Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1489/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4982/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə Əli-zadə Çimnaz-xanım Salman qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 355-xx.xx.2018-003007 nömrəli kredit müqaviləsinə əsasən, Əlizadə Çimnaz-xanım Salman qızına bank tərəfindən 30 ay müddətinə illik 29% ödəmək şərtilə 1.400 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.4-cü bəndinə görə kreditin müddəti xx.xx.2020-ci il tarixində bitir.
2. Maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə Əli-zadə Çimnazxanım Salman qızının banka xx.xx.2024-cü il tarixinə 998,83 manat əsas borcu, 11,26 manat faiz borcu olmaqla, cəmi 1.010,09 manat borcu yaranmışdır.
3. Əli-zadə Çimnaz-xanım Salman qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
4. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq Bakı şəhəri 21 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 838 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Əli-zadə Çimnaz-xanım Salman qızına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Əli-zadə Çimnaz-xanım Salman qızının qanun üzrə vərəsəsi Cavabdehdur.
5. "xxxx" ASC tərəfindən borclu Əli-zadə Çimnaz-xanım Salman qızının vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əli-zadə Çimnaz-xanım Salman qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 355-xx.xx.2018-003007 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 998,83 manat əsas borc, 11,26 manat faiz borcu, ödənilmiş 30,11 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 355-xx.xx.2018- 003007 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 998,83 manat əsas borc, 11,26 manat faiz borcu olmaqla, cəmi 1.010,09 manat məbləğində pul və ödənilmiş 30,11 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx"ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Əli-zadə Çimnaz-xanım Salman qızı arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Cavabdeh borclunun yeganə vərəsəsidir.
9. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab etmişdir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 739.1, 739.2, 741, 1151.1, 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 284-5, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. İddiaçı öz mülki hüquqlarından sui-istifadə edərək, əsasız iddia qaldıraraq pulun cavabdehdən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iddaiçı tərəfindən borc tələbi barədə cavabdehə hər hansı bildiriş göndərilməmiş, onun bank qarşısında hər hansı borcunun olması barədə məlumatı olmamışdır. Bundan əlavə, iddia ərizəsi məhkəməyə verilən zaman 3 illik iddia müddəti örtmüşdür. Əgər cavabdehə bildiriş göndərilsəydi, cavabdeh bu müddətin ötməsi barədə məlumatı olardı və o, prosesdə iştirak edərək müddətin örtməsi barədə məhkəməyə ərizə verərdi. İddiaçı tərəfindən məhkəmədən göndərilən bildirişlər və ona əlavə edilən heç bir sənəd qəbul olunmamışdır. Ünumiyyətlə, cavabdehin məhkəmə prosesi barədə məlumatı olmamış və məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Məhkəmə müvafiq mühasibatlıq ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir.
13. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq həmçinin qeyd etmişdir ki, bank tərəfindən kredit xx.xx.2018-ci il tarixdə 30 ay müddətinə verilmiş və onun müddəti 2021-ci ilin yanvarında bitmişdir. Bununla da iddiaçı müqavilədən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiuaçının iddia müdətini ötürüb-ötürmədiyi hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən maddi hüquq normasının pozulması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 -ci maddəsinə istinad edilmiş, lakin həmin maddi hüquq normasının pozulmasının dəlili qismində iddiaçı tərəfindən iddia müddəti buraxılaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş olması qeyd edilmişdir. İlk növbədə qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin pozulması özlüyündə qətnamənin ləğv edilməsinə səbəb olan maddi hüquq normasının pozuntusu deyildir. "xxxx" ASC tərəfindən AR MM-nin 16.1-ci maddəsi pozulmamışdır. Cavabdeh tərəfindən AR MM- in 16-cı maddəsinin pozulmasına dair dəlillər əks olunmamışdır. Bundan başqa, 3 illik iddia müddətinin “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin vərəsələrdən tutulmasına” dair iddia tələbi üzrə yaranmış mülki işlərə tətbiqi fərqlidir. Belə ki, burada ölüm haqqında şəhadətnamənin banka təqdim edilməsinin tarixi xüsusi önəm daşıyır. 1) Müştərinin vəfat etmiş olması faktı ölüm haqqında şəhadətnamənin banka təqdim edilməsi nəticəsində müəyyən edilməlidir; 2) Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron xidmətlərinə əsasən müştərinin ad, soyad, ata adı və vəfat etdiyi tarix qeyd edilməklə vərəsəlik işinin açılıb-açılmaması müəyyən edilməlidir; 3) Əgər vərəsəlik işi açılmışdırsa, aidiyyəti notariat orqanına sorğu ilə müraciət edilərək vərəsələrə dair məlumat əldə edilməlidir; Gördüyümüz kimi bu olduqca uzun prosesdir. Ölüm haqqında şəhadətnamə təqdim edilən anadək iddia müddətinin axımı dayandırılmalıdır. Ölüm haqqında şəhadətnamə təqdim edildiyi zaman iddia müddətinin axımı bərpa olunmalı, notariat orqanına sorğu göndərildiyi zaman müddətin axımı dayanmalı, sorğuya cavab əldə edildiyi zaman isə iddia müddətinin axımı bərpa olunmalıdır. Burada əsas məqam ölüm haqqında şəhadətnamənin hansı tarixdə banka təqdim edildiyi tarixin müəyyən edilməsidir. Burada isə sübut etmə yükü vərəsənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 saylı qərarının 29- 35-cİ bəndlərinə qəti şəkildə müəyyən edilmişdir ki, sübut etmə yükü vərəsənin üzərinə düşür. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3729/2024 saylı qərarı da analoji xarakter daşıyır. Burada da sübut etmə yükünün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə istinad edilərək vərəsəyə aid olması müəyyən edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən xx.xx.2024-cü ii tarixində, 6- 2-22/2-22174/2024 saylı xərəbdarlıq məktubu Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin şəxs ünvanda yaşamır qeydinə əsasən məktub geri qaytarılmışdır. İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün zəruri olan bütün tədbirlər görülmüşdür. Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvandan başqa yaşadığı yer ilə bağlı İddiaçı tərəfindən hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh vəfat etmiş şəxsin vərəsəsi qismində çıxış etdiyini bilərək, yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqlidirsə, bu barədə iddiaçı banka məlumat verməli idi. Cavabdeh tərəfindən prossual hüquq norması pozuntusu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədə məhkəmənin ekspertiza təyin etməsi ilə bağlı imperativ norma mövcud deyildir. Ekspertizanın təyin edilməsi İlə bağlı norma dispozitiv xarakter daşıyır. Eyni zamanda AR MPM-in 97-ci maddəsinə əsasən mülki iş üzrə ekspertizanın təyin edilməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilmir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
17. L.İ.Binnətovanın şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK-nın 05/06/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı: Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
21. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
23. İşdən görünür ki, iddiaçı ilə Əli-zadə Çimnaz-xanım Salman qızı arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ona 30 ay müddətinə illik 29% ödəmək şərtilə 1.400 manat məbləğində kredit verilmişdir.
24. Əli-zadə Çimnaz-xanım Salman qızı xx.xx.2019-cu il tarixində vəfat etmiş, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır. Hazırki iş üzrə Cavabdeh borclunun yeganə vərəsəsidir.
25. İşdən həmçinin görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2020-ci il tarixində bitsə də, iddiaçı Bakı şəhəri 21 saylı Notariat Ofisinə sorğu ilə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Halbuki, Əli-zadə Çimnaz-xanım Salman qızı xx.xx.2019-cu il tarixində vəfat etmiş və iddiaçı kredit müddəti bitənədək artıq müqavilə üzrə ödənişlərin edilmədiyini nəzərə alıb müvafiq sorğular versə idi, Əli-zadə Çimnaz-xanım Salman qızının vəfat etməsi barədə məlumatlı olardı.
26. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunmuş hüquqi mövqeyinə əsasən kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır.
27. Beləliklə, hazırki iş üzrə iddia müddətinin axımı artıq xx.xx.2020-ci il tarixində başlamış, lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
28. İşdən müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmamış, bu səbəbdən də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etməsi ondan asılı olmayan səbəblərə görə mümkün olmamışdır.
29. Mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən təmin edilə bilməz.
31. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4982/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: