Məhkəmə qərarları › İş №2(103)-1482/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1482/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1482/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(003)-115/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi, iddia ərizəsinə son əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2014-cü il 09 sentyabr tarixli kredit müqaviləsi üzrə 17678,47 manat əsas borc, 14205,05 manat faiz borcu və 1380,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 33264,05 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi və "xxxx" ASC (“İddiaçı“ İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(003)-115/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə "xxxx" ASC (“İddiaçı“ İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin xeyrinə 17678,47 manat əsas, 13759,61 manat faiz borcu, 200 manat cərimə, iddia qaldırılması üçün 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 10 (on) manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi, cəmi 31698,08 (otuz bir min altı yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilməsi, ipoteka predmeti olan bu mənzilin ilkin satış qiyməti 52000 (əlli iki min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin faiz borcunu, cərimə borcunun isə tənasübsüz surətdə azaltmaqla, eyni zamanda Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən 4 otaqlı, 153.04 kv.m ümumi, 77.52 kv.m yaşayış, 75.52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən 4 otaqlı, 153.04 kv.m ümumi, 77.52 kv.m yaşayış, 75.52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşadılması və Banka təhvil verilməsi hissələrində haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin əsas borc üzrə 17882,47 manat, faiz borcunun isə 8848,68 manat, cəmi 26731,15 manat hesablanmaqla artıq hesablanmış 4967 manat borcun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər məhkəmə iclasına çağırılmamış və onların xəbəri olmadan qətnamə çıxarılmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Cavabdeh1 iddia tələbi üzrə 12 iyul 2019-cu il tarixə İddiaçı İKB ASC-yə olan 26731,15 manat müəyyən edilmişdir (əsas borc üzrə 17882,47 manat, faiz borcu üzrə 8848,68 manat). Lakin məhkəmə qətnaməsində Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 17678,47 manat əsas borc 13759,61 manat faiz borcu, cəmi 31698,08 manat borcun olduğunu qət etmişdir. Göründüyü kimi məhkəmə ekspert rəyində göstərilən məbləğdən cavabdehdən iddiaçının xeyrinə 4967 manat vəsaiti artıq hesablayaraq riyazi baxımdan səhvə yol vermişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli cavabdehin apellyasiya şikayəti isə təmin edilməmədir. Belə ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 20 aprel 2021-ci il tarixli, 9/553 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil qəbzləri və hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli, 3-G-1-0-589-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 ekspertiza qarşısında qoyulmuş sual üzrə 24 avqust 2020-ci il tarixinə (iddia tələbinin artılırmasına dair maliyyə arayışınını tarixinə) İddiaçı İKB ASC-yə olan cəmi borcu 31723,33 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17882,47 manat; faiz borcu üzrə 13840,87 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilməyən hissədə qismən ləğv edilməsi və iddianın həmin hissələrdə qismən təmin edilməsi üçün əsasdır, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər isə qətnamənin mübahisələndirdiyi təmin edilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən “ipoteka predmeti olan evə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi, istifadə hüquqlarının itirilməsi, faiz borcun və dəbbə pulunun azaldılması” hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh1 şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən faiz borcunun məbləğinin çox olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin evdən çıxarılması və evin boşaldılması hissəsini təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 və digər cavabdehlərin həmin evdən çıxarılması və evin boşaldılması hissəsi barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır. Çünki, ev Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş və borc ödənilmədiyi halda ipoteka predmeti olan evdən çıxacağını və boşaldılmasını o və digər cavabdehlər öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə istinad etsə də, həmin maddənin tələblərinə, yəni “ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər” müddəasına riayət etməmişdir. Göründüyü kimi, iddiaçı da Qanunun bu tələbinə əsasən ipoteka predmeti olan evə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və digər cavabdehlərin həmin evdən çıxarılması və evin boşaldılmasını tələb etmişdir. Başqa sözlə ipoteka predmeti olan evə tutma yönəlməsə və o satılmasa Cavabdeh1 və digər cavabdehlərin həmin evdən məcburi çıxarılması və evin boşaldılması onsuz da icra olunmayacaqdır. Məhkəmə “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilmədiyini, ipoteka predmetinin boşaldılması dedikdə, həmin hərəkətin konkret olaraq nədən ibarət olması qeyri-müəyyən olduğundan və bu tələbin təmin olunmasının MPM-in 223.1-ci maddəsinin pozulmasına səbəb ola bilər qənaətinə gəlsə də bu yanaşma da əsaslı deyildir. Əvvəla ona görə ki, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur,əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyan və ailə üzvləri yaxud digər şəxslər evə tutma yönəldikdən sonra və ev satıldıqdan sonra evi tərk etməlidirlər. Həmin evdə yaşayarkən sözsüz ki, yaşayış üçün lazım olan əşyalar da həmin evdə olur. Cavabdehlər evi tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da evdən çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmeti də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Əksinə bu cür tələbin təmin olunması və qətnamənin nəticə hissəsində bunun göstərilməsi MPM-in 223.1-ci maddəsinin tələbinə görə vacibdir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, ipoteka predmetinin boşaldılması icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Buna baxmayaraq, iddia tələbinin fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi hissəsinin qanuni əsası mövcud deyildir. Çünki, iddiaçının belə bir iddia ilə müraciət etməsi üçün subyektiv hüququ yaranmalıdır. Keçiriləcək hərrac nəticəsində ipoteka predmetini əldə edəcək şəxsin iddiaçı olacağı hələlik bəlli deyildir. Bu şəxs başqaları, o cümlədən ipoteka qoyan da ola bilər. Ona görə də, hazırki qətnamə ilə evin banka təhvil verilməsi hissəsinin təmin edilməsi ipoteka qoyanın mülkiyyət hüququnu pozulması ilə nəticələnə bilər. Bundan əlavə, məhkəmə iddia tələbinin cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbini rədd edərkən də bu cür halların tərəflər arasında bağlanmış ipoteka müqaviləsində və “İpoteka haqqında” Qanunda göstərilmədiyini qeyd etmişdir. Məhkəmə bu qənatə gələrkən “İpoteka haqqında” Qanunun 59.1 və 59.2-ci maddələrinə də istinad edərək göstərmişdir ki, bu cür tələb irəli sürmək yeni mülkiyyətçiyə aiddir, yəni yaşayış sahəsindən istifadə ilə bağlı münasibətlər yeni mülkiyyətçi ilə köhnə mülkiyyətçiyə aid olduğundan ipoteka saxlayan bankın belə bir iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Ancaq “İpoteka haqqında” Qanunun 59.1ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tumanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarına xitam verilməsi tələbinin irəli sürülməsinə zərurət yoxdur. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, məhkəmənin iddia tələbinin bu hissəsini rədd edərkən əsaslandırması düzgün olmasa da, mahiyyət etibarı ilə nəticəsi düzgün olmuşdur. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 20 aprel 2021-ci il tarixli, 9/553 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil qəbzləri və hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli, 3-G-1-0-589-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 ekspertiza qarşısında qoyulmuş sual üzrə 24 avqust 2020-ci il tarixinə (iddia tələbinin artılırmasına dair maliyyə arayışınını tarixinə) İddiaçı İKB ASC-yə olan cəmi borcu 31723,33 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17882,47 manat; faiz borcu üzrə 13840,87 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı faiz borcunun az məbləğdə təmin olunmasını mübahisələndirir, yəni 24 avqust 2020-ci il tarixə faiz borcunun 14205,05 manat olduğunu iddia edir, cavabdeh isə təmin edilən hissənin daha da az, yəni birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 12 iyul 2019-cu il tarixə müəyyən etdiyi 8848,68 manat məbləğinin olmasını istəyir. Ancaq işdən görünür ki, iddiaçı bundan sonra iddia tələbini iki dəfə, birinci dəfə 10 mart 2020-ci ildə, ikinci dəfə isə 24 avqust 2020-c il tarixdə artırmışdır. Sonuncu tarixə faiz borcunun məbləği isə yuxarıda qeyd olunan əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə 13840,87 manat müəyyən edilmişdir.Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər. Lakin sonuncu rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının hər iki rəyindədə kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə cərimənin hesablanması mümkün olmamışdır. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimənin azaldılmasının ləğv edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində cavabdehlərin məhkəmə iclasına çağırılmadığını və onların xəbəri olmadan qətnamə çıxarıldığını göstərsə də, bu dəlil iş materialları ilə təsdiq olunmur. Çünki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri sifarişli poçtla göndərilmiş və həmin bildirişlər geri qaytarılmamışdır. Cavbdeh Cavabdeh1 məhkəmə hazırlıq iclasında, birinci və ikinci məhkəmə baxışı iclasında iştirak etmiş, onun vəsatəti ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Cavabdeh1 digər cavabdehlərin ailə üzvləri olduğunu və məhkəmə iclaslarından xəbərləri olduqlarını da bildirmişdir. Sonrakı məhkəmə iclaslarında iştirak etməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti isə qismən təmin edilməli; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(003)-115/2020 saylı qətnaməsi qismən, yəni “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin evdən çıxarılmasının, evin boşaldılmasının və tələb edilən faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə iddianın qismən təmin edilməsi; İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdən çıxarılmalı və ev boşaldılmalı; Cavabdeh1 alınmalı olan faiz borcu 13840,87(on üç min səkkiz yüz qırx manat, səksən yeddi qəpik) manat, əsas, faiz borcun və cərimənin, eləcə də dövlət rüsumlarının və xidmət haqqının cəmi isə 31779, 34 (otuz bir min yeddi yüz yetmiş doqquz manat otuz dörd qəpik) manat müəyyən edilməli; Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin, iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti isə qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(003)-115/2020 saylı qətnaməsi qismən, yəni “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin evdən çıxarılmasının, evin boşaldılmasının və tələb edilən faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissələrdə iddia qismən təmin edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdən çıxarılsın və ev boşaldılsın. Cavabdeh1 alınmalı olan faiz borcu 13840,87(on üç min səkkiz yüz qırx manat, səksən yeddi qəpik) manat, əsas, faiz borcun və cərimənin, eləcə də dövlət rüsumlarının və xidmət haqqının cəmi isə 31779, 34 (otuz bir min yeddi yüz yetmiş doqquz manat otuz dörd qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat “xxxx” açıq səhmdar cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar