Məhkəmə qərarları › İş №2(103)-1483/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1483/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1483/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc və maddi ziyan tələbi”nə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 7000 manat məbləğində pulun, 2500 manat məbləğində maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, Cavabdeh1 isə 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı iddia tələbindən Cavabdeh1 münasibətdə imtina etdiyini bildirmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və maddi ziyan tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri yaxşı olmuşdur. Cavabdeh pula ehtiyacı olduğu üçün ondan 2014-cü ilin noyabr ayında borca pul istəmiş və 3 il müddətində qaytaracağını bildirmişdir. O da “xxxx” BOKT-dan 11000 manat məbləğində kredit pul götürərək həmin məbləğin 7000 manatını cavabdehə vermişdir. 11000 manat məbləğində kredit üçün o 4938 manat məbləğində faiz borcu ödəməli olmuşdur. 7000 manat məbləğində pul 11000 manat pulun 63.6 faizini təşkil etdiyindən cavabdeh 7000 manat pulun müqabilində 3140 manat məbləğində faiz ödəməli idi. Cavabdeh həmin puldan ödəniş etmədiyi üçün borcunu ödəməsini bildirmişdir. Çünki borc ödənilmədiyi halda bank tərəfindən faiz borcu artıq hesablanacaqdı. Cavabdehin həmin vaxt əmək haqqından başqa borclar üzrə tutulmalar aparıldığından yalnız həmin tutulmalardan sonra 7000 manat borcu faizi ilə birlikdə ödəyə biləcəyini demiş və bununla bağlı 2016-cı ilin sentyabr ayında öz əli ilə qeyd yazmışdır. Cavabdeh faiz borcundan 640 manat ödəniş etsə də, qalan faiz borcunu və əsas borcu ödəməkdən bu günədək yayınmışdır. Ona görə də, o, banka olan borcu özü ödəmişdir. Ona 7000 manat borcdan əlavə faizləri ödədiyi üçün 2500 manat maddi ziyan dəymişdir. Buna görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa, o, “xxxx” BOKT-dan kreditə götürdüyü pulun qalan 4000 manatını Cavabdeh1 vermişdir. Cavabdeh həmin pulu qaytarsa da, 1798 manat faiz borcundan 200 manatı bu vaxtadək qaytarmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin işi hərtərəfli araşdırmadığını və qərəzli qətnamə qəbul etdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, borc pulu Alik adlı şəxsdən götürmüş və tam olaraq ödəmişdir. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli ödəmə qrafikinin surətindən görünür ki, İddiaçı X5 Təşkilatı “xxxx” MMC-yə olan 11000 manat borcunu aylıq 26 faiz olmaqla 36 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxx 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 7000 manat məbləğində borc vermişdir. İş materiallarına əlavə edilmiş sentyabr 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən yazılmış qeydlərdən görünür ki, o, İddiaçı kredit götürdüyü 11000 manatın 7000 manatını götürdüyünü, həmin puldan ödəniş etmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh2 tərəfindən 33 saylı dövlət notariat kontorunda yazılmış xx.xx.2017-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən Cavabdeh2 7000 manat borc vermişdir. Borclu aldığı 7000 manat pul məbləğini qaytarmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 10800 manat məbləğində borc vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh2 10800 manat və dövlət rüsumuna görə 10 manat tutulması qeyd edilmişdir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankında Cavabdeh2 məxsus plastik əmək haqqı kartının bağlı olduğu bank hesabından xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara dair foto görüntülərdən görünür ki, hesabdan bütün çıxarışlar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən, o cümlədən də İddiaçı tərəfindən həyata keçirilmişdir. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh2 aralarında olan şifahi razılaşmaya əsasən sonuncuya bankdan pul götürərək 7000 manat pul borc verdiyini, cavabdehin razılaşmaya əməl etməyərək borc pul məbləğini qaytarmadığını irəli sürərək, həmin pul vəsaitinin və banka ödədiyi faiz məbləğinin qaytarılmasını tələb etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıdan cəmi 4000 manat pul götürdüyünü, həmin pulu ödəyə bilmədiyinə görə müxtəlif vaxtlarda 7000 və 10800 manat borca dair iddiaçı ilə yalan əqdlər bağladığını bildirmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2014-cü ildə Cavabdeh2 borc pul istəmiş, İddiaçı bankdan kredit pul götürmüş və həmin puldan Malyatdinə borca pul vermişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, 7000 manat borcun olmasına dair işdə iki sənəd mövcuddur: 1) 33 saylı DNK-nda bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsi. 2) xx xxxxxx 2016-ci il tarixli əlyazma. Qeyd olunmalıdır ki, xx xxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7000 manat borcu cavabdeh xx xxxxxxx 2016-ci il tarixədək qaytarmalı idi, lakin həmin pul qaytarılmamış xx xxxxxx 2016-cı ildə yenidən 7000 manat borcun olmasına dair əlyazma yazılmışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, ikinci dəfə cavabdehə borc qismində pul vəsaiti vermiş olduğunu, cavabdehin onun qarşısında öhdəliyinin yarandığını sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Kollegiyanın qənaətinə görə, kredit müqaviləsi başqa əqdi (şifahi borc müqaviləsini) pərdələmək məqsədilə bağlandığından yalan əqddir. Belə ki, cavabdeh iddiaçıdan 4000 manat borc pul almış, həmin pulun qaytarılmasının təminatı olaraq ilkin olaraq onunla 7000 manat borca dair, həmin pulu qaytara bilmədikdəsə, 10800 manat borca dair kredit bağlanmış, kredit müqaviləsi bağlanarkən məqsəd 4000 manat borca dair müqaviləni pərdələmək olmuşdur. Sözügedən müqavilənin yalan əqd olduğu aşağıda sadalanan sübutların məcmusu ilə təsdiq olunur: İş materiallarından görünür ki, cavabdehin iddiaçıya olan 7000 manat borcunun ödənilməsi barədə notariusda tərəflər arasında ərizələrin yazıldığı xx.xx.2017-ci il tarixdə tərəflər arasında yenidən 10800 manat borca dair müqavilə bağlanmışdır. Məhkəmə, tərəflər arasında 2016-cı ildən borca dair mübahisəsinin olmasını, həmin borcun ödənildiyi tarixdə yenidən kredit müqaviləsinin bağlanmasını ağlabatan hesab etmir. Hazırki işdə tərəflər arasında ikinci dəfə kredit müqaviləsinin bağlanmasına dair ağlabatan səbəblər müəyyən edilmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar