Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1486/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(001)-6722/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1100,52 manat məbləğində əsas borc, 1119,93 manat məbləğində faiz borcu, 933,76 manat məbləğində cərimə, müqavilə müddətinin bitdiyi 18 iyul 2018-ci il tarixdən 21 iyun 2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 160,35 manat məbləğində faiz borcu, cəmi 3314,56 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(001)- 6722/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 18 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1100,52 manat məbləğində əsas borc, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 18 iyul 2018-ci il tarixinə yaranmış 348 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə, cəmi 1748,52 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və 18 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1119,13 AZN faiz borcu üzrə tələbin və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 160,35 AZN faiz borcu üzrə tələbin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, faiz borcunun hesablanması xüsusi bilik tələb etdiyi halda məhkəmə ekspertiza təyin etmədən özü hesablama aparmış, lakin iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 445.7 və 449.4-cü maddəsinin tələblərini pozaraq kredit borcunun kreditora ödənildiyi günə qədər özgə vəsaitindən istifadə üçün faizlərin tutulması və pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə azı illik 5 faiz dərəcəsi ilə pul ödənilməsi barədə tələbi təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(001)-6722/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 29% dərəcəsi ilə hesablanmaq şərti ilə 1200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh iddiaçıdan kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği kredit kartı vasitəsi ilə qəbul etmiş və müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin, habelə gecikməyə yol verdiyi halda hesablanmış cərimə borcunun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddəti 18 iyul 2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini faiz borcu hissəsində qismən təmin etməkdə, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra bankın əldən çıxmış faydası qismində illik 5 faiz dərəcəsi ilə hesablanmaqla pulun tutulması hissəsində iddianı rədd etməkdə haqlı olmuş, gəldiyi nəticəni düzgün əsaslandırmış və ədalətli nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bank cavabdehdən 1119,93 manat faiz borcu tələb etsə də, kredit müqaviləsi üzrə faiz dərəcəsi illik 29 faizlə olduğundan, 1200 manat kreditin illik faiz borcu 1200 x 0.29=348 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 18 iyul 2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Ləğv prosesində olan bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmədiyindən, faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Buna görə də bankın hər hansı faydadan məhrum olmasından söhbət gedə bilməz və beləliklə, bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin mübahisələndirilən hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və ağlabatan olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(001)- 6722/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1486/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1486/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver