Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-145/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Cəmaləddin qızına qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kanalizasiya xəttinə qoşulma nəticəsində dəymiş ziyan, sübutetmə, sübutların çatışmazlığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh Cəmaləddin qızının iştirakı ilə İddiaçı Cavabdeh Cəmaləddin qızına qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
2. İdrisova X3 Həsənovanın qonşusudur, o, ünvan 2 ünvanında yaşayır.
3. Nizami RPİ-nin 23-cü PB-nin rəisinin Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Nizami RPİ-nin 23-cü PBnə daxil olmuş qarşılıqlı müraciət əsasında təhqiqat araşdırması aparılmış, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur.
4. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli qərarla, Nümayəndə 2 nəfərin onu ölümlə hədələməsi və xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan Cavabdeh damının suyunu onun kanalizasiyasına qoşması, kanalizasiyadan iy gəlməsi ilə bağlı müraciəti üzrə cinayət işinin başlanılmasının rədd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh Cəmaləddin qızına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin mülkiyyətində olan evin kanalizasiya xəttinin ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Uzununa küçəsində yerləşən 10 nömrəli evin kanalizasiya xəttindən ayrılması və cavabdehin ona vurduğu 1000 (min) manat maddi zərərin, məhkəmə üçün çəkdiyi 60 manat xərcin əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 10 nömrəli ev mülkiyyətindədir, qonşusu olan Cavabdeh Cəmaləddin qızına məxsus 5 nömrəli ev onun evinin tam arxasında yerləşir. İki ev arasında hasar yoxdur. Cavabdeh öz evinin kanalizasiyasını onların evinin arxasıyca gedən kanalizasiyaya qoşmuşdur. Bunun aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Hətta bu mübahisə 3 ilə yaxındir ki, davam edir, lakin cavabdeh onlarla razılaşmır. Onun kanalizasiya xəttinə qoşulması ona məxsus evin bünövrəsinə təsir göstərmişdir. Həmin evin kanalizasiyası ilə yanaşı, ona məxsus olan və həmin evə qonşu olan 6 evin də kanalizasiyası onun kanalizasiya xəttinə qoşulmuşdur. Cavabdeh öz evindən başqa digər 5 evi də başqa şəxslərə kirayəyə verir, həmin şəxslər də kanalizasiyaya nə gəldi atırlar. Lakin cavabdehin kürəkəni, qudası və başqa da bir yarnlarında olan cangüdənləri onlara hücum edirlər. Bununla da bağlı polis şöbəsinə müraciət etmişdir. Kanalizasiya xəttinin qoxusu onları evdə də narahat edir, bununla yanaşı evin qalan bünövrəsi korlanır. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin onun kanalizasiya xəttinə qoşulması nəticəsində evinin bünövrəsinə vurduğu zərərin ödənilməsi və kanalizasiya xəttini onun kanalizasiya xəttindən ayırması ilə bağlıdır. Çünki öz evi ilə yanaşı, həm də cavabdehə məxsus olan 6 evin kanalizasiyasının da bir yerdə olması onun mülkiyyətinə zərər vurur. İ qrup əlildir və evinin bünövrəsinin korlanması və kanalizasiya problemi onu və ailə üzvlərini narahat edir.
7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, cavabdehin həyətində olan təzə tikilidən keçən kanalizasiya xətti iddiaçının kanalizasiya xəttini iki yerdən qırıb. O vaxt ev tikəndə demişdir ki, kanalizasiya xəttini qırmadan evi tiksinlər. Damda olan suyun qoxusu ona təsir edir. İddiaçı 1988-ci ilin noyabrın ayının 7-də məlum səbəblərə görə Ermənistan Respublikasından Azərbaycana gəlmiş, burada Keşlə qəsəbəsində məskunlaşmış, həmin ərazidə ev tikmişdir. Daha sonra qanuna müvafiq olaraq həmin evə görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən növbədənkənar iclas zamanı ona çıxarış verilmişdir. Evi tikməyə başlayan zaman öz şəxsi vəsaiti hesabına dövlət magistral yolundan öz evinə iki qonşu ilə birlikdə o da kanalizasiya çəkmişdir. O gündən də bu evdə yaşayır. 2016-cı ildə evdə olmayanda arxa qonşusu ona xəbər vermişdir ki, qonşu özünə ev tikir. O, cavabdehin həyətinə keçib xahiş etmişdir ki, ev tikən zaman onlara ziyan dəyməsin. O şərtlə onlara ev tikməsini demişdir ki, ilk olaraq pəncərələri onların evinə baxmasın və onun kanalizasiyasından istifadə etməsinlər. Cavabdeh onun şəxsi kanalizasiyasının xəttinə özünün qeyri-qanuni tikdiyi xətləri qoşub, onun 2 yerdə xəttini qırıb dağıdıb. Bu məsələdən kənd sovetinin, bələdiyyənin, hətta Bakı şəhər İcra Hakimiyyətinin xəbəri var. Onun kanalizasiyası ondan əvvəl 2 qonşunun həyətindən gedib, bu məsələ ilə bağlı şahidləri var. Cavabdeh hətta damın suyunu da tökür, onun qoxusu bütün onların evində hiss edilir, niyə onun əmlakına ziyan dəyməlidir?. Bu günkü gün ev onun bacısının adınadır. O, İcra Hakimiyyətinə də, bələdiyyəyə də müraciət etmişdir. Bundan başqa, 1998-ci ildə Şakir torpağı satıb, o da almışdır. Şakirin bir otağı və bir mətbəxi vardı, o da yolun qırağında idi. Ona satdığı torpaq və onun evi arasında dörd kubiklik yer var idi. Şakirin yaşadığı yer üzrə şəxsi kanalizasiyası var. Onun evi kupçalı evdir, o, kanalizasiyanı tək çəkmişdir, Zülfinaz xanımgilə məsləhət görmüşdür ki, “əvvəl də qonşu idik, siz də bu torpağı alın qonşu olaq”. Kanalizasiya onun və Zülfinaz xanımın olub. Ona və Zülfinaza gedən suyun turbası və kanalizasiyanın turbası var idi. Onun qonşularla problemi olmayıb, çəkdiyi kanalizasiya hal-hazırda üç yerdən zədələnib, evinin fundamenti zədə alıb. O, bunların düzədilməsini istəyir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onların kanalizasiya xətti 1998-ci ildə çəkilib. Onlar digər qonşuları ilə iddiaçıya torpaq satmışlar, 3 qonşu qabaqdakı qonşunun həyəti vasitəsilə kanalizasiyanı mərkəzi xəttə birləşdirmişlər. İddiaçının nümayəndəsi onun yoldaşı ilə dost olub. O, iddiaçının kanalizasiya xəttinə qoşulmamışdır.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, torpağı əvvəl o almışdır. Onun özü yaşadığı evi Gövhərgildən almış, lakin sənədləşməni bacısının adına etmişdir. Nə o, nə də bacısı o torpaqda yaşamır, bacısı dünyasını dəyişib. Onlar o vaxt torpağı alanda Zülfigil onlara kanalizasiya xətti vermədilər, onlar da bununla bağlı çox təkid etmişlər. Məcburi qaydada metr yarımlıq məsafəni 300 manat pul vermişlər və almışlar. Vələt ilə danışmışlar, birgə xərcini çəkmişlər, materialın pulunu birgə qoymuşlar. Şakirgilin həyətindən Şakir kanalizasiya xətti çəkməyə icazə verdi, amma Gövhərgil icazə vermədilər. Ancaq pul ilə ala bilmişlər, lakin evin yan tərəfi ilə gedən borudan onun xəbəri yoxdur. Çünki bacısı ilə də əlaqəsi yox idi, bilmirdi. Arxa həyətdə olan kanalizasiyanın necə çəkildiyini bilmir. Onlar kanalizasiya xəttini sonradan çəkdilər, əvvəl o xətt yox idi. O kanalizasiya xəttini necə çəkdiklərini bilmir.1998-1999-cu illərdən torpağı Gövhərgildən almışlar, ev tikmişlər, bacısı da içində yaşamışdır, təxminən 2001-2002-ci ildə o evdən köçmüşlər.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, kanalizasiyanı Zülfinaz xanımdan almışdır. Kanalizasiya onunla Vələtindir. Gövhər kanalizasiya onun həyətindən keçir deyə xətti deşib birləşdirirdi. Torpaq və kanalizasiyanın pulunu Gövhər xanımın yoldaşına veriblər. Aralarında müqavilə kimi bir sənəd var idi, lakin itirmişdir. Evi 2002-ci ildə Zülfinaz xanımdan almışdır, o vaxt ona dedilər ki, kanalizasiya xətti Vələtlə Zülfinazgilindir. Cavabdeh ev tikib hamamın, tualetin aynasını tutub.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Gövhər xanımla o, tikilən evlərin fundamentini qoymuş, habelə qonşu olmuşlar. İndi o, torpağını satmışdır. 1998-ci ildə torpaqlarını Gövhər xanımla birlikdə satmışlar. O, torpağı Vələt müəllimə, Gövhər xanım isə Zülfinaz xanımgilə satıb. O vaxt evlər tikilində Gövhər xanımın yoldaşı digər qonşularla 3 nəfər əvvəldən kanalizasiya xəttinə qoşulublar. Kanalizasiya xətləri o vaxtdan var idi, o, Vələt müəllimə torpaq satmışdır, ancaq özü aşağı tərəfdə olan evdə yaşayır. 1998-ci ildən Gövhərxanımgil kanalizasiya xəttinə qoşulub.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Gövhər xanım onun qaynanasıdır. 1999-cu ildən Gövhər xanımgilə gediş-gəlişləri var. O, atası evində yaşayır. 2015-ci ildə bu ərazidə ev tikmişdir. Bu söz-söhbətlər əvvəl tərəflər arasında olmayıb.
13. Birinci instansiya məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
14.1. İddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, maddi ziyanın cavabdeh tərəfindən yetirilməsi, ziyanın vurulmasında cavabdehin təqsirinin olması məhkəmə iclasında müəyyən olunmadı, ona görə də iddia təmin edilməməlidir. 14.2. Bu hal, məhkəmənin yerində müayinə protokolunda da öz əksini tapmışdır. Belə ki, yerində müayinə zamanı məlum olmuşdur ki, iddiaçının kanalizasiya borusu cavabdehin həyətindən keçir və həmin vaxt cavabdehin dediyinə görə iddiaçının yaşayış sahəsini də sonuncu onların yaxınlarından almışdır. Müayinə zamanı küçədə yerləşən kanalizasiya “lyuk”una nəzər yetirdikdə, iddiaçının və cavabdehin həyətlərindən çıxan 1 borunun çıxdığı müəyyən olunmuşdur. Cavabdeh borunun çəkilməsinə iddiaçıya icazə verdiyini bildirmişdir. Bundan başqa yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının ərizəsində göstərdiyi cavabdehin damından suyun axmasına münasibətdə cavabdehin tikdiyi 2-ci evin suyu iddiaçının həyətinə axmır.
15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 88-ci maddələrinə istinad etmişdir.
16. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, verilən izahatlar, alınan rəylər
18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
19. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 10 nömrəli evin kanalizasiya xətti yalnız həmin ev üçün nəzərdə tutulan xətt kimi, yoxsa mərkəzi sistemə birləşdirilən xətt kimi çəkilmişdir?
- Əgər Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 10 nömrəli evin kanalizasiya xətti yalnız həmin ev üçün nəzərdə tutulan xətt kimi nəzərdə tutulmuşdursa, 5 nömrəli evin kanalizasiya xətti 10 nömrəli evin kanalizasiya xəttinə qoşulmuşdurmu (birləşdirilmişdirmi)?
- Əgər Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 5 nömrəli evin kanalizasiya xətti 10 nömrəli evin kanalizasiya xəttinə qoşulmuşdursa (birləşdirilmişdirsə), bu hal 10 nömrəli evin bünövrəsiniin dayanıqlılığına təsir edə bilərmi?
- Əgər Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 5 nömrəli evin kanalizasiya xətti 10 nömrəli evin kanalizasiya xəttinə qoşulmuşdursa (birləşdirilmişdirsə), bunun nəticəsində 10 nömrəli evə ziyan dəymişdirmi?
- Bakı şəhəri, Nizami rayonu, Uzununa küçəsində yerləşən 5 nömrəli evin kanalizasiya xəttinin 10 nömrəli evin kanalizasiya xəttinə qoşulması (birləşdirilməsi) nəticəsində 10 nömrəli evə ziyan dəydiyinin müəyyən ediləcəyi təqdirdə, həmin ziyanın aradan qaldırılması üçün hansı məbləğdə xərc çəkiləcəyini müəyyənləşdirmək mümkündürmü? Əgər mümkündürsə həmin məbləğ təxminən nə qədər olmalıdır?.
20. Həmin təyinatla bağlı Məhkəmə Ekspertizası Mərkəzi ilə uzunmüddətli yazışmalar aparılmasına baxmayaraq, ekspert rəyini əldə etmək mümkün olmamışdır (kanalizasiyaya dair layihə sanədlərinin təqdim olunmaması səbəbilə).
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
23. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
24. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
36. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
38. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
39. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh öz evinin kanalizasiyasını onun kanalizasiya xəttinə qoşmuş, nəticədə ona məxsus evin bünövrəsinə zərər dəymiş, həmçinin pis qoxudan narahat olmağa başlamışdır.
40. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
41. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 25-27) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
42. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
43. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29, 30).
44. İddia tələbini sübuta yetirmək üçün iddiaçı ilk növbədə sübuta yetirməlidir ki, onun evinə xidmət edən kanalizasiya xətti məhz ona məxsusdur, yəni ümumi kanalizasiya xətti deyildir və cavabdeh bu xəttə qanunsuz qoşulmuşdur.
45. İddiaçı həmin halları təsdiq edə biləcək mötəbər sübut (layihə sənədləri və s.) təqdim etməmiş, vəsatəti əsasında dindirilmiş şahidlər isə sözügedən halları birmənalı şəkildə təsdiqləməyərək kanalizasiya xəttinin 1998-ci ildən mövcud olduğunu, cavabdehin də həmin xəttə o dövrlərdən qoşulduğunu bildirmişlər.
46. Bu baxımdan, iddiaçının istinad etdiyi şahid ifadələri iddia tələbinin təmin olunması üçün kifayət qədər mötəbər sübut olaraq qəbul oluna bilməz, məhkəmə kollegiyasının sübutların əldə olunması məqsədilə ona göstərmək istədiyi yardım isə nəticəsiz qalmışdır.
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, hazırkı mübahisə cavabdehin öz əmlakından adi istifadəsindən törəndiyi və istifadənin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinmədiyi üçün, iddiaçı bu təsirə dözməlidir (§ 22, 24).
50. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək qeyd edir ki, apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2582/2023 saylı iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva