Məhkəmə qərarları › İş №2(103)-1458/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1458/2021

11.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1458/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Cavabdeh1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri X7 və X10 cəlb edilməklə) “zəbt olunmuş torpaq sahəsindən çıxarılması və inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların zəbt olunmuş torpaq sahəsindən çıxarılması və inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2007-ci il tarixdə Bakı şəhəri X7 tərəfindən 1967/1 saylı sərəncama əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində istifadəsində olan 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi Yevlax rayonunun Qoyunbinəsi kəndində daimi yaşayan və qeydiyyatda olan xx.xx.1973-cü ildə Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuş Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilərək, həmin ərazidə 5x4 m ölçüdə daş kubiklərdən tikinti inşa etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Binəqədi rayon X2 ayrılmış torpaq sahəsindən Cavabdeh1 çıxarılmasında köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmiş, lakin ona pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə aidiyyatı üzrə müvafiq orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1375/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X7nin xx xxxxxxx 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 113 (yüz on üç) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin üzləşdiyi problemlərin səbəbi Elton Salimov ilə bələdiyyənin əlbir olaraq saxta sənədlərlə ona məxsus torpaq sahəsini ələ keçirməsidir. İddiaçı heç vaxt torpaq sahəsinə gəlməmiş və “bura mənimdir” deyə, etirazını bildirməmişdir. O, həmin torpaq sahəsində tikililər tikmişdir. Hesab edir ki, zəhməti ilə əldə etdiyi, əkib-becərdiyi torpaq sahəsindən çıxarmaq əvəzinə, məhkəmə iddiaçı tərəfindən əldə edilmiş sənədlərin hüquqi vəziyyətini araşdırmalıdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Bakı şəhəri X7nin nümayəndəsi X8 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Binəqədi rayonu X7 tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş xx xxxxxx 2006-cı il tarixli 1964 saylı Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. Həmin sərəncama əlavə edilmiş oktyabr 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, X10 torpağın dəyəri olan 320 manat pulu bələdiyyəyə ödəmişdir. İş materiallarında olan Binəqədi rayonu X7 tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş xx xxxxxxx 2007-ci il tarixli 1967/1 saylı Sərəncamın təsdiq edilmiş surətindən göürünr ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Həmin sərəncama əlavə edilmiş oktyabr 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın dəyəri olan 1000 manat pulu bələdiyyəyə ödəmişdir. Binəqədi rayonu X7 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X7nin xx xxxxxx 2006-cı il tarixli 1964 saylı 400 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncamının əsli bələdiyyə arxivində qorunub saxlanmır. Belə ki, sözügedən sənədlərin əsli vətəndaşların özlərinə təqdim olunur, sürətləri isə bələdiyyə arxivində qorunur. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Binəqədi rayonu X7 tərəfindən torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı ayrılması haqqında xx xxxxxxx 2007-ci il tarixli 1967/1 saylı Sərəncamda və həmin vətəndaşa ayrılmış torpaq sahəsinin eskizində əvvəlcə imza icra olunmuş, sonradan üzərindən möhür vurulmuşdur. Həmin sərəncamın və torpaq sahəsinin eskizinin hazırlanması tarixinin, həmin sənədlərdə olan əlyazmaların, imzaların və möhür əkslərinin icra müddətinin müəyyən edilməsi mümkün olmamışdır. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilən sorğunun cavablandırılmasına dair 09/3-19 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X7nin 1964 nömrəli xx.xx.2006-cı il tarixli və 1967/1 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamları X5 aşkar edilməmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon X7nin ərazisində yerləşən 400 kv.m torpaq sahəsi xx xxxxxx 2006-cı ildə 1964 saylı X1 adlı şəxsin mülkiyyətinə verilmişdir. Eyni torpaq sahəsi həmin Bələdiyyənin xx xxxxxxx 2007-ci il tarixli 1967/1 saylı Sərəncamı ilə İddiaçı satılmışdır. Həmin torpaq sahəsi X10 tərəfindən qeyri-rəsmi olaraq başqa şəxsə verilmiş və həmin şəxs də öz növbəsində torpaq sahəsini yenə qeyri-rəsmi olaraq hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. Cavabdehlər bildirirlər ki, həmin torpaq sahəsini onun üzərində inşa edilmiş bir mərtəbəli tikili ilə birlikdə qeyri-rəsmi əldə etmişlər. Tərəflər və üçüncü şəxs olan X7nin nümayəndəsi hər iki sərəncamın eyni torpaq sahəsinə dair verilməsini mübahisələndirməmişlər. Beləliklə, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk olaraq 2006-cı ildə X9 verilmiş, bundan bir il sonra isə eyni torpaq sahəsinin İddiaçı satılmasına dair sərəncam verilmişdir. X9 torpaq sahəsinin ayrılmasına dair verilmiş həmin Sərəncam mübahisələndirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, torpaq sahəsinin boşaldılmasına dair tələbin qanuni və əsaslı olması üçün ilk növbədə həmin torpaq sahəsi iddiaçının mülkiyətində olmalı və ya başqa qanuni əsasla onun sahibliyində və istifadəsində olmalı, həmçinin torpaq sahəsi cavabdeh tərəfindən özbaşına tutulmalıdır. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtləri baxımından hazırkı işin hallarını qiymətləndirdikdə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilməmiş, həmin torpaq sahəsinin qanuni əsalarla sahibi olmuş şəxsin iradəsinə uyğun olaraq həmin sahədə məskunlaşmışlar. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, 2006-cı ildə qanuni əsaslarla üçüncü şəxsin adına özgəninkiləşdirilmiş torpaq sahəsinin 1 il sonra Bələdiyyə tərəfindən İddiaçı satılmasına dair Sərəncamın verilməsi qanuni hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X7 tərəfindən verilmiş Sərəncam əsasında onun həmin torpaq sahəsi üzərində hər hansı hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa, M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən istifadəsi ilə iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 113 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar