Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1470/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «borcun etirafı, sübut etmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3150/2024 saylı, 30 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh xx.xx.2021-ci il tarixdə iltizam yazaraq 2000(iki min) manata ehtiyacı olduğuna görə İddiaçı həmin məbləği verilməsini xahiş etmiş və bir ilə qaytaracağını öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat və 41 (qırx bir) manat dövlət rüsumu əvəzi, cəmi 2041 (iki min qırx bir) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiada göstərib ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçının yanına gələrək ona təcili 2000 (iki min) manat pula ehtiyac olduğunu söyləmişdir. İddiaçı cavabdehə 2000(iki min) manat pulu bir il müddətində borc vermişdir. Bu barədə cavabdeh iddiaçıya yazılı qəbzdə təqdim etmişdir. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırdır. Dəfələrlə sifariş və telefon zəngləri etsə də cavabdeh pulu qaytarmaq istəmir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3150/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbinin təmin edilərək Cavabdeh borca görə 2000 (iki min) manat, eləcə də məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 41 (qırx bir) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh nümayəndəsi (arvadı) X2 İddiaçı borca 2000 (iki min) manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq iddiaçıdan götürdüyü borc pul vəsaitini iddiaçıya qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələbi əsaslıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iş üzrə məhkəmə iclası onun iştirakı təmin edilmədən keçirilmiş və nəticədə onun ziyanına qətnamə çıxarılmışdır. İddiaçı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də iş üzrə ətraflı araşdırma aparılmadığından heç bir əsas olmadan iddianı təmin etmişdir. Onunla arasında heç vaxt pulun borc verilməsi barədə kredit (borc) verilməsi barədə notariat qaydada təsdiq edilmiş müqavilə bağlanmamış, eləcə də iddiaçı həmin müqavilənin bağlanması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmin qəbzi iş materialı qismində işə əlavə etsə də, həmin qəbzin həqiqətən də onun tərəfindən yazılıb-yazılmamasını müəyyən etmək üçün heç bir araşdırma aparmamış, ümumiyyətlə həmin qəbzin məzmununda yazılanlara heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin yuxarıda qeyd edilən məzmunundan da göründüyü kimi həmin qeydlərdə onun İddiaçı 2000 manat pulu almağını təsdiq etməyi barədə heç bir qeyd yoxdur. Əgər həmin qəbzin həqiqliyini qəbul etsə belə yenə də həmin qəbzin məzmunu onun iddiaçıdan 2000 manat pul almağını təsdiq etmir. Çünki həmin qeydlərdə onun iddiaçıdan pul almağı barədə heç bir söz yoxdur. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində əvvəlki məhkəmə iclasında onun nümayəndəsi qismində iştirak edən arvadı X1 izahatında “iddianı qəbul etmədiyi, cavabdehin (yəqin ki, iddiaçının yazılmalı idi) dediklərinin heç birinin doğru olmadığı, özünün Ticarət Mərkəzində Park 20-də işlədiyi, ona iş yoldaşının bir nəfər adamın faizə pul verməsini dediyini, həmin qadınla danışdığını və 1000 manata 200 manat pul verdiyini dediyini, özünün həyat yoldaşının (yəni onun) gəldiyini, rəsmiləşdirdiyi və 2000 manatı həyat yoldaşının (yəni onun) götürüb ona verdiyini, həmin pulun müqabilində iddiaçının gəlib ondan mal apardığını və faizlə pulunu qaytardığını, bu faktı qonşularının da şahid kimi təsdiq edə biləcəyini, onun artıqlaması ilə pulu qaytardığını” göstərdiyi qeyd edilmişdir. Bununla bağlı bildirir ki, arvadı T.Manafova onun nümayəndəm qismində 1 dəfə məhkəmə iclasında iştirak etmiş, orada onun iddiaçıdan borc almadığını demiş, lakin məhkəmə tərəfindən qətnamədə onun guya iddiaçıdan 2000 manat pulu alıb T.Manafovaya verdiyini deməsi göstərilmişdir. Heç vaxt iddiaçıdan 2000 manat pul alıb həyat yoldaşı T.Manafovaya verməmişdir. Həmçinin T.Manafova həmin sözləri demiş olsa belə, yenə də həmin sözlər pulun ondan tutulması üçün əsas hesab edilə bilməz. Çünki əgər pul verilmiş olsa belə yenə ona verilməmişdir. O, heç vaxt İddiaçı 2000 (iki min) manat borc pul almadığı və arvadı T.Manafovaya vermədiyi halda iddiaçının ondan həmin pulu ondan tələb etməsi absurddur. Arvadı T.Manafovanın sözləri məhkəmə tərəfindən hesab edir ki, təhrif edilmiş və həqiqətən uyğun olmayan formada, iddiaçının mənafeyinə uyğun göstərilmiş, nəticədə məhz həmin sözlərə istinad edərək iddia tələbi təmin edilmişdir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
18. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
20. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
21. Əvvəla cavabdehin nümayəndəsi olan arvadı 10 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edərək izahat verməklə iddiaya münasibətini bildirmiş və növbəti məhkəmə iclası barədə qəbzə imza etməklə xəbərdarlıq edilmişdir. Lakin nə növbəti məhkəmə hazırlıq iclasına, nə də xəbərnaməli qəbzə imza edib xəbərdar olunduğu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Şikayətində isə məhkəmə iclasının onun iştirakı təmin edilmədən keçirildiyi və onun ziyanına qətnamə çıxarıldığını göstərir. Ancaq cavabdeh məhkəmənin onun iştirakını hansı qaydada təmin etməli idi ki, o, da bundan “razı” qalsın. Təbii ki, bu mövqe ritorik sual kimi səslənsə də cavabdeh də şikayətində bu cür dəlillərdən istifadə edərkən onun açıqlamasını da göstərməli idi.
22. Bundan əlavə, hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim etməyib və bu halları sübut edə bilmir. Çünki etirazın əsası kimi istinad etdikləri halları sübut etmək yükü artıq onun üzərinə düşür. Borc verilməsi ilə bağlı müqavilənin notarial qaydada təsdiq təsdiq edilməsi barədə qanunvericilikdə məcburi qayda nəzərdə tutulmamışdır. Hətta verilən borcun məbləği də müqavilənin şifahi bağlanmasını istisna etmir.
23. Bundan başqa, işdə olan qəbzin cavabdeh tərəfindən yazılmasını məhkəmə hazırlıq iclasında iştirak edən nümayəndəsi(arvadı) təkzib etməmişdir. Qəbzdə 2000(iki min) manatın alınmasının təsdiq edilməsi barədə qeyd olmasa da məhkəmə iclasında cavabdehin nümayəndəsi(arvadı) iddiaçıdan 2000(iki min) manatı aldıqlarını etiraf etmişdir. Demək ki, iddiaçını bu halı sübut etmək yükündən azad etmişdir. Cavabdeh nümayəndəsi olan arvadının iddiaçıdan tələb edilən məbləği almasını etiraf etməsini özünün mənafeyinə zidd hesab edə bilər. Ancaq bu bir faktdır. 24.Qeyd olunan məbləğin tam olaraq faizi ilə birlikdə iddiaçıya qaytarıldığını sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşür. Çünki cavabdeh yeni bir hala istinad edir və istinad etdiyi halı isə özü sübut etməlidir, ancaq edə bilməyib. Demək ki, iddia əsaslı olub və məhkəmənin də iddianı təmin etməsi əsassız olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3150/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3150/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.