Məhkəmə qərarları › İş №2(103)-1463/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1463/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1463/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1 Rəfail oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-401/2017 saylı qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Rəfail oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh4 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-401/2017 saylı qərardadı ilə mülki işin icraatı cavabdeh X2 hüquqi varisi işə cəlb olunana qədər dayandırılmışdır. İddiaçı ərizə ilə müraciət edərək, mülki işin icraatının təzələnməsini və Cavabdeh1 Rəfail oğlu, Cavabdeh2, X3 mərhum Cavabdeh4 hüquqi varisləri kimi işə cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh1 Rəfail oğlu, Cavabdeh2 və X4 mərhum Cavabdeh4 hüquqi varisləri kimi işə cəlb edilməlidir, belə ki, ərizəyə əlavə olunmuş 1256 saylı xx.xx.2014-cü il tarixli forma-2 arayışından və xx.xx.2019-cu il tarixli “Elektron notariat” X1 çıxarışdan göründüyü kimi sadalanan şəxslər QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar və həmin əmlaka sahiblik edərək faktiki olaraq əmlakı idarəd edirlər. Həmçinin ərizəyə əlavə edilmiş “xxxx” ASC Sabunçu rayon Sukanal İdarəsinin xx.xx.2019-cu il tarixli 01.03/1-520 saylı məktubundan görünür ki, Sabunçu rayonu Zabrat qəsəbəsi Oktyabr küçəsi ev 28 ünvanında yaşayan Cavabdeh4 mənzilinin xx.xx.2006-cı ildən “xxxx” ASC ilə bağlanmış müqaviləsi var. Hazırda abonentin mənzilində sudan istifadə var, aydın olur ki, hazırki vəziyyətdə QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakda sudan istifadə edərək, əmlakı faktiki olaraq idarə edirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 401/2017 saylı qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi barədə İddiaçı-nin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə, qərardad əsassızdır və ləğv edilməlidir. Məhkəmə vərəsəlik şəhadətnaməsinin təqdim edilməməsi əsası ilə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarından aydın olur ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Cavabdeh1, Cavabdeh2 və Rafael Məhərrəmlinin həmin əmlaka sahiblik və istifadə etmələri ilə faktiki vərəsəliyi qəbul etmələri faktı artıq bu iş üzrə dayandırılmış icraatın təzələnməsi üçün əsas olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və icraatın təzələnməsi və prosessual hüquq varisliyi barədə vəsatətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş, “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan 1 mənzil 7 ünvanında təbii qazdan istifadə üçün borcun olmaması bir daha təsdiq edir ki, sözügedən evdə yuxarıda adları qeyd olunan şəxslər tərəfindən təbii qazdan istifadə edilir və müvafiq borclar vaxtında ödənilir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icraatın təzələnməsi üçün mərhum Cavabdeh4 vərəsələrinin müəyyən edilməsi zəruridir, vərəsəliyin qəbul edilməsi barədə vərəsəlik haqqında şəhadətnamə məhkəməyə təqdim edilmədiyindən icraatın təzələnməsi barədə ərizə təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəminin bu qənaəti əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kollegiya qeyd edir ki, hazırki mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir, ona görə də iddiaçının hüquq varisi (varisləri) ilə əvəz edilməsi mirasın qəbul edilməsi, vərəsəlik işinin açılıb-açılmaması, vərəsəlik şəhadətnaməsinin verilibverilməməsindən asılı deyildir. Vərəsənin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməməsi hazırki işə baxılmasının qarşısını ala bilməz. Hazırki işdə ipoteka predmetini təşkil edən miras əmlakın digər cavabdehlər (birinci dərəcəli vərəsələr) tərəfindən faktiki qəbul edilməsi barədə iddiaçı tərəf kifayət qədər mötəbər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə bu sübutlara heç bir qiymət verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin vərəsəlik şəhadətnaməsinin təqdim edilməməsi əsası ilə icraatın təzələnməsinə dair ərizəni rədd etməsi barədə gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və icraatın təzələnməsi və hüquqi varislərin cəlb edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-401/2017 saylı qərardadı ləğv edilsin və icraatın təzələnməsi və prosessual hüquq varisliyi barədə vəsatətə yenidən baxılması üçün mülki iş Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar