qanunsuz və əsassız olaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli, e-2(006)-1981/2024 nömrəli qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni məhkəmə aktı çıxarılması xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə rəsmi qaydada məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17.Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Maddə 13.2. Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbigenetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. Maddə 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Maddə 13.4. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Maddə 13.5. Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbindən müəyyən olunur ki, nikaha daxil olmamışdan əvvəl Gəncə ASAN xidmət mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumda tibbi müayinədən keçərkən müayinənin nəticəsində arvadı Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olması, onun isə sağlam olması müəyyən edilmiş, həmin qurumun verdiyi arayışa güvənərək o, nikaha daxil olmuş, birgə nikahlarından 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X9 talessemiya “Beta major” xəstəliyi aşkar edildikdən sonra aparılmış müayinələr nəticəsində onun da talassemiya daşıcısı olması müəyyən edilmişdir. Ona görə də hesab edir ki, nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onların uşaqlarının sağlam doğulması üçün müvafiq tədbirlər görülərdi. Bu səbəbdən vaxtında düzgün müayinə aparılmaması səbəbindən xəstə doğulmuş uşağının müalicəsi ilə bağlı tələb olunan vəsait cavabdehlər tərəfindən ona ödənilməlidir. Kollegiya qeyd edir ki, nikah münasibətləri könüllü münasibətlərdir. İddiaçının nikaha daxil olmamışdan əvvəll nikaha daxil olmaq istədiyi qadının talassemiya daşıyıcısı olmasını bildikdən sonra bu xəstəlik barədə məlumat almaq üçün kifayət qədər imkanı olmuşdur. Belə ki, iş üzrə keçirilən məhkəmə-tibbi ekspertizasının rəyindən də, görünür ki, valideyinlərdən biri daşıyıcı olduğu üçün Bəyaz Rəhimlidə “Beta talassemiya major” xəstəliyi anadangəlmə irsi olaraq yaranmışdır. “Beta talassemiya” xəstəliyi gen daşıyıcılığı valideynlərdən uşağa irsi ötürülən xəstəlikdir. Valideynlərdən biri daşıyıcı olduğu halda, doğulacaq uşaqlar həm sağlam, həm də daşıyıcı ola bilər. Valideynlərin hər ikisi daşıyıcı oduğu təqdirdə isə 25% sağlam, 50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı vardır. Göründüyü kimi gen daşıyıcılığı ilə valideynlərdən uşaqlarına irsi ötürülən bu xəstəliyin valideynlərdən birində olduğu hər bir halda uşaqlarına keçməyəcəyi halı tibbdə tam istisna edilmir. Bundan başqa iddiaçı nikaha daxil olmamışdan əvvəl ona verilən tibbi arayışda müayinənin nəticəsinin düzgün qeyd olunmamasını bildirsə də, həmin tibbi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Daha sonra hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçı ona vurulan zərərin əvəzinin ödənilməsi tələbini deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Hazırkı işdə isə cavabdehlərin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətmələri, iddiaçıya vurulmasını iddia etdiyi ziyanla iddiaçının baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1981/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1433/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1433/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver