Məhkəmə qərarları › İş №2(103)-1460/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1460/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1460/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2018-ci il tarixli SUMG1-17070-9181 saylı kredit müqaviləsinin (bu müqavilənin tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli SUMG1-17070-9181/1 və xx.xx.2018-ci il tarixli SUMG1-17070- 9181/2 saylı razılaşmalar daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qəəz və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 25.437,93 manat əsas borcun, 9314 manat cari faiz borcunun və 48.034 manat dəbbə borcunun, cəmi 82.606,32 manat kredit borcunun , bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 22 manat xidmət haqqı, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Cavabdeh1a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 71 ünvanında yerləşən 322,3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binasının (60 saylı mağaza) hərrac keçirildikdən sonra boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 25.437,83 manat əsas borc, 9314 manat cari faiz borcu və 1000 manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat daxil olmaqla, cəmi 35.782,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 71 ünvanında yerləşən 322,3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binasına (60 saylı mağaza) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin qiymətinin 170.000 manat müəyyən olunaraq açıq sərracda satılması və satışdan əldə olunan vəsaitin iddiaçıya ödənilməsi, həmin sahənin tutma yönəldildikdə və satıldıqda ən geci bir ay ərzində boşaldılmağı qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. Cavabdehlərin xx xxxxxx 2021-ci il tarixinə iddiaçıya olan borcu xx xxxx 2018-ci il tarixli SUMG1-17070-9181 saylı kredit müqaviləsi üzrə 40 000 (qırx min) manat məbləğində müəyyən edirlər, cavabdehlər həmin məbləği xx xxxx 2021-ci il tarixdən başlamaqla 36 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 500 (beş yüz) manat olmaqla xx xxxx 2024-cü il tarixinədək birgə qaydada iddiaçıya qaytarmağı öhdələrinə götürürlər.

2. Cavabdehlər kredit müqaviləsi üzrə 40 000 (qırx min) manat pulu tam qaytardıqdan sonra Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 71 ünvanında yerləşən 322,3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binası (60 saylı mağaza) ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

3. Cavabdehlər iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 22 (iyirmi) manat xidmət haqqını xx xxxxxx 2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdələrinə götürürlər.

Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 qəəz və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.

1. Cavabdehlərin xx xxxxxx 2021-ci il tarixinə iddiaçıya olan borcu xx xxxx 2018-ci il tarixli SUMG1-17070-9181 saylı kredit müqaviləsi üzrə 40 000 (qırx min) manat məbləğində müəyyən edirlər, cavabdehlər həmin məbləği xx xxxx 2021-ci il tarixdən başlamaqla 36 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 500 (beş yüz) manat olmaqla xx xxxx 2024-cü il tarixinədək birgə qaydada iddiaçıya qaytarmağı öhdələrinə götürürlər.

2. Cavabdehlər kredit müqaviləsi üzrə 40 000 (qırx min) manat pulu tam qaytardıqdan sonra Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 71 ünvanında yerləşən 322,3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış binası (60 saylı mağaza) ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

3. Cavabdehlər iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 22 (iyirmi) manat xidmət haqqını xx xxxxxx 2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdələrinə götürürlər.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar