Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1479/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(007)- 3443/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli KM051T12160067S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit xətti açılmışdır. 27.12.2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1333.91 AZN təşkil edir. Bundan 472.74 AZN əsas, 414 AZN faiz, 379.41 AZN cərimə, kredit müqaviləsi bitən dən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********312 saylı 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AK konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu, cəmi 1333.91 manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, X3 “Dəmirbank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(007)- 3443/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 472.74 manat məbləğində əsas, 414 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat məbləğində faiz borcu, 21.90 manat məbləğində dövlət rüsumu X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 8.10 manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3443/2021 saylı iş üzrə 11.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli KM051T12160067S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuzaltı) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit xətti açılmışdır. 27.12.2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Sazişə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, borc götürən həm əsas borcdan, həm də faizlərdən ödəniş etməli idi. İş materiallarından da göründüyü kimi, həmin kredit müqaviləsinə əlavə edilmiş sazişin müddəti 27.06.2018-ci il tarixinə qədər müəyyən edilmişdir. Bununla da, İddiaçı ASC öz hüququnun pozulduğunu həmin vaxtdan, 27.06.2018-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə yalnız 29.07.2021-ci il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, hazırki iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni 27.06.2018-ci ildən 3 il müddət hesablandıqda 27.06.2021-ci il tarixindən iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Keçən müddət ərzində iddiaçı cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və bununla da müddəti ötürmüşdür. 1-ci instansiya məhkəməsi qətnamə qət edərkən faiz borcunun və dəbbə pulunun məbləğinin yüksək olduğunu nəzərə almadan, faizlərin hansı əsasla, hansı mənbədən hesablandığını araşdırmadan, şişirdilmiş borcları iddiaçının xeyrinə təmin etmişdir. Bundan əlavə, iddiaçı cavabehdən dəbbə pulu tələb edir. Qeyd edir ki, həmin məbləğ həddən artıq yüksək məbləğdə hesablanmışdır və tənasübsüz surətdə artırılmışıdr. Tərəflərindən birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunsa da, məhkəmə nədənsə həmin ərizəyə münasibət bildirməmiş, müddəti ötmüş müqavilə üzrə cavabdeh kredit borcu tutmuşdur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi onunla bağlansa da krediti özünə sərf olunmamışdır.Həmçinin, iş materiallarında olan 28.03.2016-29.10.2019-cu il tarixli hesabdan çıxarışa əsasən 27.02.2019-cu il tarixdə kredit borcundan edilmiş 40 manat ödəniş ehtimal ki, bankın əməkdaşı tərəfindən edilmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh 2000.00 manat məbləğində kredit kart limiti ayrılmışdır və o, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18.02.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə 01 nömrəli 27.12.2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15.38 faiz təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 18 ay müddətinə hər ayın 27-dən gec olmayaraq 136.63 manat ödəniş etməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26.02.2021-ci il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC ilə borclu arasında 27.12.2016-cı il tarixində kredit verilməsi haqqında KM051T12160067S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 27(iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 18 ay müddətinə ilkin məbləğ 2004.1 (iki min dörd manat 10 qəpik) manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri borclu tərəfinindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində borclunun 3 Fevral 2021- ci il tarixinə LPO Banka 472.74 manat məbləğində əsas borc, 408.73 manat məbləğində faiz borcu, 374.14 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan faiz məbləği 66.64 manat, ümumilikdə isə 1322.25 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, tələb olunur ki, borclu 1322.25 manat məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin etsin. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 19.02.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu vardır. İş materiallarında olan 23.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 28.03.2016-29.10.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh 27.02.2019-cu il tarixdə kredit borcundan 40 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh 2000.00 manat məbləğində kredit kart limiti ayrılmışdır və o, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18.02.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə 01 nömrəli 27.12.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15.38 faiz təşkil edir. Cavabdeh 18.12.2020-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 19.02.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu təşkil edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərərək bildirmişdir ki, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir iddiaçı isə 29 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin borclu Cavabdeh 27.02.2019-cu il tarixdə kredit borcundan 40 manat ödəniş etmişdir bu səbəbdən iddiaçı iddia müddətini ötürməmiş olur. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 379.41 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, 379.41 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 472.74 manat məbləğində əsas, 414 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat məbləğində faiz borcu, 21.90 manat məbləğində dövlət rüsumunun X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 8.10 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, kredit müqaviləsi onunla bağlansa da kreditin özünə sərf olunmaması, həmçinin, iş materiallarında olan 28.03.2016-29.10.2019-cu il tarixli hesabdan çıxarışa əsasən 27.02.2019-cu il tarixdə kredit borcundan edilmiş 40 manat ödənişin ehtimal ki, bankın əməkdaşı tərəfindən edilməsi ilə bağlı dəlilləri təsdiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(007)- 3443/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1479/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1479/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver