Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1466/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2510/2020 saylı xx.xx.2020ci il tarixil qətnaməsi ilə tərəflərin nikahının pozulması, birgə nikahından olan xx.xx.2016cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 analarının yanında qalmaları və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun bütün gəlirlərinin 1/3 miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hər ay hər uşağa görə ayda 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə ayda 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahdan 2 övladı: xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Sonradan münasibətlər pozulduğundan tərəfindən nikahın pozulması, uşaqların öz himayəsində saxlanılması və aliment tələbinə dair məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 3 saylı "ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində 1485 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 öz himayəsində saxlanılması və birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh bütün gəlirlərinin 1/3 miqdarında alimentin öz xeyrinə tutulması qət edilmişdir. Cavabdeh övladları üçün aylıq alimenti mütəmadi ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övladlarına özü baxır və onun rifahının təmin edilməsi üçün zəruri olan maddi imkanları kifayət etmir. Həmçinin, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Beləliklə, övladlarının yetkinlik yaşına çatanadək nəzərdə tutulmuş alimentin miqdarının sabit pul şəklində tutularaq artırılması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2510/2023 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi və alimentin artırılmış miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2020-ci ildən ailə və ya maddi vəziyyətində dəyişiklik - yaxşılaşma olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun bütün gəlirlərinin 1/3 miqdarında aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdən etibarən, cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı 380 manat təşkil edir. Belə olan təqdirdə hər iki uşaq üçün aylıq aliment məbləği cəmi 126 manat (bir uşaq üçün 63 manat) təşkil edir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların üç yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra və məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Hazırki iş materiallarından görünür ki, iddiaçı ilə nikahları pozulduqdan sonra cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 380 manatdır. Digər tərəfdən, iddiaçı cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki bu halları sübutetmə vəzifəsi onun üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşaqların böyüməsi ilə onun xərclərinin və tələbatlarının da artmasını, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin cavabdehin hazırki əmək haqqına uyğun olaraq iki uşaq üçün cəmi 163 manat təşkil etməsini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin iddia tələbi ilə qismən razılığını nəzərə almaqla, aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğdə müəyyən edilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iş üzrə yeni qəbul edilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, övladları günü-gündən böyüdükləri üçün, həmçinin uşaqların normal qidalanması, geyimlərinin təmin edilməsi kifayət qədər vəsait tələb edir. Bu xərcləri təkbaşına qarşılamaq ona çox çətindir. Hazırki maddi vəziyyəti nəzərə alındıqda isə uşaqların saxlanılması üçün təyin edilən aliment məbləği kifayət etmədiyi aşkardır. Hesab edir ki, cavabdehdən tutulacaq aliment məbləği 2023-cü il üçün dövlət tərəfindən müəyyən edilmiş minimum səviyyə ilə uyğunlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması barədə nəticəyə gəlinməsi zamanı bunun İddiaçı maddi və ailə vəziyyətinə təsiri nəzərə alınmadığı, iş üzrə əhəmiyyət kəsb edən hallar yanlış qiymətləndirilərək müvafiq normalarla uğursuz formada əlaqəndirildiyi və bu qəbildən olan mübahisələrlə bağlı formalaşmış qanunvericilik təcrübəsi nəzərə alınmadığı üçün məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Eyni zamanda məhkəmə tərəfindən diqqətəlayiq olan hallar nəzərə alınmayıb və bununla da uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilməklə alimentin məbləği hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat həddində müəyyən edilməlidir. Belə ki, hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin miqdarı ilk dəfə Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun bütün gəlirlərinin 1/3 miqdarında müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən isə cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı 380 manat təşkil edir. Belə olan təqdirdə hər iki uşaq üçün aylıq aliment məbləği cəmi 126 manat (bir uşaq üçün 63 manat) təşkil edir. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı olması barədə düzgün nəticəyə gəlsə də alimentin məbləğini müəyyən edərkən, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2020-ci ildən ailə və ya maddi vəziyyətində dəyişiklik - yaxşılaşma olmasına dair hər hansı sübut təqdim edə bilməməsinə istinad etməsi düzgün olmamışdır. Belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı hissəsi üzrə gəldiyi qənaətinin əsaslandırmasında tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşaqlarının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını göstərməyinə baxmayaraq iddiaçının bununla bağlı tələbinin əsası kimi istinad etdiyi hallara düzgün qiymət verməmişdir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hazırda (xx.xx.2023-cü il tarixdən etibarən, cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı 380 manat təşkil edir ki, hazırda hər iki uşaq üçün aylıq aliment məbləği cəmi 126 manat (bir uşaq üçün 63 manat) təşkil edir) əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması kimi qəbul edilməsi yanlışdır, çünki uşaqların iddiaçının himayəsində olması, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə alınmaqla alimentin məbləği hər ay hər uşaq üçün 220 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası maddi vəziyyətinin aşağı olması barədə cavabdehin mövqeyinə münasibətd qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaya etirazın dəlilləri onun doğma övladlarının saxlanması üçün üzərinə düşən vəzifələrdən qismən yayınması məqsədini daşıyır və kollegiya xüsusi olaraq qeyd edir ki, hətta o, heç bir yerdə işləməsəydi belə, bu onu uşaqlarını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməzdi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi də zəruri sayır ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsi olsa da, hazırki vəziyyətdə uşaqların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın üzərindədir. Ananın işləyib - işləməməsindən asılı olmayaraq ona uşaqların saxlanmasında atanın aliment formasında maddi dəstəyi zəruridir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4124/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi– Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ödənilməli olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay hər uşaq 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə