Məhkəmə qərarları › İş №2(103)-1474/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1474/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1474/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-4424/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.

2. xx.xx.2023-cü il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməklə “Chevrolet Spark” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı və “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur.

3. X6 Haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə Əlizadə X2 Xətalar Məcəlləsinin 327.1 və 332-ci maddələri ilə təqsirli bilinərək, 327.1-ci maddəsi rəhbər tutularaq barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

4. 11.10.2023-cü il tarixli qüsur aktına əsasən “Chevrolet Spark” markalı, **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 310 manat təşkil edir.

5. 11.10.2023-cü il tarixli qüsur aktına əsasən “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1.350 manat təşkil edir.

6. İAS231517 nömrəli sığorta ödənişi aktına və ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 310 manat sığorta ödənişi X3 ödənilmişdir.

7. İAS231516 nömrəli sığorta ödənişi aktına və ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 1.350 manat sığorta ödənişi X4 ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 1.660 manat məbləğində vurulmuş zərər və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir.

9. İddiaçı iddia tələbini yuxarıda göstərilən işin hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Buna görə də, “Opel Astra” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Davud oğlu bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 4424/2024 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3, 63.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 107, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” qanunun 25.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materiallarından aydın olur ki, Cavabdeh yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsini törədərkən “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu fakt iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququnun yaranması əsası olsa da, birinci instansiya məhkəməsi iddaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmasını əsassız olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Qanunun qeyd olunan normalarının mahiyyətindən bir daha aydın olur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verərkən avtonəqliyyat vasitəsini idarəetmə hüququna malik olmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı qətiyyən nəzərə almamış, şəxsin etibarnamə olmadan ona məxsus olmayan avtonəqliyyat vasitəsini idarə etməsi halının sığortaçının subroqasiya hüququnun yaranma əsası olaraq qəbul etməmişdir. Nəticədə iddiaçıya münasibətdə qeyri-obyektiv, qərəzli mövqe tutaraq əsasız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2023-cü ildə “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iradəsinə zidd şəkildə götürülmədiyini və buna görə də həmin şəxsin avtomobildən istifadə etmək hüququ olmayan şəxs hesab edilmədiyini qeyd edir. Lakin məhkəmə qətnaməsində cavabdehin həmin avtomobildən sahibinin iradəsinə zidd olmadan istifadəsini təsdiq edən hər hansısa qanuni sənəd göstərməmişdir. Məhkəmə qeyd edilən faktı sadəcə cavabdehin sürücülük vəsiqəsinin olduğu ilə əsaslandırmışdır. Lakin təkcə sürücülük vəsiqəsinin mövcudluğu istənilən avtomobili idarəetməyə əsas vermir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

16. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

21. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlardan görünür ki, cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olmuş və hadisə baş verdiyi zaman nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi təsdiq edilmişdir. Bununla belə, cavabdehin nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur və bu sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

25. Bundan başqa, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, nəqliyyat vasitəsi mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan nəqliyyat vasitəsinə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 4424/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar