Məhkəmə qərarları › İş №2(103)-1435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1435/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1435/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 894,06 ABŞ dolları əsas, 202,15 ABŞ dolları faiz, 986,17 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 129 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2211,38 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılımışdır ki, “İddiaçı' Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 025 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 25% ödənilmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 894,06 ABŞ dolları əsas, 202,15 ABŞ dolları faiz, 45 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 129 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1270,21 (bir min iki yüz yetmiş ABŞ dolları iyirmi bir sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, rayon məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 025 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ASC-nin Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli,025 saylı zaminlik müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Yasamal Rayon Məhkəməsi 2(011)-4097/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli,025 saylı zaminlik müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin 5-ci bəndində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqavilənin 5.1, 5.1.1, 5.1.2, 5.1.3, 5.2, 5.3 və 5.4-cü bəndlərinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız iddiaçı qeyd edilən hissədə mübahisələndirir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 025 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 025 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********037 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 025 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək 894,06 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 202,15 ABŞ dolları mələğində faiz borcu, 986,17 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 129 ABŞ dolları borc, cəmi isə 2211,38 ABŞ dolları məbləğində borcu vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 120 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 45 ABŞ dolları məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015- ci il tarixli, 025 saylı istehlak kredit müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 24 ay müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondutərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2017-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2nın öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC -nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4097/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar