Məhkəmə qərarları › İş №2(103)-1455/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1455/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1455/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "x Kommersı̇ ya Banki" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(009)-399/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 816,97 manat əsas, 175,88 manat faiz, 87,09 manat cərimə, cəmi 1079,94 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 11.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borclananın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürümüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 04.12.2019-cu il tarixinə “xxxx” KB ASC-yə 816,97 manat əsas, 175,88 manat faiz, 87,09 manat cərimə, cəmi 1079,94 manat borcu yaranmışdır. Tərəflər arasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(009)-399/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 816,97 manat əsas, 175,88 manat faiz, 9 manat cərimə borcu olmaqla, ümumilikdə 1001,85 (min bir manat səksən beş qəpik) manat borcun və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(009)-399/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə qətnamə çıxararkən onun ödədiyi məbləğləri nəzərə almamışdır. Onun tərəfindən iddiaçıya uzun müddət ərzində ödəmələr edilmişdir. Bu barədə qətnamədə heç nə yazılmamış, real ödəmələr və borc arasında fərq hesablanmamış, məhkəmə yalnız iddiaçı tərəfin verdiyi məlumatlarla kifayətlənmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 28 yanvar 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini medafiə etdiyini və vəsatət verərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 11.10.2014-cü il tarixli 7775tkAHM/14 saylı müqaviləyə əsasən bank 60 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə 1000 manat krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edilir. Həmin müqavilənin 3.8.1-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İşə əlavə olunmuş 09.12.2019-cu il tarixli maliyyə arayışında Cavabdeh 11.10.2014cü il tarixli 7775tkAHM/14 saylı kredit müqaviləsi üzrə 04.12.2019-cu il tarixə əsas məbləğ üzrə 816,97 manat, faiz borcu üzrə 175,88 manat, cərimə faizləri üzrə 87,09 manat olmaqla, ümumilikdə 1079,94 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 29.08.2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan 04.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “xxxx” KB ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 11.10.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bir müddət ödənişlər həyata keçirsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə onun bank qarşısında 816,97 manat əsas, 175,88 manat faiz, 87,09 manat cərimə olmaqla, cəmi 1079,94 manat borcu yaranmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni mübahisələndirərkən işin o hallarına istinad etmişdir ki, onun tərəfindən müqavilə üzrə etmiş olduğu ödənişlərin hamısı nəzərə alınmamış, həmçinin borc məbləği düzgün hesablanmamışdır. Qeyd edilən halların araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspetizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 09/630 saylı ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatlarından və “xxxx” KB ASC ilə Cavabdeh arasında 11.10.2014-cü il tarixli 7775tkAHM/14 saylı Kredit Xətti və X5 qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə müddətinə, yəni 11.10.2019-cu il tarixinə banka əsas borc üzrə 1222,17 manat və faiz borcu üzrə 193,69 manat olan borcunun olduğu müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsi məhkəməyə yeni maliyyə arayışı təqdim edərək, Cavabdeh hazırkı kredit müqaviləsi üzrə 11.10.2019cu il tarixə olan əsas borcunun 816,97 manat, faiz borcunun 139,43 manat və hesablanmış cərimənin 52 manat olmasını bildirmişdir. Qeyd edilən ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, rəyin nəticə hissəsində ekspert tərəfindən əsas borcun 1222,17 manat olması göstərilsə də, rəyin məzmununda aparılmış heslamalarla müəyyən edilir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 1972,60 manat istifadə edilmiş, onun tərəfindən banka edilmiş ödənişlərdən isə 1211,85 manat əsas borca silinmişdir. Belə olan halda, riyazi hesablama üsulu ilə (1972,60-1211,85) cavabdehin əsas borcunun 760,75 manat olması müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış 11.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 760,75 manat, faiz borcu 139,43 manat, cərimə borcu isə 52 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləği əsas borcun tutulması hissəsində azaldılaraq 760,65 manat, faiz borcunun tutulması hissəsində isə 139,43 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş 2000 manat məbləğindən aşağı olduğundan, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(009)-399/2020 nömrəli qətnaməsi əsas və faiz borclarının tutulması hissəsində dəyişdirilsin. İddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 11.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği azaldılaraq 760,65 manat, faiz borcunun məbləıği isə 139,43 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına iddiaçı knaḃ ınU" Kommersı̇ ya Banki" Açiq Səhmdar Cəmı̇ yyətindən 15,00 manat, Cavabdeh 85,00 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34C TRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar