Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14805/2019 25.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(004)-6127/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 485 manat əsas borc, 145 manat dəbbə pulu olmaqla, cəmi 630 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6127/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib və mülk iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun iştirakını təmin etməmişdir. Bundan əlavə, iddiaçı tələb etdiyi məbləğdə dəbbə pulundan narazıdır. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2018-ci il tarixli, A080009 saylı müqaviləyə əsasən iddiaçı alqı-satqı qiyməti 1417 manat olan (12 ay x 97 manat + 253 manat ilkin ödəniş) “Samsung Galaxy A8 2018” markalı mobil telefonu cavabdehə satmışdır. İddiaçı MMC-nin 10.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 15.03.2018-ci il tarixli, A080009 saylı müqavilə üzrə İddiaçı MMC-yə borcu 485 manat əsas, 145 manat dəbbə pulu olmaqla, cəmi 630 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 600-cı maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan borc və dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini müqavilə üzrə borcun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlsə də, 145 manat dəbbə pulu tələbini tam təmin etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası tələb olunan əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu 10 manat məbləğində müəyyən edilməlidir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh iddiaçıdan qeyd olunan dəyərdə məhsul aldığını mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını və onlara tətbiq edilməli olan hüquq normalarını rəhbər tutmaqla, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6127/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 485 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 525 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-14805/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14805/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver