Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1453/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(008)-5627/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* USD nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 26% dərəcəsi ilə, 30 ay müddətinə 8.300 ABŞ dolları məbləğində kredit verilmişdir. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 9.555,12 manat, bundan 3.275,81 manat əsas, 2.464,80 manat faiz, 3.342,01 manat cərimə, 2.464,80 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 472,50 manat faiz borcu və iş üzrə ödənilmiş 115,56 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* USD nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 26% dərəcəsi ilə, 30 ay müddətinə 8.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ********* USD nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 7.305,80 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit konvertasiya edilmiş, (1 USD=1.40 AZN) 8.055,36 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh2 cəmi borcu 9.555,12 manat təşkil edir. Bundan 3.275,81 manat əsas, 2.464,80 manat faiz, 3.342,01 manat cərimə, 2434,32 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 472,50 manat faiz borcu təşkil edir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 noyabr 2024-cü il tarixli, 2(008)-5627/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Adilə Paşayeva) iddia qismən təmin edilərək, Cavabdeh2 3275 (üç min iki yüz yetmiş beş) manat, 81 (səksən bir) qəpik əsas, 2464 (iki min dörd yüz altmış dörd) manat, 80 (səksən) qəpik faiz, 300 (üç yüz) manat cərimə, 472 (dörd yüz yetmiş iki) manat, 50 (əlli) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 6513 (aıtı min beş yüz on üç) manat, 11 (on bir) qəpik məbləğində borc pul və 115 (yüz on beş) manat, 56 (əlli altı) qəpik ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan:
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* USD nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 30 ay müddətinə qaytarmaq şərtilə illik 26 faiz ödənilməklə 8300 ABŞ dolları məbləğində kredit vermişdir.
7. İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit öhdəliyinin vaxtında və lazımınca icrası üçün İddiaçı ASC qarşısında zamin duraraq, borcluyla birgə məsuliyyəti öz üzərinə götürmüşdürlər. 8.xx.xx.2024-cü il tarixli, **********783 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 oğlunun xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, 3.275,81 manat əsas, müqavilə müddəti üçün hesablanmış 2.464,80 manat faiz, 3.342,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 472,50 manat faiz, cəmi 9555,12 manat manat təşkil edir. 9.xx.xx.2017-ci il restrukturizasiya müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixədək müddətinə uzaldılmışdır. 10.Məhkəmə mübahisəyə kredit müqaviləsinin müddəaları baxımından qiymət verərək hesab etmişdir ki, iddia tələbinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 472,50 manat məbləğində pulun tutulması hissəsi əsaslı olmaqla təmin edilməlidir. 11.Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci ildə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 472,50 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. 12.Həmçinin məhkəmə iddia ərizəsində göstərilən məbləğlərə diqqət cəlb edərək, qeyd etmişdir ki, ərizədə əsas məbləğin 3271,81 manat, faiz məbləği 2464.80 manat, cərimə 3342,01 manat, illik beş faiz olmaqla da 472,50 manat məbləğində göstərilməsi anlaşılandır və qətnamədə ayrıayrılıqda hamısına münasibət bildirilir. Lakin, ikinci dəfə cərimə kimi 2464,80 manat qeyd olunmuş və buna nə ərizənin mətnində, nə də iddia ərizəsində aydınlıq gətirilməmişdir. Bu səbəbdən də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. 13.Məhkəmə iddiaçının Cavabdeh1 qarşı yönələn tələbinə dair qeyd etmişdir ki, zaminlik müqaviləsinin müddəları tətbiq olunmalı və ona aid hissədə iddia tələbi təmin edilməməlidir. 14.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla kredit götürən arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 30 ay müddətinə, yəni xx.xx.2021-cı il tarixinə qədər qaytarmalıdır. Buna görə də iddiaçı zaminə qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir və buna görə də Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. 15.Məhkəmə əsas borcun 3275,81 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 3342,01 manat məbləğində cərimə (dəbbə) pul məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 300 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
16. Həmçinin MPM-nin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəə hesab etmişdir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 115,56 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 462.1, 461.1, 465.2, 449.4, 470, 477.0.4, 367, 467-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 107, 14.2, 119.1 və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddətini tətbiq etməklə, iddiaçı tərəfindən 3 illik iddia müddəti heç bir səbəb olmadan ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, tərəflərin yəni nə iddiaçının nümayəndəsinin, nə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, iş üzrə heç bir araşdırma aparmadan iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilmədiyindən, işə onun iştirakı olmadan baxılmış, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehlə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə arasında bağlanmış ********* USD nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 26% dərəcəsi ilə, 30 ay müddətinə 8.300 ABŞ dolları məbləğində kredit verilmişdir. 2019-cu ildə kredit öhdəliyinin qalığı olan Restrukturizasiya edilmişdir. Lakin 2018-ci ildən işdən azad olunduğundan, ödənişləri həyata keçirə bilməmişdir. 2018-ci ildən 2024-cü ilədək bank tərəfindən ona kredit borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməmiş, məhkəmədə iddia qaldırılmamışdır. 2018-ci ildən 2024-cü ilədək bank tərəfindən ona kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı 2018-ci ildən 6 il müddətində məhkəməyə müraciət etmədən, 6 ildən sonra kredit müqaviləsi üzrə faizlərin və cərimələrin şişirdilmiş məbləğlərin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının 2018-ci ildən 2024-cü ilədək məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı və imkanı olmasına baxmayaraq, iddia müddəti ötürdükdən sonra 2024-ci iyul ayında məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, öhdəliklərin icra edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 6-1-26/H-9387-0-12743/2023 saylı məktubunda bildirilmişdir ki, ona Prezidentin fərmanına əsasən hesablanmış 5867,07 manat kompensasiya məbləğinin 3086,98 manat hissəsi güzəştə görə kompensasiyanın azaldılmasına, 2780.09 manat hissəsi isə borcun ödənilməsinə yönəlmişdir. Bank tərəfindən borcun məbləği də düzgün hesablanmamış, ödənilmiş kompensasiyanın məbləği də borcdan silinməsi həyata keçirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 22.İş üzrə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 27.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 28.Maddə 372.2.Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 29.Maddə 373.1.Ümumi iddia müddəti on il təşkil edir. 30.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 31.Maddələr 375.1 və 375.2.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 32.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 33.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 34.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 35.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 36.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 41.Maddə 10-1.3.Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 42.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 43.Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı və digər cavabdeh isə apellyasiya şikayəti verməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 49.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2014-cü il tarixli ********* USD nömrəli kredit müqaviləsi üzrə (sonradan xx.xx.2017-ci ildə bağlanmış Əlavə Saziş No2) əsas borca görə 3275,81 manat, faiz borcu üzrə 2464,8 manat, cərimə borcu üzrə 3342,01 manat (məhkəmə tərəfindən MM-nin 467-ci maddəsinə əsasən 300 manata qədər azaldılmışdır) olmaqla, 472,5 manat 5%-lə olan faiz borcu, cəmi 6513,11 manat borcu yaranmışdır. 50.Göründüyü kimi, Cavabdeh2 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 51.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 52.Hazırda cavabdeh apellyasiya şikayəti verərək mübahisəyə 3 illik iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.
53. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarıbda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. MPMin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. 54.İş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Cavabdeh2 məxsus elektron kabinetinə yerləşdirilmiş, ona iddia ərizəsini aldıqdan sonra 20 gün ərizində iddiaya etirazını, qoyulmuş suallara cavabını məhkəməyə təqdim etmək kimi bir sıra prosessual hüquq və vəzifələrin izah olunduğu məhkəmə bildirişləri göndərilmişdir. 55.MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 56.Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 57.Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 58.Konstitusiya Məhkəməsinin yuxarıda şərh olunan mövqeyinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya mərhələsində cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etməyə o halda haqlı olardı ki, məhkəmə tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması səbəbindən birinci instansiysa məhkəməsindəki icraatdan məlumatsız olsun və ya hər hansı bir üzürlü səbəbdən ərizəni birinci instansiya məhkəməsində icraat zamanı təqdim etmək mümkün olmasın. 59.Hazırkı halda isə cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verildiyindən və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin birinci instasniya məhkəməsinə təqdim edilməsinin mümkün olmaması barədə hər hansı bir üzürlü hal müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya şikayətinə əlavə edərək təqdim edilməsi MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. 60.Digər tərəfindən ərizəyə münasibət bildirilsə belə, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddətinin xx.xx.2021-ci il tarixədək uzaldılması və iddiaçının hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarxidə müraciət etməsi ilə bağlı işin fakitki halları onu deməyə əsas veriri ki, müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. 61.Məhkəmə kollegiyası həmçinin borc məbləğinin düzgün hesablanmaması barədə cavabdehin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, borcun məbləği işdə olan maliyyə sənədləri və hesabdan çıxarış məlumatları il öz təsdiqini tapdığı halda, cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 6-1-26/H-9387-0-12743/2023 saylı məktubunda qeyd olunan 5867,07 manat işdə olan hesabdan çıxarışlardan göründüyü kimi, borcdan silinməsində nəzərə alınmışdır (mülki işin i/v 31-35). Digər tərəffdən 5%-lə tutulan 472,5 manat faiz borcuna münasibətdə kollegiya qeyd edir ki, müqavilədə müəyyən olunan son müddət-xx.xx.2021-ci ildən maliyyə arayışının verildiyi 09 iyul 2024-cü il tarixədək olan müddət 2 il 10 ay 21 gün təşkil edir. Onda 5%-lə olan məbləğ 1041 gün üçün, əsas borc olan 3275,81 manata nisbətdə 473,3 manat təşkil edir. Məhkəmə isə həmin məbləğdən az 472,5 manat tutmuşdur. 62.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 63.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. 64.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 65.Göründüyü kimi, cavabdehin borcun şişirdilməsi ilə bağlı dəlilləri heç bir sübutla öz təsdiqini tapmamaqla yanaşı, işdə olan mötəbər sübutlarla (maliyyə arayışı, hesabdan çıxarış və.s) təkzib olunur. 66.Cavabdehin heç bir sübutla öz təsdiqini tapmayan dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası onları mülahizə xarakterli hesab etməklə qeyd edir ki, bu hallar məhkəmənin gəldiyi nəticənin qanuniliyi və əsaslılığını şübhə altına ala bilməz. 67.Beləliklə kollegiya məhkəmə tərəfindən cavabdehdən tutulmalı olan borc məbləğləri ilə razılaşır. 68.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 69.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 70.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 71.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(008)-5627/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov