Məhkəmə qərarları › İş №2(103)-1451/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1451/2024

14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1451/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh rəsmi nikahlarından xx.xx.2011 -ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7626/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli, 2(001)-46/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdeh "İZOSAN” MMC-də fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7626/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək (aliment artırılaraq) xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2010-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 1 uşaqları var: xx.xx.2011-ci il təvəllüdlü X3. Bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri dağılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2808/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, azyaşlı qızları Xədicə onun yanında qalması, onun saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində cavabdehdən aliment tutulması qət edilmişdir. Himayəsinə verilmiş azyaşlı qızının təhsil, inkişafı üçün cavabdeh tərəfindən tutulmuş aliment az olduğundan 2018-ci ildə o, yenidən məhkəməyə müraciət edərək alimentin artırlmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün hər ay 155 manat olmaqla cavabdehdən aliment tutulması qət edilmişdir. Uşağı məktəbli olduğundan onun maddi təlabatını ödəmək ona təkbaşına çox çətindir, həm də aliment cavabdeh tərəfindən mütəmadi olaraq hər ay 155 manat deyil, 150 manat ödənilmişdir. Cavabdeh bu illər ərzində qızı ilə maraqlanmır, onun böyüməsində bir ata kimi iştirakdan yayınır. Belə ki, uşaq xəstələndikdə onun bütün tibbi xərcləri onun üzərində olur, uşağın hazırılıq kurslarının ödənişi onun tərəfindən icra olunur. Azyaşlı qızının cəmiyyətə layiq bir övlad yetişdirmək üçün bir ana kimi gecə-gündüz çalışır. Hesab edir ki, uşağın saxlanması üçün hər ay 155 manat sabit pul məbləğində aliment bügünki dövrdə çox aşağıdır. Uşağın təhsilinə, inkişafına, tərbiyəsi üçün yetərli deyildir. Uşağın saxlanması üçün cavabdeh sabit pul məbləğində hər ay 220 manat ödəməyə borcludur, bunu uşağın mənafeyi tələb edir. Bundan əlavə, cavabdehin maddi durumu çox yüksəkdir. Evi və avtomobili var, fərdi əməklə məşğuldur, əlavə qazanc yeri vardır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5245/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7626/2018 saylı qətnaməsi ilə tutulan 155 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin alimentin artırılması hissəsində rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin faktiki halları müəyyən edilməmişdir. Belə ki, müəyyən olunan aliment miqdarı həddən artıqdır. O, boşandıqdan sonra rəsmi olaraq ikinci ailə həyatı qurmuş və həmin nikahından iki azyaşlı uşağı da var. Onun aylıq əmək haqqısı 350 manat təşkil edir və əlavə qazanc yeri yoxdur. Hal-hazırda ailəsində yeganə qazanc gətirən şəxsdir və həmin qazancı ilə öz ailəsini güclə dolandırır. Hazırki qəbul edilmiş qətnamə onu çıxılmaz vəziyyətdə qoymaqdadır. Belə ki, o, 2018-ci il tarixində təyin edilmiş aliment məbləğini güclə ödəyir və hal-hazırki qətnamə ilə təyin edilmiş aliment məbləğini ödəyə bilməyəcəkdir. Bunun nəticəsində isə məsuliyyətə cəlb olunmaq təhlükəsi ilə üzləşərək 2018-ci il tarixində təyin edilmiş aliment məbləğini də ödəyə bilməyəcəkdir. Bundan əlavə iddiaçı alimentin artırılmasını uşağın artan təlabatı ilə və əlavə təhsil almasının zəruriliyindən irəli gəldiyini istinad edir. Bununla bağlı bildirmək istəyir ki, orta məktəblərdə təhsil kifayət qədər yüksək səviyədədir və iddiaçının uşağın əlavə olaraq müəllim yanına qoyması onun öz istəyidir və hesab edir ki, hal-hazırki zamanda buna zərurət yoxdur. Eyni zamanda iddiaçı məhkəməyə yalan məlumat verərək bildirmişdir ki, guya onun əlavə qazanc yeri var və maddi durumu yaxşıdır. Lakin iddiaçının məhkəməyə verdiyi məlumatlar tam olaraq yanlışdır vəhəqiqəti əks etdirmir. O, hər ay 200 manat məbləğində alimenti ödəmək iqtidarında deyildir və bu hal onun üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

12. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamənin ləğv edilərək alimentin miqdarının artırılmış hissəsinin rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

19. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin qazancının az olması, sonradan ailə qurmaqla həmin nikahdan da iki uşağının olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2018-ci il) qəbul edilməsindən 5 ildən çox müddət ötmüş, o cümlədən uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qətnamə ilə müəyyən edilən həddə aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir. Belə ki, hazırda müəyyən edilən aliment 2024cü il üçün ölkə üzrə uşaqlar üçün məyyən edilən yaşayış minimumundan (235 manat) da aşağıdır.

21. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da iki uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddindən də az tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

22. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Hazırkı iş üzrə cavabdeh qətnamə ilə müəyyən edilmiş alimentin azaldılmasını tələb edir. Bu baxımdan da kollegiya hesab edir ki, alimentin mübahisələndirilən hissəsi 200-155=45 manat, illik məcmusu isə (45x12=540 manat) 540 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar