Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1457/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh, Tərcüməçi X1 qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus: buraxılışı 2003-cü il “Volkswagen Passat” markalı, 90- KH-883 dövlət qeydyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1500 manat məbləğində vəsaitin və ödənilmiş 35 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində idarə etdiyi “X6” markalı, **- NA-*** dövlət qeydyyat nişanlı avtomobili ilə ona məxsus “Volkswagen Passat” markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə avtomobilinə xeyli ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1.-ci maddələri ilə təqsirli bilinərək, 40 manat inzibati cərimə olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün cavabadeh avtomobilini yaxşı təmir etdirməmiş, avtomobili pis vəziyyətə salmışdır. Hadisə zamanı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün əlavə olaraq 1500 manat xərc tələb olunur. Bu barədə "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli qüsur aktı var. Cavabdeh isə həmin xərci vermək istəmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın qismən təmin edilməsi, maddi zərərə görə 1100 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manatın 25,7 manatı Cavabdehdan alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 13,3 manatının iddiaçıdan, 36,7 manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – iddiaçının iddia tələbinin əsasının olmaması, qüsur aktının əsaslı olmaması, qüsur aktında olan qiymətlərin həddindən artıq şişirilməsi, avtomobilin ziyan dəyən yerlərinin tam təmir edilərək əvvəlki vəziyyətə gətirilməsi, ekspert rəyinin qüsur aktına əsaslanması, avtomobilə baxış keçirilmədiyini və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qəzadan sonra avtomobili iddiaçı ilə birlikdə ustaya aparmış, orada 1600 manatadək xərci çıxmış, avtomobil təmir olunmuşdur. Lakin iddiaçı ona zəng edərək, avtomobilin yaxşı təmir olunmamasını bildirmişdir. O avtomobilə baxmış, həqiətən bəzi qüsurlar (rəng işi və s.) olmuşdur. Lakin, hesab edir ki, iddiaçının təqdim etdiyi qüsur aktında məbləğlər şişirdilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh qəzadan sonra avtomobilin təmiri üçün onu ustaya vermiş, lakin ustalar avtomobili çox pis təmir etmişlər. Cavabdeh özü də qüsurları görmüşdür. Belə ki, təmirdən sonra avtomobilin qapıları bağlanmamış, boya işləri pis həyata keçirilmiş, detalların rəngi fərqlənmişdir və s. O, avtomobildəki qüsurların aradan qaldırılması üçün servisə müraciət etmiş, orada 1500 manat pul hesablamışlar. Orada avtomobil ümumiyyətlə yenidən təmir edilməli oluduğunu bildirmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilin sahibi İddiaçıdır. İşdə olan xx.xx.20222-ci il tarixli, TP5415135 inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 09:55-da “X6” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXMnin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və bunun nəticəsində 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, işdə olan sübutlara və tərəflərin bildirdiklərinə əsasən cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 09:55-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçının idarə etdiyi **-KH-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı avtomobillə toqquşmuşdur. Nəticədə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə) 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, işdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 06/2023 Qüsur aktının surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilə cəmi 1500 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5404 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Volkswagen Passat” markalı, **-KH-*** qeydiyyat nömrəli avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1100 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “X6” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Volkswagen Passat” markalı, **-KH-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyini də nəzərə alaraq, iddianı qismən, yəni 1100 manat həddində təmin etmişdir. Beləliklə, işdə olan sübutlarla cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin 1100 manat təşkil etməsi müəyyən olunur. Bu hal həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində də görünür. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin daha az olması və s.) təqdim etməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin əvvəllər iddiaçıya məxsus avtomobilin təmiri üçün pul ödəməsi faktı da vəziyyəti dəyişdirmir. Çünki, cavabdehin özü də etiraf edir ki, iddiaçının avtomobili lazımi qaydada təmir olunmamış, onda qüsurlar yaranmışdır. Belə olan halda, iddiaçı ona dəymiş zərərin tam qarşılanması üçün cavabdehə qarşı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, cavbadeh apellyasiya şikayətində iddiaçının təqdim etdiyi qüsur aktının əsassız olmasını, qiymətlərin şişirdlilməsi göstərsə də, işdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməklə, zərər məbləğini dəqiqləşdirmişdir. Cavabdeh isə ekspertiza rəyi ilə razılaşmamasının əsaslarını göstərə bilməmiş, dəlillərini ümumi formada ifadə etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh zərərvuran şəxs kimi iddiaçı olan fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməlidir. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (1100 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1457/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1457/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver