Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1459/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli AKX- 03508xx/xx-2021 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar qeyriqanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Ünvanda PQ-4, QSSQ, Dəmir soba və İran sobası işlədilir. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 24192m3 həcmində dəymiş ziyan hesablanmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, aktda abonentin sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyinə istinad olunmuşdur. xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 6480m3 həcmində dəymiş ziyan hesablanmışdır. Cavabdehin abonent hesabına akt əsasında 2023-cü ilin sentyabr ayında 2903,04 manat, 2024-cü ilin yanvar ayında 777,60 manat zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 3655,14 manat məbləğində zərərin və 56,56 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3711,70 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləridən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, aktlar tərtib edilmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3782/24 saylı iş üzrə 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan cavabdehin qazın talanmasında təqsirli olması barədə inzibati xətanın törədilməsi faktı müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur və bu ziyanın əvəzi ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu:
Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» Bənd 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
18. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc hesablanarkən 2 akt əsas götürülmüşdür. Aktlarda cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etdiyi qeyd olunmuşdur.
19. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, istinad olunan aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə yeni məzmunda 8-1-ci hissə əlavə edildikdən sonra tərtib olunmuşdur və həmin maddənin təsiri altına düşür. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı məhz cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, tələbini öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Göründüyü kimi, Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli ünvanda qaz sayğacı fərdi yaşayış evinin daxilində, yaxud həyətyanı torpaq sahəsində deyil, küçədə divara bərkidilməklə quraşdırılmışdır və iddiaçının mütəmadi olaraq həmin sayğacın normal işləyib-işləmədiyinə nəzarət etmək, lazım gəldikdə qanunla müəyyən olunmuş tədbirləri görmək imkanı olmuşdur. Lakin iddiaçı bununla bağlı qanunda nəzərdə tutulmuş hər hansı tədbir görməmişdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
25. Baxılan iş üzrə cavabdeh fiziki şəxsdir. İddiaçı məhz cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, tələbini öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
26. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.