Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-145/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Cavabdeh1 Rafiq qızının vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4463/2021 nömrəli, 17 dekabr 2021ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xətai Rayon Məhkəməsinin 2(011)-4463/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Rafiq qızı və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, vurulmuş ziyanın əvəzinin ödənilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək tərəflər arasında barışıq əldə edildiyini, bu səbəbdən də iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 tərəflər arasında razılıq əldə olunduğunu bildirərək iddiaçının iddiadan imtina etməsi ilə bağlı ərizəsinin qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Digər tərəflər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və məhkəmə kollegiyası hazırki məsələyə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4463/2021 nömrəli, 17 dekabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Rafiq qızı və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, vurulmuş ziyanın əvəzinin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxsin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-145/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-145/2023
13.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver