Məhkəmə qərarları › İş №2(103)-1474/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1474/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1474/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)-6325/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. 10.03.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Elgiz Kazımov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, 2 ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 07.04.2021-ci il tarixdə məhkum elektron nəzarət vasitəsi olan mobil qurğunu siqnal verdiyi üçün onu sındıraraq yararsız hala salmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Odur ki, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)- 6325/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əssaslandırılır ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsi olan mobil qurğu heçbir şəkildə sındırılmamışdır. Həmin nəzarət qurğunu səs salaraq cacvabdehin yaşayış şəraitmə maneə olduğuna görə o, onu yaşadığı evin mətbəxində stolun üzərinə qoymuşdur. Səhər yuxudan durarkən mobil cihazın yerdə olduğunu və sıfırlandığının şahidi oldmuşdur (proqramda xəta vəya pozulma baş vermişdir). Bu zaman icra məmuru ilə danışıqları əsasında yalnızca mobil nəzarət qurğusu (qolbaq, enerji daşıyıcısı, anten və sair hissələr dəyişdirilməmişdir) dəyişdirilərək cavabdehə təqdim edilmişdir. Həmin zaman cavabdehə müvafiq akta imza çəkdirərək cihaza qarşı daha da diqqətli olması, bu dəfə yüngül bir cəhdlə mobil cihazın düzəltdirildiyi bildirilmişdir. Nə probasiya şöbəsində, nə də reallıqda həmin cihaz cavabdeh tərəfindən sındırılmamış olduğu halda iddia ərizəsində ona qarşı böhtan atılaraq cihazı sındırmağı qeyd edilmişdir. Qeyd etmək zəruridir ki, cihazın üzərində heç bir xarici zədə də aşkar edilməmişdir. Yaınızca proqram təminatında kiçik bir problem yaranmış və həll edilməsi üçün cavabdehin mobil nəzarət qurğum yenisi ilə əvəz edilmişdi. Əlavə olaraq da qeyd edilməsi zəruridir ki, iddia ərizəsində qeyd edilərək istinad edilən “Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin” maliyyə arayışı iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı Bakı şəhər Probasiya İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)-6325/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. İş materiallarında olan: Baki şəhəri Yasamal rayon Məhkəməsinin 1 (004)-238/2020 saylı, 30.11.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları X4, X2 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.04.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 1 ünvanının qarşısında dayanmış X3 məxsus “BMW X5” markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06-00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilmişdir. 10.03.2021-ci il tarixli elektron nəzarət vasitəsinin tətbiq olunduğu subyektin həmin vasitədən istifadə qaydaları haqqında protokolun surətindən görünür ki, üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması, bunun üçün görülməli olan işlər, habelə hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi üzərinə qoyulmuş vəzifələri pozduğu təqdirdə cəzasının azadlıqdan məhrum etmə növü ilə əvəz olunacağı izah edilməklə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və özü şəxsən protokolla tanış olmuş və imzalamışdır. Cavabdeh izahatından görünür ki, 10.03.2021-ci il tarixdə üzərinə tətbiq olunmuş aparat səs saldığı üçün mətbəxə qoyduğundan stoldan düşüb sınmışdır. Bu səbəblə icra məmurları yeni elektron nəzarət tətbiq etmişlər. Yeni tətbiq olunmuş mobil cihaz yenidən səs saldığı üçün tamamilə söndürmüş və cərəyana qoşmuşdur. Söndürməsinə səbəb isə cihazın (saldığı səsin) onu yatmağa qoymaması olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 29.07.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1 (004)-238/2020 saylı, 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. O, isə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, elektron nəzarət vasitəsini özündən kənarlaşdırmış, onu qorumamış və nəticədə elektron nəzarət qurğusu stoldan düşərək sınmışdır. Odur ki, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21, 1096.1, 1096.2, 1097.1, 1097.3 maddələrinə əsasən məhkəmə iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)- 6325/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar