Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1455/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdehxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehxan oğlundan cinayət əməli nəticəsində ona vurduğu maddi zərərə görə 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 100.000 (yüz min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehxan oğlundan cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 5.000 (beş min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehxan oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində əsaslandırır ki, məhkəmə qətnaməsində Bakı Hərbi Məhkəməsinin 1(093)-10/17 saylı 30.10.2017-ci il tarixli hökmünə, Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-27/18 sayl 29.05.2018-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad edilmişdir. İddiaçı 1.050.000 ABŞ dollarını ondan tələb etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir yalnız Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci tarixli hökmünə istinad etməklə kifayətlənir. Ona qarşı CM-nin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2(təkrar törədilməklə rüşvət alma), 311.3.3 (külli miqdarda törədilməklə rüşvət alma) və 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri, həmçinin CM-nin 182.3.1 (hədə qorxu ilə tələb etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 182.3.2 (hədə qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədiilə törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarını tədqiq edən zaman ibtidai istintaqın təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları eyni məzmunlu (xarakterli) epizodlar əsasında irəli sürməsinə baxmayaraq hansısa səbəbdən həmin əməllərinin bir hissəsinin CM-nin 182-ci (Hədəqorxu ilə tələb etmə), digər hissəsinin isə CM-nin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə tövsif olunması ümumiyyətlə başa düşülən deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci; Cinayət Prosessual Məcəlləsinin 180.3-cü; Mülki Prosessual Məcəlləsinin 4.1, 42, 82.4, 88-ci; Mülki Məcəlləsinin 21, 23.1, 23.2, 1096, 1097.1-ci maddələrinə; “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a istinad edərək qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, İddiaçı və başqalarına qarşı törətdiyi cinayət əməllərinə görə X3 barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı zamanı iddiaçı iş üzrə zərəçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-27/18 nömrəli 29 may 2020-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.2. 228.4, 302.2, 311.3.1, 311.3.2, 31 1.3.3, 311.3.4, 313, 341.2.1. 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ilə bağlı Bakı Hərbi Məhkəməsinin 1 (093)-10/17 nömrəli 30 oktyabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. X3 barəsində başlanmış yuxarıda qeyd edilən cinayət işinin istintaqı zamanı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. A. Covdarovun cinayət əməli nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. İddiaçının “...mənəvi ziyana görə 100.000 manatın cavabdehdən tutulması ...” tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi nəzərdə tutulsa da, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddia tələbinin maddi zərərlə bağlı faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi tələbin maddi zərər hissəsini tam təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017- ci il tarixli, 1(093)-10/2017 saylı hökmündə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22.12.2021-ci il tarixli 1-1(102)-1/2021 nömrəli qərarında müəyyən edilir ki,... 2007-2015-ci illərdə Bakı şəhərində, mütəşəkkil dəstə üzvləri Cavabdehxan oğlu və digərləri ilə birlikdə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə, yəni hündürmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan «MTK Real» mənzil tikinti kooperativinin təsisçisi İddiaçı, onunla şəriklik münasibətlərində olan X7 və Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan X1 miqdarda pul vəsaitlərini ələ keçirmək üçün sui-istifadə edərək planlı fəaliyyət göstərib, 2007-ci ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin 1-ci idarəsinin 4-cü şöbəsinin rəisi vəzifəsində işləyərkən rəsmi araşdırma materialı və ərizədən kənar kooperativin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllədə inşa etdiyi yaşayış binasından şərti alıcı tərəfindən ABŞ dolları əskinasları ilə mənzil satın alınmasına dair qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, dəstə üzvü Cavabdeh göstərişi əsasında saat 17 radələrində xarici valyuta ilə mənzil satışını bəhanə edib kooperativin icraçı direktoru X8 və satış üzrə meneceri X10 Milli Təhlükəsizlik Nazirliyinə gətizdirib, saat 22 radələrinə kimi, 5 saat ərzində ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdıraraq xidməti otaqlarda saxladıb hər iki şəxsi qanunsuz azadlıqdan məhrum etmiş, onların sərbəst buraxılmaları üçün MTK-nın rəhbəri İddiaçı nazirliyin inzibati binasına çağırıb dəstə üzvü Cavabdeh tərəfindən xidməti otaqda şəxsən qəbul edərək barələrində cinayət işi başlanacağı, həbs ediləcəkləri, qaqdaşının bədəninə elektrik cərəyanı verməklə işgəncəyə məruz qoyacaqları ilə hədələyib 500.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini tələb edib 250.000 ABŞ dollarına razılaşmış, İddiaçı rəhbərlik etdiyi mənzil- tikinti kooperativinin maliyyə vəsaitlərinin məxaricinin qeydiyyat kitabına qardaşı İslam Qasımov tərəfindən qeyd olunmaqla kooperativin ümumi qazancından götürdüyü müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 212.675 manata bərabər 250.000 ABŞ dolları əskinaslarını Cavabdeh vasitəsilə xidməti otaqda şəxsən qəbul edərək hədə-qorxu İlə ələ keçirmiş, daha sonra əməllərini davam etdirərək 2009-cu ilin yanvar ayının 12-də, saat 15 radələrində yenə həmin vəzifədə işləyərkən İddiaçı külli miqdarda maliyyə vəsaitini ələ keçirmək məqsədilə rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, ərizə, siqnal işi mövcud olmadığı halda vəzfiə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq sui-istifadə edib dəstə üzvü Cavabdeh göstərişləri əsasında nazirliyin qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrindən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadığı halda, qanunsuz istifadə etməklə İddiaçı sahibi olduğu “MTK-Real” mənzil-tikinti kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllədə inşa etdiyi hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisinə hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan kooperativin maliyyə sənədlərini götürməklə İddiaçı Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirib saat 21 radələrinədək, 6 saat ərzində ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdıraraq xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmiş, Cavabdeh xidməti iş otağında İddiaçıla şəxsən görüşüb guya sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 150.000 ABŞ dolları məbləğində pul vəsaitini alıb qaytarmamasını deyərək, onu dələduzluqda ittiham edib barəsində cinayət işi başlayacağı, kooperativin maliyyə fəaliyyətini yoxlatdıracağı, həbs edəcəyi ilə hədələyərək 250.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini tələb etməsi və onun tutduğu vəzifəsinə və malik olduğu səlahiyyətlərə görə hədəni real qəbul edən İddiaçı qeyd olunan məbləğdə pul vəsaitini verməyə razılaşaraq həmin gün saat 22 radələrində təsisçisi olduğu mənzil-tikinti kooperativinin ofisinə gəlib maliyyə vəsaitlərinin məxaricinin qeydiyyatı kitabına qardaşı İslam Qasımov tərəfindən qeydiyyat aparıldıqdan sonra, kooperativin xəzinəsindən müvafiq dövrün rəsmi məzənnəsi ilə 200.650 manata bərabər 250.000 ABŞ dolları əskinaslarında pul vəsaitini götürüb, ertəsi gün 2009-cu ilin yanvar ayının 13-də mühafizəçisi X15 və sürücüsü X21 oglu ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gəlib dəstə üzvü Cavabdeh verməsi ilə həmin məbləğdə pul vəsaitlərini təkrarən hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş bundan başqa, Səlim Məmmədov 2012-ci ilin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin Energetika və X2 Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifəsində işləyərkən dəstə üzvü Cavabdehla birlikdə İddiaçı təsisçisi olduğu neft avadanlıqlarının təmiri və satışı ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Böyük Britaniya və X9 Krallığının “X11” şirkəti arasında iki dəst “5000-DQU” qazma qurğusunun satışına dair müqavilə şərtlərinin "xxxx" MMC tərəfindən yerinə yetirilməməsi nəticəsində 1.390.000 ABŞ dolları məbləğində ziyana məruz qalması barədə “X11” şirkətinin direktoru X5 digər dövlət orqanları ilə yanaşı Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanmış şikayət ərizəsini bəhanə edərək İddiaçı bir daha külli miqdarda pul almaq məqsədilə, sonuncunu nazirliyə çağırıb, qeyd olunan mübahisənin mülki xarakterli olmasını və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılaraq 18.02.2011 -ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edildiyini bildiyi halda, vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib İddiaçı barəsində cinayət işi başlayacağı, fəaliyyətini yoxlatdıracağı, həbs etdirəcəyi ilə hədələyərək xidməti vəzfiəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə dəstə üzvü Cavabdeh İddiaçı 200.000 ABŞ dolları məbləğində pul vəsaiti istəməsi, sonuncunun səhərisi gün "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xəzinəsindən götürüb mühafizəçisi X15 və sürücüsü X12 ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gətirib xidməti otağında şəxsən Cavabdeh verməsi ilə müvafiq dövrün rəsmi məzənnəsinə əşəsən 157.240 manata bərabər 200000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul əskinaslarını mütəşəkkil dəstə tərkibində rüşvət almışdır. Demək, hökmlə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan hədə qorxu ilə tələb etməklə yalınz 2 dəfə, ayrı-ayrı vaxtlarda, hər dəfə 250 000(iki yüz əlli min) ABŞ dolları, yəni məhz ABŞ dolları əskinazları ilə almasına və 1 dəfə isə 200 000(iki yüz min) ABŞ dolları rüşvət aldığına görə də təqsirli bilinərək məhkum edilmişdir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya qarşı hədə-qorxu ilə tələb etmə cinayəti törədilməklə sonuncudan cəmi 500000(beş yüz min) ABŞ dolları, rüşvət alma cinayətini törədilməklə isə 200000(iki yüz min) ABŞ dolları almışdır. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini əsas götürsə də konkret hansı hadisənin olmasını yaxud olmamasını və cavabdehin həmin, özü də konkret hansı hadisəyə aidiyyətini dəqiqləşdirməli idi. Şübhəsiz ki, hökmlə Cavabdeh iddiaçıya qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməsində iştirakı bir cinayət hadisəsi kimi və onun həmin hadisəyə aidiyyəti hissəsində təsdiq olunduğundan mülki işə baxan məhkəmə üçün bu hissədə məcburidir. Düzdür, Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki... cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Məhkəmə tərkibi də cavabdehin hədə-qorxu ilə tələb etmə cinayətində təqsirli olması məsələsinə qətiyyən qiymət fikrində deyildir, çünki o, artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinib məhkum olunmuşdur. Lakin cavabdeh zərərçəkən iddiaçıya qarşı yalınz 500000(beş yüz min) ABŞ dolları həcmində hədə-qorxu ilə tələb etmə cinayətini törətmiş, bu hadisənin, yəni hədəqorxu ilə tələb etmə cinayəti hadisəsinin baş verməsində bilavasitə iştirakı və onun bu hadisəyə aidiyyəti hökmlə müəyyən olunmuşdur. Buna görə də tələb edilən 1 050 000(bir milyon əlli min) ABŞ dolları maddi ziyan əvəzi olaraq iddiaçının xeyrinə alına bilməzdi. Ən azından ona görə ki, hökmlə yaxud hər hansı bir sübutla cavabdehin iddiaçıya məhz həmin məbləğdə maddi ziyan vurması təsdiq olunmur. O ki qaldı iddiaçının cavabdehə verdiyi 200000(iki yüz min) ABŞ dolları rüşvətin əvəzi, bu cavabdehdən tələb edilə bilməzdi. Çünki, iddiaçı həmin məbləği rüşvət verməklə zərər çəkməmiş, özü cinayət törətmişdir. Ancaq cinayət qanununun müddəlarına görə rüşvət vermə cinayəti üzrə məsuliyyətdən azad olunması o demək deyil ki, o, rüşvətin predmeti olmuş pul vəsaitini də maddi zərərin əvəzi kimi tələb edə və həmin məbləğ də ona qaytarıla bilər. Ancaq birinci instansiya məhkəməsi nə qeyd olunan halları, nədəki cavabdehin iddiaçıya 500000(beş yüz min) ABŞ dollarından artıq miqdarda maddi ziyan vurduğuna dair hər hansı bir sübutun olmadığını nəzərə almadan maddi zərər hissəsində iddianı tam təmin etmişdir. Bu cür məhkəmə aktı cavabdehi törətdiyi hüquq pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilməsi də nəzərə alınmaqla qat-qat artıq həcmdə mülki hüquqi məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər ki, bu da cavabdehin məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnə bilər. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdehxan oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilməli və onun cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə alınmalı olan məbləğ azaldılaraq 500.000 (beş yüz min) ABŞ dolları müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehxan oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilsin və cinayət əməli nəticəsində vurulan maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan məbləğ azaldılaraq 500.000 (beş yüz min) ABŞ dolları(ödənildiyi vaxt manata olan məzənnə nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1455/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1455/2022
14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver