Məhkəmə qərarları › İş №2(103)-1456/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1456/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1456/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsi hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2053/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı

1. 14 sentyabr 2004-cü il tarixdə verilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir.

2. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, YSoltanova, M.Məmmədova və S.Rüstəmov öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı ünvan 1 ünvanında ailəsi (valideynləri, bacısı və qardaşları) ilə birgə 1990-ci ildən yaşayıb. Həmin vaxtdan hal-hazıra kimi o ünvanda onların yaşadığının şahidi olmuşlar.

3. 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 28 sentyabr 2022-ci il tarixli, 1309№-li arayışdan görünür ki, İddiaçı Rasim Səfərov küçəsi, 153 saylı evdə Cavabdeh ilə birlikdə qeydiyyatsız yaşayır.

4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, 2-ci Nərimanov döngəsi, ev 3 qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Rasim Səfərov küçəsi, ev 153 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sonradan ünvan 1 ünvanında ailəsi (valideynləri, bacısı və qardaşları) ilə birgə xx.xx.1989-cu ildən yaşamışlar. X1 oğlu ünvan 2 ünvanında yaşayan X6 (erməni əsilli) həmin evi notariusda təsdiq edilən rəsmi ərizə ilə alıb (59 saylı Nəsimi rayon MKİS-in rəisinə ünvanlanmış, 2K-2-767 saylı reqistrasiya nömrəsi, xx.xx.1989-cu il tarixli, 14 saylı Notariat kontorunun təsdiqli ərizəsi) evlərin qeydiyyatı həmin vaxtda çətinlik törətdiyi üçün həmin ərizə qeydiyyat sənədi əvəzi kimi verilib. Həmin vaxtdan hal-hazıra kimi də həmin ünvanda yaşayırlar. xx.xx.2004-cü ildə Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü X2 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra az bir müddət həyat yoldaşının qeydiyyatda olduğu ünvanda-ünvan 5 yaşamışdır. Rəsmi nikahları pozulmasa da, uzun illərdir ki, həyat yoldaşı ilə ayrılmışlar. Onun yuxarıda qeyd etdiyi ünvanda yaşamağı uzun illər əvvəl orada yaşayan qonşuları da şahid kimi təsdiq edə bilər. Onların iştirakı ilə akt da tərtib olunub və həmin akt Nəsimi rayonu MKTB-nin 59 saylı Miks tərəfindən təsdiq olunub və onun əsasında 1309 saylı, xx.xx.2022-ci il tarixli orada qeydiyyatsız yaşamağı barədə arayış verilib. Bütün bunlara görə yuxarıda adı çəkilən ünvana-ünvan 6masını əsaslı hesab edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2053/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)

8. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. Tərəflər mübahisəli evə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilmədilər. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, hüquq normalarına əsasən onlara qiymət verib belə hesab etmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması tələbi əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 139cu, 178-ci, 180-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. d) Tətbiq edilən hüquq 15.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın tələb edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, istiifadə hüququnun tanınması tələb edilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd olmamaqla özbaşına tikilidir. Tərəflər də bunu təkzib edəcək hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda isə mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması təmin edilə bilməz.

22. Eyni zamanda əlavə olaraq kollegiya qeyd edir ki, iddaçı özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etsə də, həmin tikiliyə dair hazırki iddia tələbi ilə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik şəxs kimi də qəbul edilə bilməz. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməklə hazırki halda özbaşına tikiliyə münasibətdə hər hansı subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.

23. Beləliklə, mübahisəli ev hüquqi status etibarilə özbaşına tikilidir və qətnamə çıxarılarkən də belə olmuşdur. İddiaçının qeyd etdiyi kimi atasının vaxtı ilə başqa hər hansı şəxsdən əldə etməsi özbaşına tikili olan evin özbaşına tikili olması ilə bağlı faktı dəyişdirmir. Eyni zamanda cavabdehin iddiaçının anası olmaqla hazırki iddia tələbini etiraf etməsi həmin etirafın qəbul edilməklə iddianın təmini üçün əsas hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan qanunvericiliyə əsasən müvafiq olaraq həmin evə münasibətdə yaşayış sahəsindən istifadə hüququ tanına bilməz.

24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2053/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar