Məhkəmə qərarları › İş №2(103)-1485/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1485/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1485/2019 29.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - ləğv prosesində olan İddiaçı-nin nümayəndəsi X4 iştirakı ilə Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 90 000 manat əsas, 52 980 manat faiz, 23275,79 manat cərimə borcu olmaqla, ümumilikdə 166 255,79 manat borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 90 000 manat əsas, 52 980 manat faiz, 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 144 980 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və əsas kredit məbləğinin hər ay 20 000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının düzgün tətbiq etməməsi, işi hərtərəfli araşdırmaması,məhkəmə iclasında iştirakını təmin etməməsi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışında (əvvəlki məhkəmə iclasında) Cavabdeh nümayəndəsi qismində izahat verən X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə qətnamənin iddianın təmin olunan hissəsindən narazılığını ifadə etmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizin məbləği 43 200 (qırx üç min iki yüz) manat müəyyənləşdirilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh arasında bağlanmış 07 aprel 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə, illik 24% hesablanmaqla 90 000 manat kredit verilmiş, iddiaçı 20.09.2017-ci il tarixinədək onun 90 000 manat əsas, 52 980 manat faiz borcu yarandığını irəli sürməklə müvafiq iddia tələbi ilə çıxış etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya hesab edir ki, iddiaçı bankın faiz borcunu hesablayarkən səhvə yol verdiyi barədə apellyatorun irəli sürdüyü dəlil əsaslıdır; çünkü həmin məbləğin 43 200 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dairAzərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni 2000 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 2000 manat müəyyən etməkdə haqlı olmuşdur. Ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, borcalanın əsas kredit borcu 90 000 manat təşkil edir və bu səbəblə də kollegiya qətnamənin əsas borc tələbi ilə bağlı hissəsini də əsaslı hesab edir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi və “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158/2018 saylı iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh 52 980 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalı olan faiz borcu 43 200 (qırx üç min iki yüz) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni Cavabdeh 90 000 manat əsas, 2000 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 150 (yüz əlli) manatın 120 (yüz iyirmi) manatı Cavabdeh, 30 (otuz) manatı isə İddiaçı-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar