Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1452/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (qardaşı) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-294/2020) ilə xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən onun xeyrinə 85 manat sabit pul məbləğində hər ay tutulan alimentin məbləğinin dəyişdirilərək 175 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü Arifin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 85 manat sabit pul məbləğində hər ay tutulan alimentin məbləğinin dəyişdirilərək 175 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki hallarına araşdırmamışdır. Belə ki, iş üzrə tərəflərin ailə və maddi vəziyyətində olan dəyişikliklər Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Rayon Məhkəməsi cavabdehin işləməməsini, evdar qadın olmasını, iddiaçının isə işləməsini və yüksək əmək haqqı almasını nəzərə almamışdır. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş, iclasda nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsi (qardaşı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və alimentin məbləği 130 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən çıxarışdan (İş № 2(013)-294/202) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə tərəflər arasındakı xx.xx.2001-ci il tarixli nikahın pozulması, nikahın pozulmasından sonra 2 uşağın – Xanların və Arifin atalarının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılası, uşaqların yetkinlik yaşına kimi saxlanılması üçün hər ay, hər uşağa 85 manat məbləğində alimentin hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, uşaqlardan biri – Xanlar artıq yetkinlik yaşına çatmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmışlar. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahlarının pozulması, uşaqların nikahın pozulmasından sonra hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşana çatana kimi saxlanılması üçün hazırki iş üzrə cavabdehdən hər ay, hər uşağa görə 85 manat, cəmi isə 170 manat sabit pul məbləğində alimentin hazırki iş üzrə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Uşaqlardan biri – Xanlar artıq yetkinlik yaşına çatmış, digər uşaq – Arif isə yetkinlik yaşına çatmamışdır. Uşaq böyüdükcə uşağın xərcləri artır, iddiaçı isə həmin xərcləri qarşılaya bilmir. Buna görə də, iddiaçı hesab edir ki, Arif üçün tutulan alimentin məbləği 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılaraq 175 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin iddia tələbinə qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, o özü işləmir, evdar qadındır, himayəsində yaşlı və İ qrup əlil olan anası var. Cavabdehdən fərli olaraq iddiaçı işləyir, yüksək məbləğdə əmək haqqı alır, mülkiyyətində daşınar və daşınmaz əmlakları var. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə əvvəlki qətnamə ilə Arifin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində olan alimentin 85 manatdan 175 manata artırmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Yuxarıda qeyd edildiyi kimi, qanununun tələbindən göründüyü kimi, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur. Həmçinin, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır. Belə olan halda, məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə alimentin tutulması (85 manat) uşağın artmış tələbatlarını təmin etməyəcək. Lakin Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin şərtinə əsasən, alimentin məbləği müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını, həmçinin cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və hər iki tərəfin mənafeyini, iddiaçının cavabdehin 175 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməməsini, iddiaçının özünün işləməsini, hərbçi olaraq, nümayəndəsinin deməsinə görə 800 manata yaxın əmək haqqı almasını, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment 130 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və alimentin məbləği 130 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin Cavabdeh narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((130 – 85) x 12=) 540 manat, qətnamənin İddiaçı narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((175 – 130) x 12=) 540 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnamə alimentin məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-294/2020) ilə Cavabdeh İddiaçı xeyrinə uşağın – 27 oktyabr 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləği 130 (yüz otuz) manat müəyyən edilsin. Bu məbləğdə aliment 11 fevral 2022-ci il tarixdən tutulsun. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 iyul 2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni Cavabdeh İddiaçı xeyrinə uşağın – 27 oktyabr 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xəzər Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-294/2020) ilə müəyyən edilmiş 85 manat sabit pul məbləğində alimentin artırılması hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1452/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1452/2022
11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver