Məhkəmə qərarları › İş №2(103)-1434/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1434/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1434/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (iş № 2(010)- 9330/2016) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşaqların – xx.xx.2006-cı il təvəllüdlü Gülnur, xx.xx.2008-ci il təvəllüdlü Günel və xx.xx.2014-cü il təvəllüdlü Rahimin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşağa görə cavabdehdən onun xeyrinə tutulan 117 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərci olaraq ödənilmiş 56 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş hər uşaq üçün 117 manat məbləğində aliment uşaqların saxlanılması üçün artıq kifayət etmir. Belə ki, uşaqlardan ikisi Gülnur və Günel maddi imkanı olmadığından və cavabdehin onlara maddi köməklik göstərmədiyindən orta məktəbin 9-cu sinfindən çıxmışlar. Azyaşlı Rahim hazırda Bakı şəhəri, Suraxanı rayonu 65 saylı tam orta məktəbin 4-cü sinfində oxuyur. Ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğılarını və ehtiyacını tamamilə iddiaçı özü çəkir. Böyüdükcə uşaqların ehtiyacı və tələbatı artsa da, cavabdeh uşaqlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Cavabdeh 2016-cı ildən ödəməli olduğu alimenti bugünə qədər tam olaraq iddiaçıya ödəməmişdir. Cavabdehin qeyri müntəzəm, dəyişən qazancı vardır. Cavabdehin orta aylıq gəliri öz dediyinə görə 700-800 manat təşkil edir. Uşaqlar azyaşlıdırlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırda iddiaçı, himayəsində olan 3 azyaşlı övladlarını böyük çətinliklər içərisində böyütməyə çalışır və 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində valideyinlərinin yanında yaşayırlar. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin 2(010)-9330/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşağa 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını, iş üzrə ödənilmiş - 50 manat medasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin olunmamasını, məhkəmə xərclərinin – 74 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyil. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Bununla belə məhkəmə hesab edir ki, uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Buna görə də, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülərək iddia qismən təmin edilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iddiaçının verdiyi izahata əsaslanmış, iş üçün əhəmiyyəti olan halları araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

7. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının həddi barədə məlumat

9. İddia tələbi qismən təmin olunsa da cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

11. MPM-in 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

14. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-9330/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Gülnurun, xx.xx.2008-ci il təvəllüdlü Günelin və xx.xx.2014-cü il təvəllüdlü Rahimin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, İddiaçı xeyrinə hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

15. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

16. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsini xahiş edir.

17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir

18. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, cavabdehin aylıq gəliri iddianı təmin etməyə kifayət edir. Alimentin miqdarı hər uşaq üçün 220 manat müəyyən edilməlidir.

19. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində cavabdehin gəlir məlumatlarından müəyyən edilir ki, cavabdeh hər hansı rəsmi gəliri yoxdur.

20. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-9330/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır.

23. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz.

24. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı sabit iş yeri olmadığını, dırnaq ustası işləyərək günlük muzd qazandığını bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, iddiaçı tərəf isə cavabdehin rəsmi iş yerinin olması və aylıq qazancı barədə heç bir sübut təqdim etməmişdir.

25. Lakin bununla belə Məhkəmə hər uşaq üçün tutulmalı olan alimentin miqdarının Rayon Məhkəməsi tərəfindən 150 manat müəyyən edilməsini uşaqların mənafeyinə uyğun hesab etmir. Uşaqlar böyüdükcə uşaqların xərcləri artır. Belə olan halda, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə müəyyən edilmiş məbləğdə alimentin tutulması (150 manat) uşaqların artmış tələbatlarını təmin etməyəcək.

26. Məhkəmə hesab edir ki, tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsi uşaqların mənafeyinə daha uyğundur.

27. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin aylıq gəlirinin olmaması və ya aşağı olması cavabdehi uşaqlarını, uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. g) apellyasiya baxışının nəticəsi

28. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli və hər ay tutulmalı olan alimentin miqdarı hər uşağa görə 200 manat müəyyən edilməlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddianın qiyməti ((660-351=) 309 manat x 12 ay=) 3.708 manat təşkil edir.

30. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 29 avqust 2016-cı il tarixli, 2(010)-9330/2016 saylı qətnamə ilə qət edilmiş - Cavabdeh İddiaçı xeyrinə 3 uşağın – xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulmalı olan alimentin məbləği dəyişdirilsin və hər uşağa görə, 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar