Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1469/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1683/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 414 saylı Kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 2472,40 manat əsas borcu, 1357,88 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1294,71 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 5482,67 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 414 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərməiərin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla, bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, əgər borcalan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından 3 gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 414 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 2472,40 manat əsas borcu, 1357,88 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 1294,71 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan cərimə, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 5482,67 məbləğində borcu vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1683/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2470,10 (iki min dörd yüz yetmiş manat, on qəpik) manat əsas borcun, 938,64 (doqquz yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat faiz borcunun, 100 (yüz) manat cərimə borcunun, 357,88 (üç yüz əlli yeddi manat, səksən səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3866,62 (üç min səkkiz yüz altmış altı manat, altmış iki qəpik) manat məbləğində pul vəsaitinin və 21 (iyirmi bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 105 (yüz beş) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 45 (qırx beş) manatının isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1683/2020 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddiaçı ekspert rəyi ilə razılaşmadıqlarını, ödənişlərdə gecikdirmə hallarına yol verildiyini və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə faiz hesablandığını qeyd etmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin olunmayan hissələrində – faiz və cərimə borclarının qismən təmin olunduğu hissələrdə mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissələrdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 414 saylı kredit müqaviləsinə üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh1 əsas borcu 2472,40 manat, faiz borcu 1357,88 manat, cərimə borcu 1294,71 manat və gecikdirilmiş vaxt üçün hesablanan illik 5% - 357,88 manat olmaqla, cəmi borcu 5482,67 qəpik manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 414 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminliklə təmin edilmiş öhdəlik üçün kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2019cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/192 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 414 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 414 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 2470,10 manat əsas, 938,64 manat faiz borcu olmaqla ümumilikdə 3.408,74 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş borc məbləğlərini işin həqiqi hallarına uyğun hesab etməklə onu sübut növü kimi qəbul etmiş və faiz borcu ilə bağlı iddia tələbini rəydə göstərilən həcmdə, yəni qismən təmin etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi 1294,71 manat müqavilə üzrə hesablanmış cərimə borcunun məbləğini tənasübsüz həddə yüksək hesab edərək, iddianı həmin hissədə də qismən təmin etmiş və cərimənin məbləğini 100,00 manat həddində müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci madəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, həmin ekspertiza tədqiqatı iddiaçının təqdim etmiş olduğu sübutlar əsasında həyata keçirilmiş və əsas borc məbləğinin 2470,10 manat, faiz borcunun isə 938,64 manat olduğu müəyyən edilmişdir. Qeyd edilən məbləğlər müəyyən edilərkən cavabdeh tərəfindən edilmiş bütün ödənişlərin məbləği və ödəniş tarixləri nəzərə alınmışdır. Belə olan halda, ekspertiza tədqiqatının düzgün keçirilməməsi və borc məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı iddiaçının dəlillərini kollegiya əsassız hesab edir. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi 1294,71 manat cərimə borcunun məbləği iş üzrə hesablanmış əsas borcun məbləğinə münasibətdə tənasübsüz həddə yüksək olmuşdur. Ona görə də, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərək cərimənin məbləğini 100,00 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açiq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1683/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1469/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1469/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver