Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1467/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 (Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeyri-qanuni inşa edilmiş eyvanın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktybar 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 (Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeyri-qanuni inşa edilmiş eyvanın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 74, 47, 48, 61, 63, 62, 65, 66, 68, 76, 77, 79 və 80 saylı mənzillərə qeyri-qanuni artırılmış eyvanların cavabdehlərin hesabına sökülməsi və eyvanların əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 üst qonşusu olmaqla, binanın fəsad tərəfində yerləşən eyvanını qanunla nəzərdə tutulmuş qaydada yox, qeyri-qanuni, müvafiq sənədlər olmadan artırmışdır. Eyvanı artırdıqdan sonra, mətbəx və eyni zamanda əl-üz yuma qovşağı ora köçürülmüş, lakin quraşdırılma zamanı sanitar texniki normalar gözlənilməmiş, borularda çatışmamazlıqlar yaranmış, nəticədə mətbəxdə hər hansı hərəkət nəticəsində axıdılan çirkab suları onun evinə və eyvanına axmışdır. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, heç bir nəticə olmadığından məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04.06.2013-cü il tarixli qətnaməsi ilə ona dəymiş 1194 manat ziyanın cavabdehdən tutulması qərara alınmışdır. Qonşu olduqlarına görə o, həmin pulun cavabdehdən tutulmasından imtina edərək, bundan sonra belə hərəkətlərə bir daha yol verməyəcəyini fikirləşmiş, cavabdeh isə hərəkətlərini ardıcıl davam etdirmiş, kanalizasiya xətlərini düzəltdirməmişdir. Ona görə də, hesab edir ki, eyvan sökülüb mətbəx əvvəlki yerinə köçürülərsə, kanalizasiya sistemi əvvəlki vəziyyətə qaytarılarsa məsələ həll oluna bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Cavabdeh1, eyni zamanda digər cavabdehlər tərəfindən heç bir icazə sənədləri olmadan artırılmış eyvanlar binanın fasadını çox eybəcər hala salmaqla, binanın hər hansı yüngül təkan nəticəsində uçmaq təhlükəsinə səbəb olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktybar 2020-ci il tarixli, 2(001)- 185/2020 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin olunmaması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iddiaçıdan mütəxəssis rəyinə görə 100 manat alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azkommunlyaihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına, ekspertiza rəyinə görə isə 100 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-1467/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktybar 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 aid hissədə ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması, belə ki, məhkəmənin üst qonşusu Əminə Şirinova tərəfindən inşa edilmiş eyvanın onun mülkiyyətində olan mənzilə hər hansı mane törətməməsi barədə mütəxəssis rəyinə istinad edərək, onun iddiasını rədd etməsinə baxmayaraq, cavabdehin əvvəllər ona qarşı qaldırdığı eyvanın sökülməsi barədə analoji tələbinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin olunması, bununla da eyni subyektlər arasında eyni predmet barəsində məhkəmələrin qəbul etdiyi qərarların ziddiyyət təşkil etməsi və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Əminə Şirinova isə, apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin olunmamsını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, ona məxsus mənzilin eyvanında müəyyən yenidənqurma, artırma işləri aparılsa da, eyvan heç bir halda iddiaçının mülkiyyət hüquqlarına toxunmur və onun mənzili üçün heç bir təhlükə törətmir. Ona görə də onun hazırkı iddia ilə müraciət etmək hüququ yoxdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, digər cavabdehlərə münasibətdə işin icraatına xitam verildiyindən məhkəmə kollegiyası, məhz cavabdeh Əminə Şirinovaya aid hissədə iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia cavabdeh Əminə Şirinovaya münasibətdə təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış binasında 29,47 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 71 saylı mənzil İddiaçı, həmin binada yerləşən 74 saylı mənzil isə Cavabdeh1 mülkiyyətində olmaqla, cavabdehə məxsus mənzil iddiaçıya məxsus mənzilin üzərində yerləşir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2020-ci il tarixli, 23077 saylı rəyində qeyd olunmuşdur ki, 89 saylı evin, 74 saylı mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmiş eskiz layihəsi mülki iş materiallarında olmadığından, həmin mənzilin eyvan tikilisinin eskiz layihəsinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin tədqiq olunan binanın digər mənzillərindəki eyvan tikililəri ilə mübahisəli mənzillərin eyvan tikililəri müqayisə edildikdə, 71 və 74 saylı mənzillərin eyvan tikililərində yenidənqurma işləri aparıldığı və ümumi sahənin genişləndirildiyi müəyyən edilmişdir. 74 saylı mənzilin eyvan tikilisinin faktiki vəziyyətdə 71 saylı mənzilə hər hansı təhlükə törədə bilməsini müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssislər (tikinti konstruktoru) tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 71 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 74 saylı mənzilin isə 71 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 71 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, 71 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 74 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur... 74 saylı mənzildəki su, kanalizasiya xətləri gizli şəkildə çəkildiyindən, eləcə də su sızdığı vaxtdan müəyyən müddət keçdiyindən 71 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin 74 saylı mənzilin eyvan tikilisinin yenidənqurma işləri aparılaraq, mətbəx kimi istifadə edildiyini nəzərə alaraq, 71 saylı mənzilə su sızması 74 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan, döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlardan və ya mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 23.09.2020-ci il tarixli rəyində isə qeyd olunmuşdur ki, cavabdehin mülkiyyətində olan 74 saylı mənzildə inşa edilmiş eyvan onun alt qonşusu iddiaçının mülkiyyətində olan 71 saylı mənzilə faktiki vəziyyətdə hər hansı təhlükə törətmir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən qeyd olunan rəylərə istinad edərək, cavabdehin artırdığı eyvanın iddiaçının mənzilinə hər hansı bir təhlükə törətməsi faktının sübuta yetirilmədiyinə əsaslanmışdır. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, tələbin hüquqi əsaslarını nəzərədən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatşılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, yeni obyektlərin yerləşdirilməsi və tikintisi üzrə tamamlanmış layihə təsdiq edilənə qədər o, layihə müəllifinin iştirakı ilə yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti tərəfindən baxılmalı və razılışdırılmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 01.01.2013-cü il tarixədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 4-cü bəndinə görə, mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçrimək şəhərsalma fəaiyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələrinə aiddir Həmin Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən, özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 25-ci maddəsinin 11-ci bəndinə əsasən, tikintisi başa çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydaları hüquqi və fiziki şəxslər tərəfindən pozulduqda onlar inzibati və mülki məsuliyyət daşıyırlar. Adıçəkilən Məcəllənin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Eyni zamanda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçüıı ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, yuxarıda sadalanan şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla aparılmış özbaşına tikili ya müvafiq icra hakimiyyəti orqanının qərarı, ya da maraqlı tərəfin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. MM-in 226.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Baxılan işdən görünür ki, tərəflər eyni yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri olmaqla, cavabdeh iddiaçının üst qonşusudur və hər iki mənzilin eyvan sahəsində əlavə tikinti işləri aparılmaqla artırmalar edilmişdir (bu hal işdə olan fotoşəkillərdən də aydın görünür). Hazırda iddiaçı, cavabdeh tərəfindən özünə məxsus mənzilin eyvanında edilmiş qeyri-qanuni artırmaların qonşu sahənin mülkiyyətçisi kimi onun hüquqlarını pozduğunu bildirərək, sözügedən tikilinin (eyvanın) sökülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, özünə məxsus mənzildə analoji tikinti işlərinin aparılmasına müvafiq icra hakimiyyəti orqanlarından razılıq aldığını və həmin işlərin iddiaçının mülkiyyətində olan mənzillə heç bir maeçilik yaratmadığını bildirir. Məhkəmə kollegiyası, şəhərsalma və tikinti sahəsində qanunvericiliyin yuxarıda norma və qaydalarını nəzərə alaraq, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə cavabdeh tərəfindən aparılmış əlavə tikinti işlərinin qanuni olub-olmadığını müəyyən etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq, cavabdeh məhkəməyə qeyd olunan halı (artırma, əlavə tikinti işlərinə rəsmi razılığın olması və s.) təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə bu halın müəyyən olunması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, apellyasiya baxışında iddia tələbinin faktiki və hüquqi əsaslarının tam yoxlanılması məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli, 10/2404 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 74 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmiş eskiz layihəsi mülki iş materiallarında olmadığından və əlavəolaraq təqdim edilmədiyindən həmin mənzilin eyvan tikilisinin eskiz layihəsinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamış, lakin tədqiq olunan binanın digər mənzillərindəki eyvan tikililəri ilə mübahisəli mənzilin eyvan tikilisi müqayisə edildikdə 74 saylı mənzilin eyvan tikilisində yenidənqurma işlərinin aparıldığı və ümumi sahənin genişləndirildiyi müəyyən edilmişdir. 74 saylı mənzil ilkin vəziyyətdə 2 yaşayış otağı, mətbəx, dəhliz, hamam, ayaqyolu və balkon tikilisindən ibarət olmuş, lakin baxış zamanı balkon tikilisinin təyinatında dəyişiklik edildiyi və həmin tikilidə yenidənqurma işləri aparılaraq, metal konstruksiyalardan çərçivə yığıldığı, divarların kərpiclə hörüldüyü, 2 ədəd pəncərə bloku quraşdırıldığı və ümumilikdə eyvan sahəsinin genişləndirildiyi, tikilidə su və kanalizasiya xətlərinin çəkildiyi və müvafiq avadanlıqlar quraşdırıldığı, faktiki olaraq mətbəx kimi istifadə edildiyi, ilkin vəziyyətdə mətbəx kimi nəzərdə tutulan sahənin isə yaşayış otağı kimi istifadə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizalar üzrə bu sahədə ixtisaslı şəxslərin rəylərinə, eyni zamanda işdə olan fotoşəkillərə əsasən cavabdehə məxsus 74 saylı mənzilin eyvan tikilisində binanın faktiki vəziyyətə görə müəyyən edilmiş sxeminə uyğun gəlməyən yenidənqurma işləri aparılmaqla ümumi sahənin genişləndirildiyi, eyvan sahəsinin faktiki olaraq mənzilin ilkin vəziyyətinə zidd olaraq su və kanalizasiya xətləri çəkilərək, müvafiq avadanlıqlar quraşdırılmaqla mətbəx kimi istifadə edildiyi və bu sahədən iddiaçıya məxsus 71 saylı mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Kollegiya, həmçinin vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə olan hala, məhkəmə kollegiyası, cavabdehə məxsus mənzilin eyvan sahəsində tikinti işlərini aparılmasına dair qanunla tələb olunan formada icazə alınmadığını, sözügedən ekspert rəylərini, eyni zamanda mənzillərin işdə olan fotoşəkillərə əsasən müəyyən olunan faktiki yerləşmə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçı bilavasitə alt qonşu sahənin mülkiyyətçisi kimi haqlı olaraq cavabdeh tərəfindən aparılmış həmin qeyri-qanuni tikilinin sökülməsində maraqlıdır. Ona görə ki, yuxarıda da qeyd oldunduğu kimi, iddiaçı və cavabdeh yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri kimi mülkiyyət hüquqlarını həyata keçirərkən hər biri digər mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. Kollegiya, bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflər arasındakı münasibətlərin aşağıdakı xarakteri də nəzərə alındıqda əks nəticə haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) uyğun olmazdı. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, ilk öncə Cavabdeh1 İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri 6-cı mkr, Ə.Əlixanov küçəsi 89 saylı evin 71-ci mənzilində binanın layihəsində nəzərdə tutulmamış əlavə yenidənqurma işlərinin aparılması yolu ilə evin eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin onun hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə keçirilmiş məhkəmə-mühəndis ekspertizaları üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16616 saylı, 13.11.2013-cü il tarixli və 5357 saylı, 22.05.2014-cü il tarixli (təkrar) ekspert rəylərinə əsasən 89 saylı evin, 71 saylı mənzilində inşa olunmuş 14,3 kv.m. ölçüdə mübahisəli tikilinin (eyvanına artırılmış hissəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələbinə uyğun olmadığı, həmin mənzildə aparılan əlavə tikililərin iddiaçının mülkiyyətində olan mənzilin istifadəsinə hər-hansı texniki maneələr yaratmadığı müəyən edilmişdir Ali Məhkəmə qeyd olunan ekspertiza rəylərinə istinad edərək, iddiaçının bu iddianı irəli sürmək üçün subyektiv hüququnun olmadığı əsası ilə rayon məhkəməsinin qətnaməsinin ləğv olunması barədə birinci apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən 24 iyun 2015-ci il tarixli qərarında İddiaçı tərəfindən mənzilin eyvanında aparılmış tikilinin qanunsuz olmasına və yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri kimi tərəfindən mülkiyyət hüquqlarını həyata keçirərkən digər mülkiyyətçinin eyni hüquqları həyata keçirməsinə hər hansı formada maneçilik yaratmamaq vəzifəsinə istinad etmişdir. Göründüyü kimi, tərəflər arasındakı hər iki mübahisə eyni xarakterli olmaqla, digəri tərəfindən mənzilin eyvan hissəsində aparılmış qanunsuz tikililərin sökülməsi barədədir. Belə olan halda, iddiaçıya məxsus mənzildə aparılmış qeyri-qanuni tikilinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sökülməsinə baxmayaraq, cavabdehə məxsus mənzildə aparılmış eyni formalı tikilinin saxlanılması bərabərlik prinisipinin pozulması, yəni eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər ki, bu da məsələnin həllinə ədalətlə yanaşma sayılmaz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunaraq, iddia cavabdeh Əminə Şirinovaya münasibətdə təmin olunmalı və məhkəmə xərcləri həmin cavabdehə aid edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 (Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeyri-qanuni inşa edilmiş eyvanın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktybar 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktybar 2020-ci il tarixli, 2(001)-185/2020 saylı qətnaməsi yoxlanılan hissədə ləğv olunsun, iddia Cavabdeh1 münasibətdə təmin olunsun. Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 74 saylı mənzilin eyvan hissəsində qeyri-qanuni aparılmış tikinti cavabdehin hesabına sökülsün və eyvan əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh1 mütəxəssis rəyinə görə 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azkommunlyaihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına (VÖEN: **********, h/h: AZ04AZFİ********************, "xxxx" Bank ASC-nin Sahil filialı, Bank: **********, m/h: AZ81NABZ********************, kod: 501305 SWİFT: AZFİAZ22,), aparılmış ekspertizalar üzrə isə 200 (iki yüz) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN: **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1467/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1467/2021
12.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver