Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1490/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh X1, onun nümayəndəsi (vəkili) Vəkil5 iştirakı ilə İddiaçı Cavabdeh1 və Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı “əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və mülkiyyətin özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz şəxsi gəlirləri hesabına əldə etdiyi Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379- 8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000313 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi ("Azəristilikenerjiquraşdırma” ATSC-nin yarımçıq tikilisi), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi başa çatdırılmamış Su Anbarı (yarımçıq tikili), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Anbarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşı, Cavabdeh2 (Yusifova) qardaşı Baratın keçmiş həyat yoldaşı olmaqla yanaşı doğma bibisi qızıdır. Uzun illərdir müxtəlif sektorlarda həm şəxsi, həm də dövlət layihələri ilə məşğul olan iş adamı olmaqla müxtəlif yerlərdə öz şəxsi gəlirləri hesabına bir çox əmlaklar əldə etmiş, əmlaklardan bir neçəsini doğma qardaşı Cavabdeh1, bir neçə əmlakı isə onun keçmiş həyat yoldaşı Təyminənin adına almışdır. Cavabdehlərdən artıq neçə müddətdir ki, öz şəxsi gəlirləri hesabına aldığı əmlaklarını tələb etməyinə baxmayaraq, onlar müxtəlif bəhanələr gətirərək əmlakları qaytarmaqdan boyun qaçırırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi birtərəfli araşdırdığını, hüququn tətbiq edilməsində səhv buraxdığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq etmədiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh X2, habelə onun nümayəndəsi (vəkili) sözügedən əmlakların onunla keçmiş həyat yoldaşı Cavabdeh1 arasında bölgüsünün aparıldığını və onların bir qisminin artıq hərracda satış mərhələsində olduğunu, bu iddianın da həmin qətnamənin icrasına maneə törətmək məqsədilə qaldırıldığını bildirmişlər. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh2 ilə Cavabdeh1 26 dekabr 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63, 33 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 14.07.2011-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0.9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binada, 41.1 kv.m ümumi, 41.1 kv.m əsas, köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03.04.2007-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0.9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 29.6 kv.m əsas, köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03.04.2007-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 18 nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 03.06.2014-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18/49, 23 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 26.04.2013-cü il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 14, 12, 13, 14 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 20.04.2013cü il tarixdə qeydə alınmış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən su anbarının yarımçıq tikilisi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 30.05.2006-cı il tarixdə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 22.03.2006-cı il tarixdə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182-ci məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tərəfindən 08.04.2002-ci il tarixdə satın alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 birgə nikahı dövründə əldə edilmiş, Cavabdeh1 adına rəsmiləşdirilmiş əmlakların (Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi. 2392/99-cu məhəllədə yerləşən, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 2392/99-cu məhəllədə yerləşən, 284.7 kv.m sahəsi olan su anbarının yarımçıq tikilisi; 2003 buraxlışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəli, “Cadillac CTS” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil; 2013 buraxlışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəli, “Porsche Cayenne” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil) Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilməsi və həmin əmlakların ½ hissəsinə Cavabdeh2 mülkiyyət hüquqlarının müəyyən edilməsi qət olunmuş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı, sadalanan əmlakların onun gəlirləri hesabına əldə edildiyini, lakin Cavabdeh1 və Cavabdeh2 (Yusifovanın) adlarına qeydə alındığını irəli sürmüş, iddia tələbini Mülki Məcəllənin 157.2-ci maddəsi ilə əsaslandırmışdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdeh(lər)in qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, tələb etdiyi əmlakların məhz özü tərəfindən alındığını və ona məxsus olduğunu, cavabdehlərin isə əmlakları qanunsuz şəkildə saxladıqlarını sübuta yetirə bilməmişdir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, həmin əmlakların Cavabdeh1lə Cavabdeh2 nikahları dövründə əldə olunmaqla onların birgə mülkiyyətində olduğu qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir; bu isə o deməkdir ki, əslində hazırkı mübahisəyə dair hüquqi müəyyənlik yaranmış, əmlakların hüquqi statusuna aydınlıq gətirilmişdir. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2093/2021 saylı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1490/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1490/2022
10.02.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver