Məhkəmə qərarları › İş №2(103)-14582/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14582/2019

12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14582/2019 12.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixdə cavabdehlə arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin, MMC-nin icarəyə götürmüş olduğu **-JL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Fuso” markalı yük avtomobilinin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürdüyünü, cavabdehin sükan arxasında yuxulaması nəticəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 29 875 manat ziyan dəydiyini, dəfələrlə müraciət olunmasına baxmayaraq vurduğu ziyanı ödəməkdən boyun qaçırdığını irəli sürmüş, buna görə də cavabdehdən maddi zərəri əvəzi olaraq 29 875 manatın, habelə 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbi qismən təmin olunmuş, maddi zərərin əvəzi qismində 20 559 manatın, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manatın Cavabdeh tutularaq “http://a.n.az/xxxxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza keçirilməsinə xərclənmiş 150 manatın 50 manatının “http://a.n.az/xxxxxx” MMC-dən, 100 manatının isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, işə iştirakı olmadan baxdığı, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (apellyator) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmişdir və bu o deməkdir ki, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, “http://a.n.az/xxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanaraq Cavabdeh aylıq əmək haqqı 220 manat olmaqla sürücü vəzifəsinə işə qəbul edilmiş, eyni tarixdə o, tam maddi məsuliyyət daşıması barədə də müqavilə imzalamış və şirkətin maddi dəyərlərinin qorunmasını öz üzərinə götürmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Mitsubishi Fuso” yük markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “http://a.n.az/xxxxxx” MMC-yə icarəyə verilmiş, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunmaqla 40 manat cərimə olunmuş, “xxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli qüsur aktına əsasən, “Mitsubishi Fuso” yük markalı avtomobilə 29875 manat ziyan dəymişdir. İddiaçı məhz müəyyən olunan həmin hallara istinadən müvafiq iddia tələbini irəli sürmüşdür və kollegiyanın qənaətinə görə, iddia tələbi üzrə istinad olunan faktiki hallar, həmin tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”, habelə əmək qanunvericiliyinin “işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əmək Məcəlləsinin 191-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığım təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hiiquqmiiəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə,onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya, məhkəmə iclasında iştirakının təmin olunmaması barədə apellyatorun arqumentini də əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin ünvanına bildirişlər göndərildiyi aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4776/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar