Məhkəmə qərarları › İş №2(103)-14355/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14355/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14355/2019 04.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-422/2018 saylı xx xxxxxxx 2018cı il tarixli əmri ilə Cavabdeh İddiaçı xeyrinə cəmi 6110 manat məbləğində pul tutulması əmr olunmuşdur. Cavabdehxx xxx 2019-cu il tarixdə məhkəmə əmrinə etiraz təqdim etmiş və qeyd edilən məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylıxx xxx 2019-cu il tarixli qərardadı ilə məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli əmri ləğv edilmiş və ərizəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə 20 saylı alğı satqı müqaviləsinə əsasən 12 ay müddətinə qiyməti 4590 (dörd min beş yüz doğsan) manat məbləğində qızıl zinət əşyaları kredit üsulu ilə satılmışdır. Borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq aldığı 4590 manat məbləğində qızıl zinət əşyalardan istifadə etsədə, əsas borcdan cəmi 500 manat ödəyərək, qalan 4090 (dörd min doğsan) manat borcu ödəməkdən boyun qaçırır. Halbuki bağlanmış müqavilənin ödəniş müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Yaranmış mübahisəni borclu Cavabdeh ilə məhkəmədən kənar qaydada tələbkar İddiaçı həll edilməsinə cəhd etsədə, danışıqlar heç bir fayda verməmişdir (pretenziya qaydasında həll olunma) və tələbi məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etməsinə üstünlük verilmişdir. Mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilərək borcluya borcun ödənilməsi üçün xəbərdarlıq göndərməklə onun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, Borclu Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 29 ev 11 mənzil 3 qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2016-cı il tarixdə bağlanmış 20 saylı alğı satqı müqaviləsi üzrə 4090 (dörd min doğsan) manat məbləğində əsas borc, 2000 (iki min) cərimə və 20 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi iləiddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 4090 manat əsas borc, 100 manat məbləğində cərimə borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla ümumilikdə 4210 (dörd min iki yüz on) manat tutularaq İddiaçı, 10 manat qalıq hissə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətindəqətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016- cı il tarixdə onunla Cavabdeh ilə arasında 20 saylı alğı satqı müqaviləsi bağlanmışdır və ödəniş müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Cavabdeh müqavilə üzrə 4090 (dörd min doğsan) manat əsas borcu 18 ay gecikdirərək ödəməsindən yayınırdı, bu barədə ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilmişdir. Bundan əlavə Cavabdeh 20 saylı alğı satqı müqaviləsinin xx.xx.2016-cı il tarixdə bağladığı müqavilənin 6.1.3-cü bəndini göstərildiyi kimi "ödənişin vaxtında həyata keçirilməməsi təqdirində alıcı satıcıya vaxtı keçmiş məbləğdən hər gün üçün 2% olmaqla müqavilənin ümumi məbləğindən 50%-dən çox olmamaq şərti ilə cərimə ödəməsi xəbərdarlığını qəbul edir." Cavabdeh bu öhdəliyi pozmaqla iddiaçıya ziyan vurmaqda davam edir. Bundan əlavə Pirallahı rayon məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən dövlət rüsumu düzgün ödənilməmiş hesab olunduğuna görə Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qətnamədən həmçinin Cavabdeh verdiyi apellyasiya şikayətindəqətnamənin borc hissəsində ləğv edilməsini, 2640 manat əsas borcun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Pirallahı rayon məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsi əsas borc hissəsində dəyişdirilməli, cərimə bocu hissəində isə dəyişdirilmədə qüvvədə saxlanılmalıdır. Belə ki, o, İddiaçı xx xxxx 2016cı il tarixində 10 saylı Alğı-satqı Müqaviləsinə əsasən 12 ay müddətinə 1 600 manat məbləğində 20.4 qram çəkisində 750 əyarı olan bir ədəd qızıl sep almış, həmin Müqavilə tərəfindən tam icra edilmişdir. Bundan başqa, xx xxxxxxxx 2016-cı il tarixində 20 saylı Alğısatqı Müqaviləsinə əsasən 12 ay müddətinə 4 590 manat məbləğində 34.4 qram çəkisində 750 əyarı olan qızıl sep və üzük, 17 qram çəkisində 750 əyarı olan bir ədəd qızıl qolbağ almışdır. Həmin Müqavilə üzrə də 1 950 manat məbləğində ödəniş aparmış, lakin İddiaçı həmin ödənişlərin bir qismini- 1450 manat hissəsini imzalamadığı xx xxx 2016-cı il tarixli 6 saylı Alğı-satqı müqaviləsinə aid etmiş, nəticə də xx xxxxxxxx 2016-cı il tarixində 20 saylı Alğı-satqı Müqaviləsindən cəmi 500 manat ödəniş edildiyini göstərmişdir. xx xxx 2016-cı il tarixli 6 saylı Alğı-satqı müqaviləsində, ona əlavə olunmuş bildirişdə və ödəniş qrafikində olan imzaların ona məxsus olmaması ilə bağlı Bakı Apellyasiya məhkəməsinin icraatında olan 2(103)-9629/2019 saylı iş üzrə məhkəmə-xətt ekspertizası təyin edilmiş, hazırda iş üzrə icraat dayandırlmışdır. Pirallahi rayon məhkəməsi bu xüsusatı nəzərə alaraq hazırki iş üzrə icraatı dayandırmalı idi, lakin prosessual qanunvericiliyin tələblərini pozaraq bunu etməmiş, 1450 manat məbləğində apardığı ödənişi nəzərə almamışdır. Həmin ödəniş nəzərə alınsa idi onun iddiaçıya olan əsas borcu 4090 manat deyil, 2640 manat təşkil etmiş olardı. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər.İddiaçı əlavə olaraq bildirdi ki, ərizədə səhvən müqavilənin tarixi xx.xx.2016-cı il kimi qeyd edilsə də, əslində ərizə ilə tələb etdiyimiz pul məhz xx xxxxxxxx 2016-cı il tarixində 20 saylı Alğı-satqı Müqaviləsi olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ödəniş başqa müqavilə üzrə edilmiş ödənişlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsas borcun və dəbbə pulunun tutulması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı dəbbə pulu hissəsində, cavabdeh isə əsas borcunun 4090 manat deyil, 2640 manat təşkil etməsini qeyd etməklə mübahisələndirmiş və həmin hissələr ilə bağlı apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 100 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək cərimə borcu 500 (beş yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli 20 nömrəli alğı-satqı müqavilsindən göründüyü kimi, Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə çəkisi 750 əyarlı olan qiyməti 4590 AZN olan, çəkisi 34,4 qram olan 1 ədəd 750 əyarlı qızıl sep üzük və çəkisi 17 qram olan 1 ədəd 750 əyarlı qızıl qolbağ verilmişdir. İş materiallarında olan alğı-satqı müqaviləsinə əlavədən göründüyü kimi Cavabdeh ilkin ödəniş kimi 200 manat xx.xx.2017-ci il tarixdə isə 300 manat ödəniş etmiş və 4090 manat borcu qalmışdır. İş materiallarında olan bildirişin surətindən göründüyü kimi, Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan qızıl-zinət əşyalarını cavabdehə vermiş, lakin Cavabdehborcunu hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehdən əsas borc üzrə 4090 manat borcun tutulması nəticəsinə gəlməkdə haqlı olsa da, cərimə borcu hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə qətnamə Cavabdeh müqavilə üzrə 100 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, xx xxxxxxxx 2016-cı il tarixli 20 nömrəli alğı-satqı müqaviləsi üzrə Cavabdeh yalnız bir dəfə yəni xx.xx.2017-ci il tarixdə 300 manat ödəniş etmiş və müqavilə üzrə qalan öhdəliyi ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış bağlanmış müqavilənin 8.2-ci bəndindən görünür ki, Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1(bir)% cərimə ödəyir. Göründüyü kimi,4090 manat əsas borcu olduğu halda məhkəmə həmin məbləğə cəmi 100 manat cərimə pulu hesablanmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu da müqavilədən irəli gələn vəzifələrini yerinə yetirərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə kreditora ziyan vurmaqdan çəkinməlidir. Mülki işin hallarından isə görünür ki, cavabdeh alınmış kreditdən yalnız bir dəfə ödəniş etmiş, eləcə də öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərməmişdir. Qızıl zinət əşyasının hazırkı bazar dəyəri və hazırda mövcud borcun məbləği nəzərə alındığından qət olunan dəbbə pulu kreditorun mənafeləri baxımından tənasübsüz surətdə aşağıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh alğısatqı müqaviləsi üzrə İddiaçıxeyrinə tənasüblük nəzərə alınmaqla ağlabatan həddə 500 (beş yüz) manat dəbbə pulu tutulmaldır. Cavabdeh apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab hesab edir ki, cavabdeh apellyasiya şikayətində xx xxxxxxxx 2016-cı il tarixli müqavilə üzrə 1950 manat məbləğində ödəniş etdiyini qeyd etsə də işin bu halını təsdiq edəcək hər hansı bir sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 100 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək cərimə borcu 500 (beş yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-260/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 100 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilərək cərimə borcu 500 (beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar