Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1441/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Mirağa Ağamirovun və Cavabdeh1 vəkili Mehman Əliyevin iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 68.338,32 ABŞ dolları, faiz borcu kimi 21.374,72 ABŞ dolları, cərimə kimi 51.106,17 ABŞ dolları məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən 74 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 64.338,32 ABŞ dolları, cərimə kimi 4.000 ABŞ dolları, cəmi 68.338,32 ABŞ dolları məbləğində pul manatla 1-ci cavabdehdən iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracda satılsın, evin ilkin satış qiyməti 169.000 manat müəyyən edilsin, satışdan əldə edilən pul hesabına borc ödənilsin, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Qətnamədən iddiaçı və 1-ci cavabdeh apelyasiya şikayəti verib. İddiaçının apelyasiya şikayətində tələb olunub ki, qətnamə qismən - əsas, faiz və cərimə borcunun tutulması barədə tələbin təmin edilməyən hissəsində, habelə 2-ci, 3-cü və 4-cü cavabdehlərə qarşı tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin olunsun. 1-ci cavabdehin apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, cərimə borcunun tutulması bardə tələb rədd olunsun, borcun qalan hissəsinin qrafik üzrə ödənilməsi barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mirağa Ağamirov iddiaçının apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apelyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən 1-ci cavabdehin vəkili Mehman Əliyev cavabdehin apelyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apelyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan, o cümlədən mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, 1-ci cavabdehin (borcalanın) iddiaçının qarşısında birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. 1-ci cavabdeh (borcalan) kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 2-ci, 3-cü və 4-cü cavabdehlərə (zaminlərə) qarşı tələbin rədd edilməsi hissəsində qətnamə ləğv edilməli, qətnamədə göstərilən borc 1-ci cavabdeh (borcalan) ilə yanaşı digər cavabdehlərdən (zaminlərdən) müştərək qaydada tutulmalıdır. Belə ki, birinci instansiya məhkəməsi zaminlərə qarşı tələbi rədd edərkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin göstərişinə istinad etmişdir. Həmin maddəyə görə zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişlər bağlanmış, bu isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Müəyyən olunur ki, kredit müqaviləsinə xx.xx.2016, xx.xx.2016 və xx.xx.2017-ci il tarixli sazişlərlə 3 dəfə dəyişiklik edilib. Bu dəyişikliklər zaminlərin razılığı olmadan edilib, lakin dəyişikliklərin heç biri zaminlərin məsuliyyətinin hər hansı şəkildə (müddətlə bağlı, məbləğlə bağlı və s.) artmasına və ya zaminlər üçün əlverişsiz nəticələrə səbəb olmamışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də qətnamə zaminlərə qarşı tələbin rədd edilməsi hissəsində ləğv edilməli və zaminlərə qarşı tələb təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apelyasiya şikayəti rədd olunsun. İddiaçı QSC-nin apelyasiya şikayəti qismən təmin olunsun Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən – cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı olan tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Zaminlərə qarşı tələb təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində göstərilən məbləğdə pul cavabdeh (borcalan) Cavabdeh1 ilə yanaşı cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1441/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1441/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver