Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1469/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" KB-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kredit borcu, iddia müddətinin tətbiqi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1807/2023 saylı, 06 noyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. QSC "xxxx" KB (kreditor) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 nömrəli kredit müqaviləsinə görə, kreditor borc alana bu müqavilənin 1.1-ci bəndində göstərilən 500,00 (beş yüz) manat kredit xətti açmış, borc alan həmin məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul etmiş və həmin kreditə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən 24% ödəməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4574/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə 304 manat 90 qəpik əsas borc, 31 manat 91 qəpik faiz, 1.142 manat 17 qəpik cərimə, 43 manat 36 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 1.522 manat 34 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-983/2020 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4574/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanmış, iddiaçıya ümumi qaydada məhkəməyə iddia vermək hüququ izah edilmişdir. Qərardadda mübahisənin məhkəmədən kənar həll edilməsinə dair yeni əsasların yaranması qeyd edilmiş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanında nəzərdə tutulan məsələlərə aydınlıq gətirilməsinin zəruri olduğu bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 304.90 (üç yüz dörd manat, 90 qəpik) manat məbləğində əsas borc, 209.26 (iki yüz doqquz manat, 26 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1153.96 (min yüz əlli üç manat, 96 qəpik) manat məbləğində cərimə borcu, 96.80 (doxsan altı manat, 80 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1764.92 (min yeddi yüz altmış dörd manat, 92 qəpik) manat məbləğində pulun, 37.65 (otuz yeddi manat, 65 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1807/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun və keçirilmiş məhkəmə ekspertizası tədqiqatı dəyərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırmasına təqdim edilmiş hesabdan çıxarışdan (xx.xx.2019-cu ildə aparılmış əməliyyatlar) cavabdehlə bağlanmış müqavilə üzrə verilmiş kreditin Fərmanın təsir dairəsinə aid olması müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 304.90 manat məbləğində əsas borc, 209.26 manat müqavilə müddəti üçün hesablanmış faizlər, 1153.96 manat məbləğində cərimə borcu, 96.80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1764.92 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun LPO bankın xeyrinə tutulmasını; cavabdeh isə Bakı Apellyasiya Məhkəməsinin qərardadına istinadən və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin baxılmasının mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbinin “304.90 manat məbləğində əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edib ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində cavabdehin xx.xx.2015-ci il tarixli müqavilə üzrə müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə hazırda ləğv prosesində olan banka 332,07 manat əsas borcunun olması təsdiq edilmişdir. Müqavilə müddəti bitdikdən sonra cavabdehin əsas borcundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əlaqədar xx.xx.2019-cu ildə 41.44 manat məbləğində pul silinmişdir (ekspert rəyində nəzərə alınmayıb). Beləliklə, cavabdehin iddiaçıya olan əsas borcunun məbləği 290.63 manat təşkil etmişdir. Bununla da, bankın əsas borcla əlaqədar 304.90 manat məbləğində olan tələbinin 14.27 manat hissədə əsassız olması, 290.63 manat hissədə isə əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə müddətin ötürülüb-ötürülməməsinə dair aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, bankla cavabdeh arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı ildə bitməsi, bankın iddia ərizəsi ilə xx.xx.2019-cu ildə məhkəməyə müraciət etməsi, xx.xx.2020-ci ildə iddiaçıya ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla həmin iddia ərizəsinin baxılmamış saxlanılması işin mübahisəsiz halıdır. Deməli, müqavilə üzrə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə müvafiq olaraq xx.xx.2016-cı ildə başlamış, 2 il 11 ay 28 gün keçdikdən sonra – xx.xx.2019-cu ildə məhkəməyə müraciət edilməsi ilə iddia müddətin axımı dayandırılmış, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra xx.xx.2020-ci ildən iddia müddətinin axımı davam etmiş və iddia müddəti xx.xx.2020-ci ildə bitmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göründüyü kimi, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulmasının davam etdiyini artıq Bakı Apellyasiya Məhkəməsinin qərardadının qəbul edildiyi xx.xx.2020-ci il tarixdən bildiyi və cavabdehə qarşı müqavilədən irəli gələn tələblə məkhəməyə ən geci xx.xx.2020-ci ildə müraciət etməli olduğu halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 6 il 1 ay 22 gün keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, müqavilə üzrə tələblər üçün qanunvericiliklə müəyyən edilmiş 3 il müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Əsas borc ilə əlaqədar o da qeyd edilməlidir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində ekspert tərəfindən cavabdehin məhz müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə olan əsas borcu hesablanıb məhkəməyə təqdim edilmiş, buna görə də Fərmanın təsir dairəsinə düşməsi səbəbindən əsas borcdan aparılmış silinmə nüansı ekspert tərəfindən verilən rəydə nəzərə alınmamışdır. Məhkəmə iddia tələbinin “209.26 manat müqavilə müddəti üçün hesablanmış faizlərin və 1153.96 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hesabdan çıxarışa əsasən cavabdehlə bağlanmış müqavilənin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi müəyyən edilərək hazırki işin mübahisəsiz halını təşkil edir. Fərmana əsasən banklara bir ay müddətində vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin (eyni zamanda, cərimənin (dəbbə pulunun, penyanın)) silinməsini təmin edən tədbirlər görülməsi tövsiyə edilmişdir. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyindən məhkəmə hesab edir ki, Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi həmin bank üçün məcburi olduğu halda, həmin məbləğlər silinməmiş, əksinə hazırki tələbin predmetini təşkil etmişdir. Lakin məhkəmə hesab edir ki, bank tərəfindən Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməyərək faiz və cərimə borcları silinmədiyindən, tələb bu hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. İddia tələbinin “96.80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələb də əsaslı olmasına baxmayaraq, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, bu tələbə münasibətdə də iddia müddəti tətbiq edilərək təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin olunması xahiş edilmiş və şikayət onunla əsaslandırılmışdır ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı maddəsinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərman qəbul edildikdən sonra məhkəmələrdə Fərmanın təsir dairəsinə düşmüş işlər baxılmamış saxlanılırdı, elə bu işdə də olduğu kimi. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verildikdə isə yuxarı instansiya məhkəmələrində qüvvədə saxlanılırdı. Həmin işlər üzrə sənədlər məhkəmədən alınaraq yenidən müraciət edildikdə də eyni nəticə baş verirdi. Bu da özlüyündə bankların tələb etmə hüququnun Fərmanın qəbul edildiyi tarixdən xx.xx.2019-cu il tarixinədək məhdudlaşdırdığını (borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır), başqa sözlə, bankların öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəlmədiyini (kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır) göstərir. Hətta yeni müqavilənin bağlanması üçün müraciətlərin qəbulu müddəti 31 dekabr 2019-cu il tarixində başa çatsa da, sonrakı illərdə bəzi işlər üzrə məhkəməyə müraciət etdikdə belə Fərmanın təsir dairəsinə düşməsini əsas gətirərək məhkəmələr tərəfindən baxılmamış saxlanılırdı. Göründüyü kimi, Bank öhdəliyin icra edilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, xx.xx.2015-ci il tarixli, 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin, həmin kredit müqaviləsi 12 ay müddətinə bağlanmış, kreditin ödənilməli olduğu son tarix isə xx.xx.2016-cı ildir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Mülki Məcəllənin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Maddə 739(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) iddia müddətinin keçməsi ilə əlaqədar tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
20. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
21. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
22. Apellyasiya şikayətində qeyd edilən hallar, geniş işçi resurslarına və orqanlara malik hüquqi şəxs olan iddiaçı təşiklata müddətin ötürülüməsinin üzrlü hesab edilməsi üçün əsas verən hallar deyildir.
23. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilənədək müqavilənin qüvvədə olması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
24. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
25. Göründüyü kimi, kredit müqaviləsi üzrə münasibətlərə üç illik müddət tədiq edilir və bu müddətin axmının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
26. Baxılan işdə isə kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, üç illik müddətin axımı həmin vaxtdan başlanmışdır. İş materialları ilə iddiaçının xx.xx.2019-cu ildə məhkəməyə müraciət etməsi, xx.xx.2020-ci ildə iddiaçıya ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla həmin iddia ərizəsinin baxılmamış saxlanılması işin mübahisəsiz halıdır. Müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2016-cı ildə başlamış, 2 il 11 ay 28 gün keçdikdən sonra xx.xx.2019-cu ildə məhkəməyə müraciət edilməsi ilə iddia müddətin axımı dayandırılmış, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra xx.xx.2020-ci ildən iddia müddətinin axımı davam etmiş və iddia müddəti xx.xx.2020-ci ildə bitmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göründüyü kimi, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulmasının davam etdiyini artıq Bakı Apellyasiya Məhkəməsinin qərardadının qəbul edildiyi xx.xx.2020-ci il tarixdən bildiyi və cavabdehə qarşı müqavilədən irəli gələn tələblə məkhəməyə ən geci xx.xx.2020-ci ildə müraciət etməli olduğu halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 6 il 1 ay 22 gün keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, müqavilə üzrə tələblər üçün qanunvericiliklə müəyyən edilmiş 3 il müddətini ötürmüşdür.
27. Ona görə də, öhdəliklərin icra edilənədək müqavilənin qeyri-müəyyən tarixədək qüvvədə olması barədə yanaşma Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına və Plenumun istinad edilən qərarlarındakı hüquqi mövqelərə, eyni zamanda iddia müddəti instutunun mahiyyətinə ziddir.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1807/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1807/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.