Məhkəmə qərarları › İş №2(103)-1482/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1482/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1482/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Körpələr Evi - X9 Məsuliyyəti Cəmiyyətinə qarşı müqavilənin ləğvi, obyektin təhvil verilməsi və icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Körpələr Evi - X9 Məsuliyyəti Cəmiyyətinə qarşı müqavilənin ləğvi, obyektin təhvil verilməsi və icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаqaşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh Körpələr Evi - Uşaq Bağçası MMC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 nömrəli mənzil cavabdehə icarəyə verilmişdir. Müqavilənin: - 2.2. Müqavilə 5 il müddətinə bağlanmışdır; - 4.2. İcarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir; - 7.1.2. Müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını “İcarə verən”ə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.4-cü bəndində göstərilən bütün xərcləri vatlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi “İcarəçinin” təqsiri səbəbindən pozulmuş sayılır; - 10.2.2. Müqavilənin tələbləri “İcarəçi” və “İcarəyə verən” tərəfindən pozulduqda hər bir tərəfin tələbi ilə və digər tərəfi 1 ay qabaqcadan xəbərdarlıq etməklə vaxtından əvvəl xitam verilə bilər.

2. İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqları üzrə yaranmış 17680 manat və gecikdirməyə görə həmin məbləğin 5% həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)4035/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-dən 5440 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Qətnamədən İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(103)-1249/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş və 6800 manat məbləğində pulun Cavabdeh Körpələr evi-Uşaq Bağçasından iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 2021-ci ilin sentyabr, oktyabr, noyabr, cari ilin isə fevral, mart və aprel aylarının icarə haqqıarının ödənilməsini tələb etmiş və müqavilə üzrə öz öhdəliklərini kobud şəkildə pozduğuna görə pretenziya aldığı 1 ay müddətinə icarə obyektini təhvil verməyi və ödənilməyən aylıq icarə haqlarının birdəfəlik ödənilməsini təmin etməyi xahiş etmişdir. Qəbzdən müəyyən edilir ki, məktub cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır.

5. Həmin pretenziya məktubuna cavab olaraq cavabdehin direktoru Qanuni nümayəndə bildirmişdir ki, icarə müqaviləsinin 4.2-ci maddəsinin tələblərində də qeyd olunduğu kimi icarə haqqı bank hesabına ödənilməlidir. Lakin dəfələrlə xahiş etməyinə baxmayaraq bugünə qədər “icarəyə verən” olaraq ona hər hansı bank hesabı təqdim olunmamışdır. İcarə haqqının ödənilməsi məqsədilə dəfələrlə icarə haqqını nəğd şəkildə ödənilməsi ona təklif olunmuşdur. Süni şəkildə onu icarə ödənişlərindən yayınan və bununla da, müqavilə şərtlərini pozan tərəf kimi qələmə verməyinə etiraz etmişdir. Belə ki, iddiaçı onun icarəyə götürdüyü yaşayış evinin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı müqavilə bağlanılan vaxtdan bugünə kimi ona təqdim etməməklə onun sahibkarlıq fəaliyyətinin ahəngini tamamilə pozmuş, vergi orqanlarından obyekt üzrə fəaliyyət kodunun alınması nəticəsiz qalmışdır. Nəticədə iddiaçının bu hərəkətləri onun müqavilə üzrə öhdəliklərin pozulmasına səbəb olmuşdur. Məktubun nəticəsi olaraq cavabdeh tərəflər arasında müqavilə bağlanan zaman əldə edilmiş razılığı nəzərə alaraq icarəyə verən tərəf olaraq iddiaçıdan müqavilə üzrə öhdəlikləri pozduğuna görə 10 gün müddətində müqavilənin ləğv edilməsini və ünvan 2 ünvanında yerləşən həyət evinin əsaslı təmiri üçün 150000 manat çəkdiyi xərcin ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh qarşılıqlı olaraq müqavilənin ləğvini tələb etmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin iddiaçıya təhvil verilməsi və icarə haqları üzrə yaranmış 10880 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 05 iyul 2019-cu il tarixdə cavabdehlə iddiaçı arasında ünvan 2 ünvanındakı ümumi sahəsi 238.88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən isə “İcarəçi” icarə haqqını vaxtıvaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından aylıq icarə haqlarını verməmişdir. Bununla bağlı, yəni icarə haqlarının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh “X10" Körpələr Evi-Uşaq bağçası MMC-dən 5440 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş və cavabdeh həmin məbləği iddiaçıya ödəmişdir. Daha sonra qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilərək icarə haqqı 6800 manat müəyyən edilmiş, qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh Körpələr Evi-Uşaq bağçası MMC-dən İddiaçı xeyrinə 141 manat pul tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Nəticə etibarı ilə cavabdehin icarə haqlarını ödəməməsi, yəni müqavilə üzrə öz öhdəliyini kobud səkildə pozması, müqavilə şərtlərinin “İcarəçi”nin təqsiri üzündən pozulması qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(004)- 3898/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, bşin mübahisəsiz halı olaraq, cavabdeh əvvəllər də icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş və icarə haqlarını gecikdirmişdir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri öz təsdiqini tapır. Lakin Cavabdeh Körpələr Evi-Uşaq Bağçası MMC-nin qanuni təmsilçisi 2021-ci ilin sentyabr, oktyabr, noyabr, cari ilin isə fevral, mart, aprel, may və iyun ayları üçün icarə haqlarına görə 10880 manat borcunun olmasını etiraf etməsinə baxmayaraq, izahatında bildirmişdir ki, həmin borc iddiaçının öz təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Çünki, iddiaçı ona bank hesab nömrəsini təqdim etməmiş və onun göstərişi ilə icarə haqlarını qəbul etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu dəlilini inandırıcı hesab etmir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçıya borcu vardır və hazıradək ödəməkdən yayınır. Həmçinin o, izahatının davamında bildirmişdir ki, icarə haqqı üçün nəzərdə tutduğu pul vəsaitini bank borclarına ödəmişdir. Hazırda isə bu səbəbdən borcunu tam şəkildə ödəmək iqtidarında deyildir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 442, 700.1, 685.1, 685.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, icarəyəverən oranın sahibkarlıq məqsədilə ilə icarəyə götürüldüyünü bildiyi halda həmin sahənin sayğaclarını əhali qrupunda (qeyri-əhali istehlak qrupuna keçirilmədən) icarəçiyə təhvil vermişdir. Bunun nəticəsində icarəçi həmin orqanlarla problem yaşamışdır. Sayğacın istehlak qrupunun dəyişdirilməsininn icarəyəverəndən tələb etsə də icarəyəverən hərəkətsizlik etmişdir. Müqavilənin 6.1.2-ci bəndinə əsasən icarəçinin bu Müqavilənin şərtlərini gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək və 6.1.3-cü bəndinə əsasən qanunvericiliklə üzərinə düşən digər vəzifələri icra eləmək icarəyəverənin vəzifələrindəndir. Həmçinin Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər bank hesabına köçürmə və ya nəğd qaydada həyata keçirilir. Birinci instansiyada işə baxılarkən iddiaçı tərəf bank hesabının olmadığını bildirmiş, tərəfilərindən təqdim edilən yazışmalardan da iddiaçının icarə haqqını təhvil almağa gəlmədiyi görülməkdədir. Göründüyü kimi icarə haqqının alınmaması icarəyə verənin bank hesabı açmaması, hesabı təqdim etməməsindən irəli gəlir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə görə, işin hallarından da göründüyü kimi müqavilə şərtləri icarəçinin təqsiri nəticəsində (məhkəmə aktları ilə, yəni qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan qətnamələrlə təsdiq olunur) pozulmuş və pozulmaqda davam edir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçıya borcu vardır və hazıradək ödəməkdən yayınır. Yəni, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh əvvəllər də icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş və icarə haqlarını gecikdirmişdir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapır. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, “icarə haqqı üçün nəzərdə tutduğu pul vəsaitini bank borclarına ödəmişdir. Hazırda isə bu səbəbdən borcunu tam şəkildə ödəmək iqtidarında deyildir”. Bununla belə cavabdeh tərəf də müqavilənin ləğvi ilə bağlı öz iradə ifadəsini iddiaçıya pretenziya göndərməklə bəyan etmişdir. Belə ki, 14 may 2022-ci ildə cavabdeh tərəfindən müvafiq pretenziya göndərilmiş və müqavilənin 10 gün müddətində ləğv edilməsi və icarə obyektinin təmiri üçün çəkilmiş 150000 manat pulun ödənilməsi xahiş olunmuşdur. Göründüyü kimi cavabdeh qarşılıqlı olaraq müqavilənin ləğvini tələb etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

17. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

18. MPM: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi, icarə haqlarını gecikdirdiyi işin mübahisəsiz halıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili də bundan ibarətdir ki, iddiaçı müqavilə şərtlərinə əməl etməyərək, müvafiq bank hesabını təqdim etməmiş, cavabdehin ödənişləri bu səbəbdən gecikmişdir.

22. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, baxmayaraq ki, iddiaçı tərəfindən bank hesabı təqdim edilməmişdir, bu hal cavabdehi icarə ödənişlərini ödəmək vəzifəsindən azad etmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş borcun ödənilməsi hesab təqdim olunmasa belə, icra şöbəsinə müraciət olunaraq derozit hesaba da köçürülə bilərdi. Cavabdehin öz öhdəliyini yerinə yetirməyə hazır olduğu, öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilməməsi də iş materialları ilə müəyyən edilmir. Bunun əksini təsdiq edən məhkəmə aktları da mövcuddur.

23. Obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirilmədən, əhali qrupunda icarəçiyə təhvil verilməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal hazırkı mübahisənin predmeti deyil. Bu halın öz öhdəliklərinin icra etməməsi, konkret olaraq icarə haqqının ödənilməsi ilə bağlılığı cavabdehin özü tərəfindən də əsaslandırlmamışdır.

24. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmişdir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci i tarixli, 2(004)- 3898/2022 nömrəli qətnaməsindən Cavabdeh Körpələr Evi - X9 Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci i tarixli, 2(004)- 3898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar