Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1480/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "borc tələbinə dair" mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5087/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir.
2. 08.07.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka olan borcu 4298,43 manat əsas borc, 1518,90 manat faiz borcu, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu olmaqla, cəmi 10011,91 manat təşkil edir.
3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4298,43 manat əsas borc, 1518,90 manat faiz borcu, 3214,18 manat cərimə, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu olmaqla, cəmi 10011,91 manat məbləğində borcun və 120 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 saylı qərardad ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında Bank tərəfindən xx.xx.2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, xx.xx.2022-ci il tarixli **********367 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, yeni müqavilənin bağlanması üçün cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə banka müraciət edilmədiyindən, yeni müqavilə bağlamaqdan imtina etmiş hesab edilir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10011,91 manat təşkil edir. Bundan 4298,43 manat əsas, 1518,90 manat faiz, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu təşkil edir.
6. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia tələblərini qəbul etmir, onları qanunsuz və əsassız sayır. Bundan əlavə iddiaçı iddia ərizəsini vaxtında və lazımı qaydada təqdim etməmişdir. Belə ki. iddia ərizəsindən görünür ki, bank hazırki tələbi irəli sürərkən xx.xx.2014-cü il tarixli. 1599/014 saylı kredit müqaviləsinə əsaslanmışdır. Bank özü iddia ərizəsində göstərmişdir ki, həmin müqavilənin müddəti 36 ay təşkil edir. Qanunvericiliyə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq, müqavilənin qüvvədə olma müddəti bitdiyi xx.xx.2017-ci il tarixindən hesablanmaqla, 3 il müddətinədək, xx.xx.2020-ci il tarixinədək məhkəmədə iddia qaldırıla biiərdi. Hazırki halda iş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Daha əvvəlki iddia ərizəsi isə qüsurlu olduğu üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə haqlı olaraq AR MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanmışdır. İş baxılmamış saxlandığı üçün AR Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri baxımından iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir, yəni bankın məhkəmədə iddia qaldırması nəzərə alınmamışdır. Bununla da 3 illik iddia müddəti buraxılmışdır.
7. İddiaçının nümayəndəsi Nümayəndə Tofiq oğlu cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək göstərmişdir ki, hazırda Əmanətlərin Sığortalanması Fondu 21 bankın ləğv prosesini həyata keçirir. Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun 23 may 2019-cu il tarixli 01/041U saylı əmrinə əsasən, Fondun ləğvedicisi olduğu 21 bankın müştərilərilərinin müraciətlərinin araşdırılaraq, yeni müqavilə bağlanması üçün restrukturizasiya işçi qrupu yaradılmışdır. Restrukturizasiya işçi qrupuna 21 bankın müştərilərinin müraciət etdiyini, müraciətlərin araşdırılaraq müqavilə bağlanılması, Bank fəaliyyətini lisenziya üzrə həyata keçirən banklara münasibətdə gecikmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin 20 mart 2020-ci il, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Yeni müqavilənin bağlanması üçün müddətin müəyyən edilməməsindən istifadə edərək, müqaviləni imzalamaqdan boyun qaçırmış və qəsdən faktiki iddia müddətinin keçməsinə səbəb olmuşdur. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Yuxarıda qeyd edildiyi kimi borclu Cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2020-ci ildə bitir və bank xx.xx.2019-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etdikdə iddia müddəti ötməmişdir. Bank məcbur olub hazırki iddia ilə hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etdikdə də cavabdehin banka təqdim etdiyi etiraf və öhdəliyin icrası üçün möhlət istənməsi ərizəsinə əsasən iddia müddətinin axımı kəsilərək yendiən 3 il müddət yarandığından iddia müddəti ötməmişdir. Belə ki, bankdan asılı olmayan səbəblərdən kredit sənədləri məhkəmədə qalmışdır və bank onları əldə etməmiş məhkəməyə müraciət edə bilməzdi. Yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh ərizəsi əsassız olduğundan, bankın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5087/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, iddiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən iddia müddəti ötürülmüşdür.
10. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 380.1, 381.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5087/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən ilk dəfə xx.xx.2019-cu il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdehin kredit borcu Azərbaycan Respublikasının Prezidenti “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. 2(004)-1667/2019, saylı xx.xx.2019-cu il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, 2(004)-1667/2019 saylı, 05 iyul 2019-cu il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bank ərizə ilə müraciət edərək, 2(004)- 1667/2019 saylı, 05 iyul 2019-cu il tarixli qərardadın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. 2(004)-1667/2019 saylı, 07 avqust 2019-cu il tarixli qərardadla Bank tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı“ kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə yenidən xx.xx.2019-cu il tarixində BakıŞəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 nömrəli qərardad ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. AR Mülki Məcəlləsinin 380-ci maddəsində qeyd edilir ki, Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. 1.Borclu Cavabdeh 13 iyun 2019-cu ildə Borc məbləğinin restrukturizasiya olunmasına dair ərizə ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Bank tərəfindən Yasamal Rayon Məhkəməsinə cavabdehin etirazına təqdim edilmiş mülahizədə göstərildiyi kimi borclu Cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir. 2.Bank tərəfindən xx.xx.2019-cu il tarixində müəyyənləşdirilmiş qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 nömrəli qərardad ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. AR MPM iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 2(004)- 952/2020 saylı qərardadının baxılmamış saxlanıma səbəbi 13 əsasın heç birinə aid deyil. Yəni, Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş lakin Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Bankın müəyyənləşdirilmiş qaydada iddia ərizəsi verməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Ona görə də iddia müddəti baxılmamış saxlanılma qərardadının qanuni qüvvəyə mindiyi andan (Qərardad xx.xx.2020-ci ildə qəbul edilmişdir) başlamalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi K.X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
23. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
24. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
AR Mülki Prosessual Məcəlləsi
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsində qeyd edilmiş şərtlərlə müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 6000 manat kredit verilmiş, cavabdeh həmin müqavilə şərtlərini tam icra etməmiş, nəticədə onun bank qarşısında borcu yaranmış, cavabdeh həmin borc məbləğini ödəməkdən yayınmışdır. Nəticədə onun bank qarşısında qeyd edilən borcu ödəmək öhdəliyi yaranmışdır.
30. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlamışdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
32. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».
33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.»
34. Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlər onlar arasında bağlanmış kredit müqaviləsinə söykəndiyindən və bu müqavilə üzrə cavabdeh öhdəliyini aylıq ödənişlər şəklində vaxtaşırı icra etməyi üzərinə götürdüyündən, bu müqavilə əsasında yaranmış mübahisələr üzrə iddia müddəti üç il təşkil edir.
35. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 17 dekabr 2017-ci il tarixdə bitir.
36. Hazırkı iddia tələbi həmin kredit müqaviləsinə istinad edilməklə irəli sürüldüyündən, mülki qanunvericiliyin tələblərinə əsasən bu iddia üzrə müddətin axımı da müqavilədə nəzərdə tutulmuş onun icrası müddətinin bitdiyi 17 dekabr 2017-ci il tarixdən başlanmış və 3 illik iddia müddəti 17 dekabr 2020-ci il tarixdə başa çatmışdır.
37. İş üzrə iddiaçı 19 dekabr 2019-cu il tarixdə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(004)-952/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
38. Qeyd edilən işin baxılmamış saxlanması kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi ilə əlaqədar olmuşdur.
39. Həmin Fərmanın tətbiqi ilə bağlı qəbul edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 27 mart 2019-cu il tarixli Qərarının 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması müəyyən edilmişdir.
40. Göründüyü kimi, iddianın baxılmamış saxlanılması Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bağlı olsa da, bu barədə qərardad Fərmanın tətbiqi müddəti bitdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, tərəflər həmin qərardadı mübahisələndirməmişlər.
41. Eyni zamanda müəyyən edilir ki, həmin qərardadın qəbul edilməsindən sonra cavabdehin borcunun restrukturizasiyası, yaxud onun digər şəkildə ödənilməsinin təmin edilməsi ilə bağlı iddiaçı uzun müddət ərzində hər hansı tədbir görməmiş, yalnız xx.xx.2022-ci ildə, yəni iddianın baxılmamış saxlanmasından iki ildən artıq müddət keçdikdən sonra borcun ödənilməsinə dair borclu şəxsə bildiriş göndərməklə kifayətlənmişdir. Həmin bildirişin məzmunundan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdə borcunun restrukturizasiya olunması ilə bağlı müraciət etmiş, bununla bağlı iddiaçı tərəfindən restrukturizasiya müqaviləsi tərtib edilmiş, iddiaçı həmin müqaviləni borclu şəxsə təqdim etmiş, lakin o, müqaviləni imzalamaqdan imtina etmişdir. Lakin iş materiallarında restrukturizasiya müqaviləsinin borclu şəxsə təqdim edilməsi və onun bu müqaviləni imzalamaqdan imtina etməsi barədə hər hansı sübut mövcud deyildir.
42. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən borc tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə baxılmamış saxlandıqdan sonra həmin ərizənin baxılmamış saxlanmasına səbəb olmuş hal - Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə bağlı tədbirlər başa çatdıqdan və tərəflər arasında borcun restrukturizasiyasına dair razılıq əldə edilmədikdən sonra iddiaçı yenidən məhkəməyə ağlabatan müddətlər çərçivəsində müraciət etməmiş və bunu hər hansı bir üzrlü səbəblə əsaslandırmamışdır. Bununla da iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür.
43. Ona görə də, cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti düzgün tətbiq edilərək iddia rədd edilmişdir.
44. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
45. Borclu şəxsin kredit borcunun restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixdə yazılı ərizə ilə banka müraciət etdiyi, bununla da borcu etiraf etdiyi və iddia müddətinin də həmin tarixdən hesablanmalı olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni istinad edilən ərizənin verildiyi tarixdən üç ildən artıq müddət keçdikdən sonra verilmişdir. Ona görə də, kollegiya prosessual qənaət prinsipinə riayət edərək həmin ərizənin verilməsinin borcun etirafı kimi qiymətləndirilməli olması barədə əlavə araşdırma aparmadan həmin dəlili əsassız hesab edir.
46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5087/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.