Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1487/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixdə doğulmuş iddiaçı uşaq yaşlarından (2007-ci ildən) ailəsi ilə birgə mübahisəli mənzildə yaşamış və hazırda da həmin mənzildə yaşamaqdadır, o cümlədən qeyd olunan mənzildə qeydiyyatdadır. İddiaçının valideynləri olan cavabdehlər arasında nikah münasibətlərinə rəsmi qaydada xitam verilmiş, lakin buna baxmayaraq onlar birlikdə yaşamağa davam etmiş və bir müddət birgə təsərrüfat aparmışlar. İddiaçı və bacısı Fidan Qurbanova da nikahın ləğvindən sonra doğulmuşlar. Mənzil də valideynləri tərəfindən nikahın xitamından sonra alınmış və ailə birlikdə həmin evdə yaşamağa başlamışlar. İddiaçı yetkinlik yaşına çatmadan valideynlər arasında münasibətlər pisləşmiş, aralarında bir sıra məhkəmə mübahisələri yaranmış, həmçinin ərizəçinin yaşadığı mənzillə bağlı da mübahisələr mövcud olmuşdur. İddiaçının anası Cavabdeh2 özünün və iki övladının (iddiaçının və Fidan Qurbanovanın) mənzilə istifadə hüquqlarının tanınması barədə iddia ilə məhkəməyə müraciət etmiş, lakin son nəticədə həmin iddia təmin olunmamışdır. İddianın təmin olunmamasının əsası kimi Cavabdeh2 ilə Cavabdeh1 arasında etibarlı ailə əlaqələrinin (nikahın) artıq mövcud olmaması və Cavabdeh2 yaşamaq üçün başqa əmlaklara sahib olması göstərilmişdir. Həmin iş üzrə məhkəmə qərarları qəbul edilən zaman iddiaçının 18 yaşı tamam olmamış, məhkəmədə hüquqları müdafiə olunmamışdır. Məhkəmənin yekun qərar qəbul edilməsi zamanı əsaslandığı hallar iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. Bundan sonra Cavabdeh1 Cavabdeh2 mənzildən çıxarılması barədə iddia vermiş və iddiası təmin olunmuşdur. Lakin iddiaçıya münasibətdə mənzildən istifadə hüququnun tanınması ilə bağlı məhkəmə qərarı mövcud deyildir. İddiaçı mənzildə ailəsi ilə birgə uzun müddət yaşadığından, mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi olmadığından, cavabdehlərin ailə üzvü olduğundan həmin mənzildən istifadə hüququna sahibdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla mülki iş üzrə icraata xitam verilməsini, qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının anası Cavabdeh2 2019-cü ildə özünün və həmin anda yetkinlik yaşına çatmamış övladları – hazırki iş üzrə iddiaçı xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X2 qanuni nümayəndəsi kimi hazırki iş üzrə Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiası rədd edilmişdir. İş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-12354/2019 nömrəli qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki işə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqları xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin qeyd oluan qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-12354/2019 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4332/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia qaldırmış Cavabdeh2 iddiaçı qismində yalnız özünü qeyd etmişdir (iş v. 82.). Göründüyü kimi həmin vaxt yetkinlik yaşına çatmamış, lakin hazırda yetkinlik yaşına çatmış hazırki iş üzrə iddiaçının pozulmuş hüquqlarının bərpası və ya müdafiəsi üçün qaldırılmamış, hazırki iş üzrə iddiaçı həmin iş üzrə iddiaçı olmamışdır. Həmin iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edərək, özünün uşaqları ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınmasını xahiş etmişdir. Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər şəkildə istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırki mübahisəli halla əlaqəli təhlil etdikdə maddənin məzmunundan o qənaətə gəlmək olar ki, yaşayış sahəsinin mülkiyyətçisinin arvadı (əri) yetkinlik yaşına çatmayan uşaqlarının yaşayış sahəsindən istifadə hüququnun tanınmasını iki əsasla tələb edə bilər: Birincisi, uşağın mənafeyi baxımından iddia qaldırmaqla uşaq mülkiyyətçinin ailə üzvü olduğu üçün uşağın özünün istifadə hüququnun olması əsası ilə; İkincisi, öz adından iddia qaldırmaqla mülkiyyətçinin ailə üzvü və yaşayış sahəsinə istifadə hüququ olan şəxs olaraq özünün uşağını həmin yaşayış sahəsinə köçürməyə ixtiyarlı şəxs olması əsası ilə. Birinci halda uşaq yetkinlik yaşına çatdıqdan sonra mülkiyyətçinin ailə üzvü kimi özünün istifadə hüququna istinad etməklə eyni tələbi irəli sürmüş olsa, o zaman eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia irəli sürülmüş olacaqdır. Lakin ikinci halda, uşağın özü tərəfindən belə iddianın sürüləcəyi təqdirdə, predmet eyni olsa da, tərəflər və əsaslar fərqli hesab ediləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-12354/2019 saylı mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarından müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh1 qarşı iddiasına yalnız onun istifadə hüququnun olub-olmaması baxımından qiymət verilmiş, uşaqların istifadə hüququnun olub-olmaması məsələsinə toxunulmamışdır. Bu hal bir daha təsdiq edir ki, hazırki iş üzrə İddiaçı həmin iş üzrə iddiaçı qismində tanınmamış və mülkiyyətçinin ailə üzvü kimi onun mənzildən istifadə hüququnun olubolmaması məsələsi araşdırılmamışdır. MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verməlidir. Lakin Rayon Məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, MPM-in 261.0.2-ci maddəsini səhv tətbiq edərək, iddiaçının MPM-in 4.1-ci maddəsində nəzərdə tutulmuş prosessual hüququnu əsassız məhdudlaşdıran qərardad qəbul etmişdir. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsaslı, qərardaddan isə verilmiş şikayət əsassız hesab edilə bilməz. Odur ki göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərardad ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki işə baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1487/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1487/2024
05.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver