Məhkəmə qərarları › İş №2(103)-1460/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1460/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1460/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov X3 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə verilmiş borcun geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4711/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 02 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən verilmiş 50000 manat məbləğində pulun və MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği xx.xx.2021-ci il tarixdən qətnamə çıxan günədək illik 5% faiz hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4711/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5,149.2.4, 150.1.6, 259.0.1, 260; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsis qaydada alınır. İddiaçı isə həmin tələbə riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ərizə baxılmamış saxlanılırsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(006)-4711/2023 saylı qərardadın ləğv edilməsini və ya əks təqdirdə işin Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267.1, 267.2, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 02 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borc alan krediti xx.xx.2021-ci il tarixinədək “Borc verənə” qaytaracağı öhdəsinə götürür. Lakin, borc alan öz öhdəliyini yerinə yetirmir və hazırda müqavilənin müddəti bitmiş olur. Müqavilənin müddəti bitmiş halda olduqda, tərəfə bildiriş göndərilməsinə ehtiyac olmur. Bundan başqa, məhkəmə qərardadında qeyd etmişdir ki, guya pretenziya qaydasına riayət edilməmiş, lakin iş materiallarında cavabdeh tərəfə pretenziya məktubu göndərilməsi mövcuddur və həmin pretenziya məktubunu cavabdehin ailə üzvü almaqla imza etmiş, bundan sonra cavabdeh tərəf ona dəfələrlə zəng vurub borcun ödənilməsini bildirsə də, lakin buna əməl etməyərək qərəzli olaraq yayınmışdır. Qaldı ki, müqavilədə olan 7-ci maddəsində qeyd edilən kimi, ilk öncə icra qeydinin alınması üçün notariusa müraciət edilməsinə, buna ehtiyac yoxdur, çünki bu onun hüququdur notariat kontoruna müraciət etmədən birbaşa məhkəməyə iddia tələbi irəli sürə bilər. Sözügüdən kredit müqaviləsinin 9-cu maddəsində göstərilir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Onun ona pretenziya göndərdiyi və 10 gün müddət verdiyi bir daha onu sübut edir ki, onlar aralarında razılaşmamışdırlar və o da bir başa məhkəməyə müraciət etmişdir. Ona görə də, hesab edir ki, 04 dekabr 2023-cü il tarixli qərardad tam əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası, işin hallarını, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Kredit müqaviləsi üzrə müddətlərin keçməsi iddiaçının cavabdehə xəbərdar edilməsini istisna edən hal olsa da iş materiallarından müəyyən edilir ki, pretenziya qaydalarına riayət edilmiş və cavabdehin xəbərdar olunması üçün müvafiq məktublar göndərilmişdir. Göründüyü kimi, müəyyən edilmiş mülki prosessual faktiki hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-ci maddəsində müəyyən edilmiş dispozitiv şərtlərə uyğun gəlmir. Beləliklə, tərəflər arasında pretenziya qaydasına riayət edilmiş, tələbin tərkib hissəsində isə əlavə faiz təsbit edildiyindən onun tam olaraq mübahisəsiz olması özü mübahisəli olduğundan notariat tərəfindən icra qeydinin verilməsi vəzifələrinə aid deyildir. Belə ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununa (maddə 76) əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4711/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. Sonrakı prosessual hərəkətin edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar