Məhkəmə qərarları › İş №2(103)-1463/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1463/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1463/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı”aliment miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3304/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3320/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3304/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3320/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 50 manat məbləğində mediasiya haqqının İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 17; "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa; Birləşmiş Millətlər Təşkilatının X2 3, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 4,13, 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 112.1;“ Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunun 9.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.1, 119.2, 124.1 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. Məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3320/2020 saylı qətnaməsi ilə hər uşağa görə tutulan alimentin məbləği 170 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuş, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazları ilə bağlı qeyd edir ki, cavabdehin etirazı 1) özünün yenidən nikaha daxil olması; 2) gəlirlərinin hazıra qədər ödədiyi aliment məbləğindən daha artıq ödənişlər etməyə imkan verməməsi; 3) iddiaçının özünün də daimi gəlirlərinin olması ilə əsaslandırır. Məhkəmə 1-ci halla bağlı qeyd edir ki, şəxsin yenidən nikaha daxil olması və bu nikahdan uşaqların olması onun əvvəlki nikahdan olan uşaqların böyüməsi və inkişafında iştirakdan azad etmir və bu sahədə olan vəzifələrini yüngülləşdirmir. Belə ki, bir çox qanunvericilik aktları ilə valideynin uşağın qayğısına qalmaq və s vəzifələrini müəyyən edərkən bu vəzifəni hər hansı şərtdən asılı etməmişdir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər də uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Aydındır ki, hazırki halda Cavabdeh saxlanılması üçün aliment ödədiyi uşaqların valideyni olmaqla onları saxlamaq vəzifəsini daima daşıyır. Məhkəmə 2-ci halla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda baxılan iş üzrə əsas diqqət uşaqların hüquqlarının təmin olunmasına yönəldilməlidir. İddiaçı tərəfindən tələb olunan məbləğin uşaqlar üçün yaşayış minimumu həddində olub, ondan artıq deyil. Cavabdeh tam fəaliyyət qabiliyyətli fiziki şəxsdir, onun gəlirlərinin az olması uşaqların normal inkişafına maneə yaratmaq üçün əsas ola bilməz. Yuxarıda qeyd edilən Plenum Qərarlarında qeyd edilənlərə əsaslanaraq məhkəmə cavabdehin bu etirazını əsassız hesab edir. Məhkəmə 3-cü halla bağlı qeyd etmişdir ki, uşaqların anası olan iddiaçının özünün də daimi gəlirləri olması uşaqların digər valideyninin uşaqların saxlanılmasında iştirakdan yayınmasına əsas vermir. Həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi də nəzərə alınmalıdır. İddiaçı cavabdehi uşaqların xəstəliyi, əlavə təhsilə cəlb olunması və digər formalarda əlavə xərclərin çəkilməsində iştiraka cəlb etmir. Cavabdehdən qanunla müəyyən olunmuş uşaqlar üçün yaşayış minimumunun tutulmasını istəyir. Uşaqlarlarla bağlı daxili və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyi rəhbər tutaraq hesab edir ki, cavabdehin iddiaya etdiyi etirazlar formal mülahizələrdən ibarətdir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3320/2020 saylı qətnaməsinə əsasən "nikahın pozulması” tələbinə dair iddia təmin edilmiş, yetkinlik yaşına çatmayan uşaqlar analarının himayəsinə verilmişdir və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-3304/2023 saylı qətnaməsini tamamilə ləğv edərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 112; Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 218, 384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı özü də işləyərək rəsmi olaraq 500 manat əmək haqqı alır, yəni daimi gəliri var. Belə olan halda onun ödədiyi 340 manat və iddiaçı gəlirinin 30% faizini öz uşaqlarına xərcləsə, uşaqların saxlanılması üçün məbləğ təxminən 490 manat təşkil edərdi və iddiaçının yuxarıda qeyd etdiyi “Uşağın maddi təminatının təmini İddiaçı ilə yanaşı cavabdehin də vəzifə borcudur” sözləri öz əksini tapmış olardı. Rəsmi iş yeri olmamasına və gəliri mütəmadı xarakter daşımasına baxmayaraq müəyyən olunmuş alimenti vaxtında ödəyir, həmçinin o 2-ci dəfə ailə həyatı qurub. Düzdür bu fakt onu aliment ödəməsindən azad etmir, lakin tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını göstərir. Məhkəmə istinad etdiyi Ailə Məcəlləsinin 75-ci maddəsi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində “valideyn” sözü yox, “ valideynlər” sözü qeyd edilib. İddiaçı da öz iddiasında qeyd edir ki, “Uşağın maddi təminatının təmini İddiaçı ilə yanaşı cavabdehin də vəzifə borcudur”. Beləliklə də, iddiaçı özü də etiraf edir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, yuxarıda qeyd olunanlardan həm iddiaçı, həm də hörmətli məhkəmə özləri də etiraf edirlər ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsi və borcudur, lakin nədənsə hörmətli məhkəmə bu vacib olan məsuliyyəti ancaq və ancaq onun üzərinə qoyulması barədə qərar qəbul edir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3304/2023 saylı qətnaməsi qanunvericiliyin tələblərinə və o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinə tamamilə ziddir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini müdafiə etdiyini, 440 manat məbləğində aliment ödəməyə imkanının olmadığını, maksimum 400 manat məbləğində aliment ödəməyə imkanı olduğunu,lakin qarşı tərəfin mediasiya prosesində bu məbləğlə razılaşmadığını və mübahisənin məhkəmə qaydasında həll olunmasını istədəyini, əvvəlki 340 manat məbləğində alimenti vaxtı-vaxtında ödədiyini, imkanı olduqca övladları ilə vaxt keçirdiyini, onları gəzməyə apardığını bildirmiş, həmçinin özünün də ikinci dəfə ailə həyatı qurduğunu,övladının olacağını, Hacıqabulda maşın təmirçisi kimi fəaliyyət göstərdiyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, 2020-ci ildə rəsmi olaraq boşandıqlarını və o zaman hər uşaq üçün 170 manat məbləğində aliment təyin edildiyini, hazırda uşaqların böyüdüyünü, ehtiyaclarının artdığını, bu səbəbdən əvvəlki aliment məbləğinin uşaqların ehtiyaclarını ödəməyə kifayət etmədiyini, özünün boşandıqdan sonra ata evində yaşadığını, Qərbi Kaspi Universitetində mütəxəssis kimi çalışdığını və aylıq əmək haqqının 500 manat təşkil etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390, 402.1-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağların mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşaqların təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 9.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 11.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni, artıq 2023-ci ilə münasibətdə yaşayış minimumu üzrə tələbat artmışdır. Cavabdehin yeni ailə qurması, habelə digər dəlilləri aliment öhdəlikləri vəzifəsindən azad edilməsi və qətnamənin dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilməlidir ki, cavabdeh uşqların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün özü tərəfindən minimum yaşayış səviyyəsini müəyyən edən alimentin ödənilməsindən başqa tədbirlər barədə hər hansı sübutlar təqdim etməmişdir. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşaqların artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Çünki cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3320/2020 saylı qətnaməsi ilə tutulan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment məbləğini mübahisələndirməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə artırılmış aliment məbləği isə 5000 manatdan azdır. Cavabdeh tərəfindən mübahisə edilən hissə (440-340= 100x 12=)1200 təşkil edir. 14.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3304/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar