Məhkəmə qərarları › İş №2(103)-1473/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1473/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1473/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4516/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşlar.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 1727/2020 nömrəli qətnaməsi qətnaməsi ilə tərəflərin nikah pozulmuş, birgə nikahdan doğlmuş uşaqların anaları İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 400 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1727/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 100 manat məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən hallarına uyğun əsaslandırmış və qeyd etmişdir ki, cavabdeh uşaqların saxlanmasında və onların təminatının ödənilməsində çətinlik çəkməsinə baxmayaraq iddiaçıya əlavə heç bir köməklik göstərmir. Baxmayaraq ki, övladlarının yaşı artdıqca onların tələbatı da artır. Bu səbəbdən uşaqlarına baxmaqda çox çətinlik çəkir. Bu səbəbdən məhkəməyə aliment məbləğinin miqdarının artırılması tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı probleminin həlli ilə bagli Mediasiya Şurasına müraciət etmiş, lakin bu məsələ ilə bağlı bizə məhkəmyə müraciət etməsi tövsiyyə edilmişdir.

5. Cavabdeh məhkəmə iclasında hər ay hər uşağa görə 50 manat məbləğində alimentin artırılmasına razı olduğunu bildirmişdir.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4516/2024 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1727/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4516/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 63.2 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Qanunvericiliyin istinad olunan normalarının məzmunu baxımından məhkəmə hesab etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

8. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

10. Məhkəmə xərci ilə bağlı qeyd edilmişdir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (360 (artırılmış məbləğ, yəni 120 manat x 3 uşaq )x12=4320 manat) mütənasib olan 63.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası 17-ci maddəsinin İİ hissəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3.1, 27.1, 27.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarın 8.13, 8.14-cü bəndlərinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.1.2, 9.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmədə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, özü kirayadə yaşayır. Evin yeganə oğludur, taksidə işləyir. İddiaçı ona uşaqlarıyla görüşməyə imkan vermir. O, uşaqların saxlanılması üçün aliment məbləğinin artırılmasını istəmir və razı deyil. Yalnız hər ay hər uşağa maksimum 50 manat məbləğində alimentin artırılmasına razıdır və ödəyə bilər. Bu səbəbdən İddiaçı tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yol vermir və buna görə də etiraz edir. Özəl şirkətlərdə günəmuzd taksi fəaliyyəti ilə məşğuldur, ümumi gəliri 500-600 manat məbləğindədir. Qazancının bir hissəsi özəl şirkətə ödənilir. Yerdə qalan hissə ilə isə birtəhər ailəsini dolandırır. Məhkəmə prosesi zamanı bildirdi ki, onun (VÖEN:**********) hesabına aylıq gəliri hesablamaq üçün vergilər idarəsinə məhkəmə tərəfindən sorğu verilsin və ümumi gəlir haqqında məlumat alınsın. Ancaq nəzərə alınmadı. İddiaçının gəlirinin ondan çox olması və özünün xüsusi bahalı maşın sürməsini sübut kimi bildirsə də, hakim buna əhəmiyyət vermədi. Hazırda xəstə valideynləri onun himayəsindədir. Xəstədirlər, daim müalicə və müayinəyə ehtiyacları vardır. O, bir övlad olaraq onlara da köməklik göstərə bilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən yalnız alimentin məbləği hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

27. Kollegiya öncə qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə (kirayə haqqı ödəməsi və s.) məruz qalması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

28. Belə ki, alimentin təyin olunduğu vaxtdan artıq dörd ildən çox müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir.

29. Kollegiya hesab edir ki, cavabdeh hazırda üç uşağa görə alimentin 450 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, bu məbləğ uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

30. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

31. Kollegiya tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə uyğun hesab edir.

32. Bununla belə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

33. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 220 manat həddində müəyyən edildiyindən, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0.64 mislində (345 x 0.64 = 220 manat) aliment tutulmalıdır.

34. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4516/2024 nömrəli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar