Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1484/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(011)-5087/2023 saylı qətnaməsindən mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1717/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilmiş, Cavabdeh 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4- cü maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.740 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 57,40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ona Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla ondan 03 aprel 2019-cu il tarixdə, saat 16:40 radələrində ünvan 1 ünvanında yerləşən “Af Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan “Like Travel" MMC-nin ofisində 3.740 manat pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib ona 3.740 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra iddiaçı və digər çoxsaylı zərərçəkmiş şəxslərin şikayəti əsasında Cavabdeh barəsində cinayət işi başlanılmış, onun törətdiyi cinayət əməlləri və bunun nəticəsində ona vurduğu maddi ziyan Nəsimi Rayon məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə öz təsdiqini tapmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1717/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində olan hökm qanuni qüvvəyə minmişdir. İstər cinayət işinin məhkəmədə baxıldığı vaxtda, istərsə də Cavabdeh təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdikdən sonra iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq, iddiaçıya vurduğu maddi ziyanı ödəməkdən imtina etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5087/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1717/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı və Cavabdeh ifadəsi ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyi vədi ilə ondan 3740 manat pul vəsaitini almış və həmin pulu hazırkı günədək iddiaçıya geri qaytarmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5087/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam və hərtərəfli araşdırımayıb, onun xəbəri olmadan məhkəmə iclasları keçirib, nəticədə əsassız qətnamə qəbul etmişdir. Birinci növbədə qeyd etmişdir ki, məhkəmə qətnaməsi onun ünvanına rəsmi olaraq göndərilməmiş, həmin qətnamədən yalnız xx.xx.2023-cü il tarixində özümə “ASAN imza” əldə etdikdən və “Elektron məhkəmə informasiya sistemi”nə daxil olduqdan sonra xəbəri və məlumatı olmuşdur. İddiaçı öz hüququnun pozulduğu günü xx.xx.2019-cu il tarixində bilmişdir. Həmin fakt məhkəmə hökmü öz təstiqini tapır. Müddətin hesablanmasına gəldikdə iddiaçı ilə aralarında bir növ şifahi razılaşma olmuş, ona görə də müqavilə münasibətlərindən irəli gələn müddətlər nəzərə alınmalıdır. Təbii ki qanunvericililikdə iddia müddətlərinin tətbiqi ilə bağlı müvafiq ərizənin təqdim olunması nəzərə tutulmuş təəssüflər olsun ki, məhkəmə ona məhkəmə prosesləri barədə məlumat verməmiş və bununla da qeyd olunan hüquqlarından onu məhrum etmişdir. İddiaçı özü belə onun barəsində ittihamedici hökm çıxarılarkən məhkəməyə ərizə ilə müraciət 3700 manat məbləğində ziyanın vurulduğunu bildirmişdir. Lakin məhkəmə hökmdə göstərilmiş bu faktı təəssüflər osun ki, nəzərə almamışdır
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 12.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 14.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 16.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 18.373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 19.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 20.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Kollegiya ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər onun qeydiyyatda olduğu və müraciət etdiyi apelyasiya şikayətində qeyd edilən ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 26.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 27.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 28.İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələri təşkil edir. Belə ki, həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. 29.Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehin törətdiyi əmələ görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.
30. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, İddiaçı Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyinə dair vəd verib bu adla İddiaçı 03 aprel 2019-cu il tarixdə saat 16:40 radələrində ünvan 1 ünvanında yerləşən “Af Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan "xxxx" MMC-nin ofisində 3.740 manat pul vəsaitini almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1717/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4- cü maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 31.Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsinin baş verdiyi və bu hadisənin baş verməsinə Cavabdeh qanunsuz hərəkətləri səbəb olduğu, bununla da onun həm də mülki-hüquqi məsuliyyət daşıdığı qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən müəyyən edildiyi üçün bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 33.Bundan başqa cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində müqavilə münasibətlərinə aid edilən iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə istinad etmişdir. 34.Qeyd edilməlidir ki, mülki hüquqda iddia müddətləri mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqularının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Konkret şəxsə məxsus hüquq pozulduqda qanunverici onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddəti şamil edir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. 35.Hazırkı işdən göründüyü kimi tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətləri hər hansı müqavilədən deyil, zərərvurmadan (deliktdən) əmələ gəlmişdir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. 36.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 37.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 38.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5087/2023 nömrəli, 8 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova