Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1485/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(006)-3587/2023 saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında bağlanılmış nikah pozulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1206/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012- ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat alimentin tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1206/2022 saylı qətnaməsi əsasında Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 atasıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3840/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahin pozulması, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı ilə qalmaları, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30 aprel 2021-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra Cavabdeh işdən çıxmışdır. Ona görə də, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 175 manat, cəmi 525 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı işi üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək alimentin tutulması sabit pul məbləğinə dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa, hər ay 150 manat, cəmi 450 alimentin tutulması qət edilmişdir. Həmin qətnamə hazırda Nəsimi rayon icra şöbəsinin icraatındadır. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Respublikada uşaqlar uçün yaşayış minimumu artmışdır. Uşaqlar məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə İddiaçı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Həmçinin, iddiaçı azyaşlı uşaqları ilə birlikdə kirayədə qalır. Onu da qeyd etmək zəruridir ki, Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə Nəsimi rayon icra şöbəsinin gördüyü məcburi icra tədbirlərindən sonra ödəməyə başlamışdır. Buna görə də gorə iddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bu barədə Mediasiya Təşkilatına da müraciət etmiş, lakin 8 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediassiya sessiyasında iştirak edilməməsi barədə arayış alınmışdır. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(006)-3587/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddia qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1206/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment tutulması, iddiaçının ödəməkdən azad edildiyi 30,8 manat dövlət rüsumunun Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1206/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat alimentin tutulması qət edilmişdir. 7.İş materiallarında olan 1 saylı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 8.İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 10.Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. 12.Lakin, buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, hazırda işləməməsi, onun əvvəlki nikahından olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. 13.Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. 14.Həmçinin məhkəmə qeyd etmişdir ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 100.2-ci: Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci:Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 112.1.3, 124.1, 216-220 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə hər uşaq üçün ondan tutulacaq 150 manat, ümumilikdə 3 uşaq üçün 450 manat məbləğdə alimenti bir qayda olaraq o, işlədiyi vaxtlarda ödəmişdir. Hətda özü ödəyə bilmədiyi hallarda valdeyini pensiyadan ödəmişdir. Bildirir ki, hazırda heç bir yerdə işləmir, valdeyinimin maddi yardımı hesabına yaşayır, onun maddi vəziyyətində hər hansı bir artım olmamış, əksinə maddi durumu çox acınacaqlı və pis vəziyyətdədir. Aliment məbləğinin artırılması onun tərəfindən ödənilməsi qeyri-mümkündür. Əksinə, cavabdehin bu günkü vəziyyəti nəzərə alınmalı, alimentin məbləğ həcmi azaldılmalıdır. Onu da qeyd edir ki, iddiaçıilə birgə nikaha daxil olmazdan əvvəl özü, öz şəxsi vəsaiti hesabına aldığı, Bakı şəhəri, S.Ə.Zeynalov küçəsi, ev 15, mənzil 17-də yerləşən bir otaqlı mənzilini iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra birgə nikahlarından olan uşaqlarının mənafeyini və onların yaşayş şəritinin yaxşılaşdırılması üçün sataraq satışdan əldə olunmuş 90.000 manat pulun 45.000 manatını iddiaçıya vermişdir. İddiaçının iddia ərizəsində yaşamaq üçün evi yoxdur, maddi durumum uşaqların saxlanmasına kifayət etmir deməsi tam formal xarakter daşımaqla əsassızdır. Hətta işə məhkəmədə baxılarkən bu halları məhkəmənin diqqətinə çatdırmağına baxmayaraq işə baxan məhkəmənin bu halları nəzərə almaması işin faktiki hallarını ədalətli formada araşdırılmamasına dəlalət edir. Cavabdehin adına hər hansı bir dükan olmamış və atasının adına da hər hansı bir dükan yoxdur. Məhkəmə isə əsassız olaraq iddiaçının bu fikrini qətnamədə sübut növü kimi qəbul edərək işin faktiki hallarını araşdırmadan işi birtərəfli aparmışdır. Nəticədə səhv fikrə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edir ki, hal-hazırda o, yenidən Masallı rayonu, Öncəqala kənd sakini X8 ilə faktiki nikaha daxil olaraq rəsmi nikaha daxil olmaq üçün müvafiq olaraq tibbi müayinələrdən keçmişdir. Hesab edir ki, işə baxan məhkəmə onun bu hissədə də maddi durumunu nəzərə almalı olduğu halda bunları nəzərə almamış və maddi hüquq normalarının tələblərini pozmuşdur. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə proseslərində iştirakları təmin edilməmişdir. Məhkəmə bu hadisənin əsas şahidlərini dindirməmiş, bunun üçün şərait yaratmamışdır. 18.Qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır, lakin onun uşaqlarına minimumdan aşağı aliment təyin edilmişdir. İş üçün əhəmiyyəti olan əsas məsələ odur ki, təyin olunan aliment məbləği uşaqların yaşayış minimumuna uyğun olmalıdır. Əvvəlki qətnamə ilə müəyyən edilən aliment məbləği uşaqların hazırki dövrdə tələbatlarını ödəməyə çatmır. Hətta 2023-cü ilin dekabr ayıdır. Yeni təqvim ilində qiymətlər dəyişəcəyi üçün uşaqların yaşayış minimumunun da məbləği artacaq. Bununla belə məhkəmənin hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsini qanuni və ağlabatan hesab etməsi sübut edilmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdehin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 17-nin İİ bəndi. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 24.Maddə 34-ün İV bəndi. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 25.Maddə 75.1 və 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 26.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 27.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 28.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 29.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 32.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 34.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası təərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə tutulmalı olan alimentin miqdarı hissəsində dəyişdirilməlidir. 38.Mülki işin müəyyən olunmuş mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1206/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6283/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012- ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat alimentin tutulması qət edilmişdir. 39.Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 40.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 41.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 42.Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını respublikada uşaqlar uçün yaşayış minimumunun artması, uşaqların məktəbdə təhsil alması və məsrəflərinin yetərincə artması, uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özünün öhdəsində olması, uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətin olması, həmçinin, iddiaçının azyaşlı uşaqları ilə birlikdə kirayədəqalması, o cümlədən, Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmaması, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə Nəsimi rayon icra şöbəsinin gördüyü məcburi icra tədbirlərindən sonra ödəməyə başlamasına əsaslanmaqla tələb etmişdir. 43.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 44.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1206/2022 saylı qətnaməsi ilə ilə onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2012- ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat nəzərdə tutulmuşdur. 2023-cü ildə bu məbləğ 220 manat təşkil edir. 45.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 46.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 47.İş materiallarında olan 1 saylı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 48.Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 49.Məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, tərəflərin 3 uşağının olmasını və cavabdehin hazırda işləməməsini, eləcə də işin konkret hallarını nəzərə alaraq alimetnin miqdarının hər uşaq üçün 200 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 50.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci dəfə nikaha daxil olmağa hazırlaşması və hazırda işsiz olması, maddi vəziyyətinin aşağı olması kimi hallar onun uşaqlarını saxlamaq, o cümlədən aliment ödəmək vəzifəsindən azad etmir. 51.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, işin faktiki hallarını tam araşdırmamış, buna görə də, sabit pul məbləğində alimentin miqdarı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. 52.Beləliklə, qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(006)-3587/2023 saylı qətnaməsi hər ay hər uşağa görə sabit pul məbləğində tutulan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, alimentin miqdarı hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilməlidir. 53.Kollegiya bütün məhkəmə iclaslarında iştirak edən Cavabdeh məhkəmə proseslərində iştirakının təmin olunmaması ilə bağlı dəlilini əsassız hesab edir. 54.Kollegiya həmçinin qeyd edir ki, məhkəmə xərcləri qanunvericiliyin tələblərinə uyğun qaydada həll edilmişdir. 55.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(006)-3587/2023 saylı qətnaməsi hər ay hər uşağa görə sabit pul məbləğində tutulan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilsin, alimentin miqdarı hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1485/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1485/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver