Məhkəmə qərarları › İş №2(103)-1461/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1461/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1461/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 862 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş №2(008)-4111/20) iddia tələbi təmin edilərək Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********83308 Samsung Galaxy A50 markalı telefon üçün 784 manat ödənilməmiş hissə, 78 manat cərimə olmaqla, cəmi 862 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir . Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İMEİ kodu **********83308 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 862 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 manat (16 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan telefon üçün ümumilikdə 862 manat olmaqla, ondan 784 manat ödənilməmiş hissə, 147 manat cərimə hesablanmış, lakin müştəriyə güzəşt olunaraq 78 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. İddiaçı qeyd olunanlar nəzərə alınmaqla cavabdehdən xx.xx.2019-cu il tarixlinisyə alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********83308 Samsung Galaxy A50 markalı telefon üçün 784 manat ödənilməmiş hissə, 78 manat cərimə pulu, cəmi 862 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, telefonu götürdüyü ilk gündən onda problemlər yaranmağa başlamış, tez-tez qızmış, hətta ələ götürmək mümkün olmamışdır. Telefonu aldığı gündən 12 gün sonra “Kontakt Home”nin Bakıxanov filialına müraciət edərək dəyişdirilməsini xahiş etmişdir. Telefonu aldığı mağazada ondan 60 manat pul tələb olunmuşdur. O, ödəniş etməkdən imtina etdiyinə görə telefonu dəyişməmişlər. Xarab telefonu işlətmədən evdə saxladıqdan bir müddət sonra ona zəng vurulmuş və niyə ödəniş edilmədiyi soruşulmuş, telefonla maraqlanmışlar. O da bildirmişdir ki, telefon evdədir, problemi olduğuna görə işlətmir. Sonradan mağaza əməkdaşlarının göstərişinə əsasən xarab telefonu servisə təhvil vermişdir. Bir daha sözügedən telefon ona qaytarılmamışdır. Lakin buna baxmayaraq “xxxx” MMC məhkəmədə ona qarşı əsassız iddia qaldırmışdır. Mülki iddiaya dair məhkəmə baxışının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilmədiyindən, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, «xxxx» MMC tərəfindən cavabdehə qiyməti 784 manat olan telefon nisyə satış şərtləri ilə verilmişdir. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin borcu hər ay 49 manat ödəməklə qaytarmalıdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı məhkəmədə borcun tutulması barədə iddia qaldırmışdır. İddiaçının tələbi nisyə satış müqaviləsi üzrə 784 manat əsas, 78 manat cərimə olmaqla, cəmi 862 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borcu 784 manat, cərimə borcu 78 manat təşkil etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739, 741-ci və sair maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən uzun müddət ödəniş edilməməsi nəticəsində əsas və cərimə borcu yaranmışdır ki, bu borc da müqavilə şərtlərinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmış, bu barədə məhkəmə bildirişini Cavabdeh yaşadığı ünvan 1 mən 63 ünvana göndərək, ona 10 gün müddətində iddiaya dair etirazlarının təqdim edilməsini təklif etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirak edibetməməsindən asılı olmayaraq iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi halın sübutu olaraq məhkəməyə sifariş vərəqəsini təqdim etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, xarab telefonu servisə təhvil vermiş, bir daha sözügedən telefon ona qaytarılmamışdır. Təqdim edilmiş sifariş vərəqəsində telefonun servisdən təhvil alına bilməsi nəzərdə tutulmuşdur. Cavabdehin telefonu təhvil alması üçün servisə müraciət etməsi öz təsdiqini tapmamış, cavabdeh istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar