Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1462/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mülki iş (Açar sözlər: «sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyan») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2n nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3139/2023 saylı, 07 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. “X1-1” Cavabdeh1 şəxsində və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış pasiyentin razılığına əsasən sonuncu öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsini qəbul etmiş, həmçinin əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyini (həkim səhvi istisna olmaqla) maddi və hüquqi məsuliyətini öz üzərinə götüməsi, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul etməsinə razılıq vermişdir.
2. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X9 tərəfindən verilmiş komisyon-tibbi ekspertizasının xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəylərində müəyyən edilmişdir ki: - cərrahiyyə əməliyyatı zamanı aseptika qaydalarına düzgün əməl olunmadığından, sonradan xəstədə sepsis yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətinin ağırlaşmasına gətirib çıxartmışdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirlir. Buna məsul şəxs “X1 1” klinikasını həkim plastik-cərrahıdır. - xəstə “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərrahiyyə əməliyyatın texniki icrası, orqanizmdə immun sistemin zəifləməsi hesabına hər hansı bir infeksiya ilə əlaqədar ola bilərdi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Cərrahiyyə əməliyyatdan sonra İddiaçı sepsisin olduğu müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı aseptika qaydalarına - düzgün əməl olunmadığından, hər hansı bir infeksiyadan (pnevmoniya, abdominal, qan, böyrək infeksiyaları və s.) yarana bilər. - İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir.
3. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən səhhətinin pozulması nəticəsində ona dəymiş 20.000 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, o, şəkərli diabet xəstəsi olmaqla həmçinin parkinson xəstəliyindən əziyyət çəkir, sonuncunun artıq çəkisi olduğundan 2022-ci ilin may ayında televiziya kanallarında tez-tez reklamı göstərilən və Bəşir Səfəroğlu küçəsi 183 ünvanında yerləşən “X1 1” Tibbi klinikasında işləyən plastik cərrah, regenerativ tibb-kök hüceyrə uzmanı Cavabdeh1 müraciət etmişdir. Ona səhhəti barədə tam və ətraflı məlumat verərək qarın nahiyyəsində artiq piylərin götürülməsi əməliyyatı keçirə bilib-bilməyəcəyini soruşmuş, laborator müayinələrdən keçmiş və nəticələr doktor Cavabdeh1 təqdim olunmuşdur. Doktor Cavabdeh1 laborator müayinələri incələdikdən sonra İddiaçı əməliyyat olunması üçün əks göstəriş olmadığını demişdir. 24 may 2022-ci il tarixində “X1 1” Tibbi Klinikasında doktor Cavabdeh1 tərəfindən İddiaçı üzərində “qarının ön divarında “Liposaksiya, Abdominoplastika” əməliyyatı icra olunmuş və xəstə 4 gün xəstəxanada qaldıqdan sonra xx.xx.2022-ci il tarixində ambulator müalicəyə yazılmışdır. Əməliyyatdan sonra iddiaçının əməliyyat nahiyyəsi tikilməmişdir. İddiaçı iki gün həmin xəstəxanaya sarğıya getmiş, 3-cü gün sarğıya gedib-gələndən sonra halı pisləşmişdir. Cavabdeh1 müraciət edərək halının pisləşdiyini bildirmiş, sonuncu ona şəkərinin yüksək olma ehtimalını deyərək endokrinoloqun yanına göndərmişdir. Endokrinoloq müayinədən sonra İddiaçı şəkərinin normada olduğu deyilmişdir. İddiaçı halsız vəziyyətdə evə qayıtmış, axşam vəziyyəti anidən pisləşmiş və təcili tibbi yardım vasitəsi ilə 38 bədən hərarətilə Respublika Diaqnostika Mərkəzinə reanimasiya və intensiv terapiya şöbəsinə tibbi təxliyyə olunmuşdur. Ona xx.xx.2022-ci il tarixində “Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sepsis. Digər kəskin böyrək çatışmazlığı, essensial hipertenziya, Parkinson xəstəliyi” diaqnozu qoyulmuşdur. Müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyat olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinədək xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnostika Mərkəzində verdiyi laborator müayinələr zaman İddiaçı qanına əməliyyat zamanı infeksiya salınması, qanında Sepsis olması müəyyən edilmişdir. Diaqnostika Mərkəzində 5 gün qaldıqdan sonra orada görülmüş tədbirlər nəticəsində xəstə ağır vəziyyətdən çıxarılmışdır. İddiaçı Cavabdeh2 də əməliyyat olunsa da orada əməliyyat antiseptik şəraitdə, keyfiyyətsiz icra olunmuş, xəstənin qanına infeksiya salınmış, həm də əməliyyat özü də lazımı keyfiyyətdə icra olunmamışdır. Belə ki, əməliyyatdan sonra xəstənin öz hesabına əməliyyat olan nahiyyəsinə əməliyyatın yerindən gələn çirkli sumayenin təmizlənməsi üçün cihaz qoşulmuş və həmin cihaz vasitəsi ilə çirkli maye qandan təmizlənmişdir. Bu prosedurların hamısı pullu olmuşdur və hamısının xərci iddiaçının öz vəsaiti hesabına ödənilmişdir. İddiaçı Diaqnostika Mərkəzindən qayıtsa da Cavabdeh2-yə sarğıya getməkdə davam etmiş, onun yarasına tikiş vurulmamışdır. Xüsusi olaraq bu məqsədlə Klinikanın baş həkimi Qəhrəman adlı şəxs tərəfindən Sumqayıt şəbərində yerləşən klinikadan Fuad adlı həkim çağırılmış və yalnız 18 iyul 2022- ci il tarixində iddiaçının yarasına tikiş atılmışdır və iddiaçı 5 gün yenidən klinikada qalmaq məcburiyyətində qalmışdır. Sonradan yenidən yaraya çirkli maye yığıldığından tikiş bir neçə barmaq sökülərək yaranın yerinə dərman tökülmüşdür, əməliyyatdan aylarla vaxt keçməsinə baxmayaraq uzun müddət X1 1-ə sarğıya getmiş, tikişləri olduqca kobud və bərbad vəziyyətdə qoyulmuşdur. Həkim Cavabdeh1 işinə səhlənkar münasibəti və Cavabdeh2nin rəhbərliyinin qeyri peşəkarlığı nəticəsində iddiaçı səhhətinə dəymiş zərərin aradan qaldırılması ilə bağlı maddi xərclər çəkmişdir və hazırda da çəkməkdə davam edir. Həkim Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı tərəfindən Nəsimi Rayon Prokurorluğuna müraciət olunmuşdur. Prokurorluqda aparılan araşdırma zamanı komisyon məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 592/keş saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, məhkəmə tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq qeyd olunur ki, İddiaçı xx.xx.2022ci il tarixində “bədəninin müxtəlif nahiyyələrinin piylənməsi, qarının ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Xəstənin üzərində “liposaksiya abdominaplastika” cərrahiyyə əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə buraxılmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “cərrahi əməliyyatdan sonrakı vəziyyət, sepsis, kəskin böyrək çatışmazlığı, essensial hippertenziya, parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixində yenidən Medical Centre 1-ə müraciət etmiş, müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulmuş, təmizlənmişdir. Daha sonra müxtəlif tarixlərdə yara yuyulub məhlullanmışdır. Xəstə İddiaçı xx.xx.2022- ci il tarixində "abdominaplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş, xəstənin üzərində “rekonstruktiv abdominaplastika” əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə yazılmışdır. Həmçinin rəydə qeyd olunur ki, İddiaçı məhkəmə tibbi və mütəxəssis müayinələri zamanı onda qarın nahiyyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə rekonstruktiv abdominaplastika əməliyyatına məruz qalmışdır. Bu da ilkin əməliyyat zamanı asseptika qaydalarına riayət olunmadığından xəstədə sepsis yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətin ağırlaşmasına gətirib çıxartmışdır. Həmçinin qeyd olunan araşdırma çərçivəsində aparılmış əlavə araşdırma zamanı Səhiyyə Nazirliyinin MTE və PAB X7dən verilmiş xx.xx.2023-cü il tarixli 268/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı Hacibaba qızı üzərində icra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilməmişdir. Bu da Səhiyyə sistemi üzrə qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. İddiaçı əməliyyatdan sonra sepsisin olması müəyyən edilmişdir ki, bu da asseptika və antiseptika qaydalarına düzgün riayət olunmaması və ya hər hansı bir infeksiya səbəbindən baş verə bilərdi. Lakin elə həmin rəydə də göstərilir ki, həmin patalogiya cərrahiyyə əməliyyatın qüsurlu texniki icrası nəticəsində olmuşdur. Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarından görünür ki, Cavabdeh1 barəsində Səhiyyə Nazirliyinə verilmiş təqdimata baxılaraq bununla bağlı Nəsimi rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 fəaliyyətində nöqsanların olması müəyyən edilmiş, həmçinin aparılmış araşdırma zamanı cərrahiyyə əməliyyatı zamanı əməliyyat jurnalına qeydlər tam aparılmamış, sterilizasiya və dezinfeksiya işlərinə dair jurnalda qeydlər aparılmamışdır. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş təqdimata baxılmasının nəticələrinə dair məktubdan görünür ki, əməliyyat zamanı dezinfeksiya və sterilizasiya qaydalarına riayət edilməmişdir və bununla bağlı müvafiq qeydlər də jurnalda aparılmamışdır. Araşdırma materialı üzrə verilmiş xx.xx.2022-ci il tarixli 592/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyində vət. İddiaçı, yəni göstərilmiş qüsurlu tibbi xidmətin səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması ilə icra olunması göstərilmişdir. "X1”nin və onun həkimi Cavabdeh1 öz işinə vicdansız və ya laqeyd münasibəti, həmçinin həkim Cavabdeh1 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi iddiaçının səhhətinə, hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuşdur. İddiaçının adı keçən klinikanın və onun həkimi Cavabdeh1 səhvi ucbatından səhhətinə zərər vurulmuş və iddiaçı böyük maddi xərclə üzləşmişdir. Klinikanın rəhbərliyi və həkim Cavabdeh1 iddiaçının çəkdiyi maddi xərcləri qaytarmaqdan imtina etmişdir. İddiaçı uğursuz tibbi əməliyyatdan sonra səhhətinin bərpa olunmasına, tibbi prosedurlara, müayinələrə, dərmanların və tibbi vasitələrin alınmasına 14302 xərcləyərək maddi ziyana düşmüşdür. Bundan əlavə, həmin xərclərin ödənilməsi üçün “Kapitalbank”la imzalanmış iki kredit müqaviləsi üzrə götürülmüş kreditləri, bağlı hazıradək 5068 manat aylıq ödəmə etmişdir. Ümumilikdə iddiaçıya hazıradək 20000 manat maddi ziyan dəymişdir. Hazırda da cavabdeh kapital bankla bağlanılmış GTZK59294304 103 saylı, kredit müqaviləsi üzrə bankdan götürdüyü kredit üzrə ödənişləri davam etdirir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3139/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin qismən təmin edilərək “X1“ MMC-dən 20.000(iyirmi min) manat alınaraq İddiaçı ödənilməsi; iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarının ön divarının sallanması” diaqnozu ilə Cavabdeh2 klinikasının cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində digər Cavabdeh1 tərəfindən “Liposaksiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Sonradan yarası iltihablanmaqla vəziyyəti pisləşmiş, düşdüyü vəziyyətin qarşısını almaq məqsədi ilə əlavə xərcləri qarşılamaq məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ona “göstərilmiş qeyri-peşəkar tibbi xidmətlərə görə” cavabdehləri Nəsimi Rayon Prokurorluğuna şikayət etmiş, onun müraciəti əsasında toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda ona əlavə maddi xərclər ödəmək məcburiyyətində qalması ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Həmçinin müəyyən olunur ki, ibtidai araşdırma zamanı üç fərqli nəticələrlə yekunlaşmış ekspertiza tədqiqatlarının rəyi mövcud olmaqla, yekun olaraq iddiaçının hazırki durumunun ilkin cərrahi əməliyyatla əlaqəli olması qeyd olunmuş, sonuncu rəyə əsasən isə İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi, bunun da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilməsi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X2” X6 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyənin təşkili şöbəsinə ünvanladığı məktubunda İddiaçı Parkinson xəstəliyinin olması müalicə həkimi və həkim-anestezioloq-reanimatoloq tərəfindən nəzərə alınmadığı qeyd edilmişdir. Həmçinin əməliyyatdan öncə və sonrakı müayinə və mualicənin gedişatında bəzi zəruri laborator müayinələrin, əməliyyatın icrasında və əməliyyatdan sonrakı xəstənin aparılmasında nöqsanlara yol verildiyi səbəbindən evə yazıldıqdan sonra xəstədə yaranmış əməliyyatdan sonrakı septik vəziyyət və yaradakı nekrotik fəsadlarla əlaqəli digər müalicə müəssisəsində müalicə aldıqdan sonra yenidən bu müəssisədə əməliyyatdan sonrakı vəziyyətlə bağlı ambulator qaydada müalicə-bərpa prosedurları alması əks olunmuşdur. Beləliklə də, iddiaçının cərrahi əməliyyatdan sonrakı vəziyyətinin qüsurlu tibbi xidmətin göstərilməsi nəticəsi kimi qiymətlədirilməklə, vurulmuş maddi ziyanın tələb etmə hüququ yaranmışdır. Qeyd olunanlar Cavabdeh1 şəxsində Cavabdeh2 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış razılıq ərizəsində göstərilən halın, yəni həkim səhvinin öz təsdiqini tapması ilə maddi və hüquqi məsuliyyətin yaranmasına əsas olmuşdur. Əməliyyatdan sonra baş vermiş fəsadların aradan qaldırılması üçün əlavə xərclərin tələb edilməsi cavabdehin iddia tələbinə münasibətdə təqdim etdiyi mülahizələrlə də təsdiq olunur. Lakin pasientin vəziyyətinin bərpa edilməsi üçün Cavabdeh1 tərəfindən sərf edilmiş əlavə vəsaitin (14000 manat) məhkəməyə rəsmi təsdiq olunmuş sənədlərlə deyil, əlyazma formasında təqdim etməklə sübut etməyə çalışmışdır. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə toplanan məbləğ tələb edilən məbləği üstələdiyindən və məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan, 20 000 manat maddi ziyanın tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, Cavabdeh1 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişdir. Bu zaman tibb müəssisəsi - Cavabdeh2 MMC tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, maddi ziyan ondan tutulmalıdır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “X1“ MMC (nümayəndəsi və vəkili X5) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi, bunun da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirildiyini müəyyən etmiş, lakin bu zaman cərrahi əməliyyatı aparmış həkimin deyil, sonuncunun şəxsində tibb müəssisəsinin iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalı olması qənaətinə gəlmiş, cərrahi əməliyyatı aparmış həkimi isə tamamilə məsuliyyətdən kənarda saxlamışdır. Əgər iddiaçının üzərində aparılmış cərrahiəməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsini birinci instansiya məhkəməsi mülki hüquq pozuntusu hesab etmişdirsə, bu zaman birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1113-cü maddəsinə müraciət etməməsi də anlaşılmazdır. Belə ki, həmin maddənin tələblərinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulumuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Digər tərəfdən əgər iddiaçının üzərində aparılmış cərrahi əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdirsə və bu mülki hüquq pozuntusu hesab olunursa, o halda bu pozuntunu törətmiş olan şəxs tibb müəssisəsi deyil, həmin əməliyyatı aparmış olan tibb işçisidir. Yəni, tibb müəssisəsi mülki hüquq pozuntusunun subyekti deyil. Birinci instansiya məhkəməsi qətnamədə «Əhalinin sağlamlığının qorunması haqqında» Qanununa istinad edərək belə bir nəticə çıxarmışdır ki, həmin Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görətibb müəssisəsi mülki məsuliyyət daşıyır. Halbuki, həmin Qanunun 51-ci maddəsinin tələbinə görə peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır; 57-ci maddəsinin tələblərinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir; 58-ci maddəsinin tələblərinə görə hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar; 59-cu maddəsinin tələblərinə görə tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Lakin mülki işdə olan Cavabdeh2 MMC tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixədək RDM-də stasionar müalicə aldıqdan sonra evə yola salınmışdır. Sənədlərdə laborator müayinələrin tarixlərinə diqqət yetirdikdə (Medikus clinic: xx.xx.2022-ci il) görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Medikus klinikasında yara möhtəviyyatının bakterioloji analizi götürülmüş və xx.xx.2022-ci il tarixdə verilmiş nəticədə xəstədə «escherichia coli» mikroorqanizmi aşkarlandığı məlum olmuşdur. Bu isə əməliyyatdan təxminən 40-45 gün sonraya təsadüf edir. Yəni, İddiaçı əməliyyatdan sonra RDM və «X1-1» klinikasına müraciətinin səbəbi infeksiyaya yoluxması deyil, yaşlı olması, şəkər və parkinson xəstəsi olduğu üçün yaralarının sağlam insanlara nisbətən daha gec sağaldığına görə olmuşdur. Digər tərəfdən mülki işdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 xx.xx.2023-cü il tarixli 114/KEŞ saylı rəyindən görünürki, xəstə «Rekonstruktiv abdominoplastika» əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərrahiyyə əməliyyatının texniki icrası, orqanizmdə immun sisteminin zəifləməsi hesabına hər hansı bir infeksiya ilə əlaqədar ola bilərdi. Göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-ni təqsirli hesab etməkdə haqlı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərisə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün, yəni yalnız şikayət verən cavabdehə münasibətdə təmin edildiyindən şikayətin obyektini qətnamənin ona aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Əvvəla, maddi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçıya zərər vurulduğu işin mübahisəsiz halıdır və bunu cavabdeh tərəf də təkzib etmir.
21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 23.İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Belə ki, iddiaçının şikayəti əsasında prokurorluq orqanında aparılmış cinayət təqibi zamanı komisyon məhkəmə tibb ekspertizaları təyin edilərək rəylər alınmışdır. Həmin rəylərdə birmənalı şəkildə iddiaçının üzərində aparılmış cərrahi əməliyyat və müalicə zamanı ona zərər vurulduğu öz təsdiqini tapmışdır. Qeyd olunduğu kimi, bunu, apellyasiya şikayəti verən cavabdeh də mübahisələndirmir, mübahisələndirdiyi hal yalnız apellyasiya şikayətində göstərdikləri olmuşdur.
24. Bununla yanaşı, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdeh2 MMC-nin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Birinci instansiya məhkəməsi də cavabdehlər tərəfindən cərrahi əməliyyat və müalicənin düzgün aparılmadığı və bunun da ekspert rəyləri ilə öz əksini tapdığı qənaətinə gələrək maddi ziyanla bağlı iddianı tibb müəssisəsinə münasibətdə təmin etmişdir.
25. Cavabdeh tibb müəssisəsi şikayətində birinci instansiya məhkəməsinin cərrahi əməliyyatı aparmış həkimin deyil, sonuncunun şəxsində tibb müəssisəsinin iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalı olması qənaətinə gəldiyini, cərrahi əməliyyatı aparmış həkimi isə tamamilə məsuliyyətdən kənarda saxladığını göstərsə də bu dəlillər əsaslı sayıla bilməz. Çünki, məhkəmə cərrahi əməliyyatı aparmış həkimi tamamilə hüquqi məsuliyyətdən kənarda saxlamamışdır. Ən azından qətnamədən məhkəmənin belə bir qənaətə gəlməsi görünmür. O başqa məsələ ki, hazırki iddia üzrə məsuliyyətə cəlb edilməli olan şəxsin tibb müəssisəsi olduğu qənaətinə həqiqətən məhkəmə gəlmiş, ona görə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin göstərişləri bunu tələb edir. İddiaçının üzərində aparılmış cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsini birinci instansiya məhkəməsi mülki hüquq pozuntusu hesab edərkən Mülki Məcəllənin 1113-cü maddəsinə müraciət etməməsi əslində cavabdeh tibb müəssisəsinin mənafeyinə uyğun olmuşdur. Çünki, həmin norma birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslərin birgə məsuliyyətini nəzərdə tutur. Ancaq cavabdeh tibb müəssisəsi bir tərəfdən mülki hüquq pozuntusunun subyekti olmadığını bəyan edir, digər tərəfdən isə həkimi deyil yaxud həkimlə birlikdə deyil, yalnız tək onun mülki hüquqi məsuliyyətə cəlb olunmasında məhkəməni qınayır.
26. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə «Əhalinin sağlamlığının qorunması haqqında» Qanuna istinad etməsi də yanlış olmamışdır. Çünki, Qanunun 51-ci maddəsinin tələbinə görə peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkiminin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, 57-ci maddəsinin tələblərinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borclu olduğu, vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmədiyini, 58-ci maddəsinin tələblərinə görə hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilməsi, vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşımaları, 59-cu maddəsinin tələblərinə görə tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşımalı olduqları da şikayətin əsaslı olduğuna dəlalət etmir və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Başqa sözlə, sadalanan normalar da hazırki iddianın predmeti baxamından tibb müəssisəsini məsuliyyətdən azad etmir.
27. Cavabdeh tibb müəssisəsi zərərin onun, o cümlədən işçisi olan həkimin təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Ancaq iş materialları, o cümlədən cinayət təqibi üzrə aparılan araşdırma zamanı keçirilmiş komisyon məhkəmə tibb ekspertizalarının rəyləri ilə iddiaçının üzərində aparılan cərrahi əməliyyat və digər tibbi müdaxilələr nəticəsində ona zərər vurulduğu açıq-aşkar təsdiq olunur və işin mübahisəsiz halına çevrilib. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-ni təqsirli hesab etməkdə haqlı olmuşdur.
28. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi zərərin yalnız Cavabdeh2 MMC-dən tutulması və iddiaçıya ödənilməsi də düzgün olmuşdur. Çünki, qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh tibb müəssisəsi öz işçisi olan həkimin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3139/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3139/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.