Məhkəmə qərarları › İş №2(103)-1492/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1492/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1492/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9035/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən iddiaçının məhrum edildiyi 6 nəqliyyat vasitəsinin əvəzi olaraq hər maşın üçün 12.500 manat olmaqla ümumilikdə 75.000 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 5.000 manat, ödənilməyən icarə haqqına görə 35.538 manat, eləcə də mənəvi ziyan olaraq 5.000, həmçinin pozuntuya görə 9.450 manat dəbbə pulunun məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 1.000 manat cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9035/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə mübahisə kommersiya mübahisəsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil apellayasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırda birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət, Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, şikayətə apellyasiya icraatı qaydasında baxılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və 24.3-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 32.1, 32.4 və 32.5-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Bu Məcəllənin 403-1.1 və 403-1.2-ci maddələrinə görə işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 4-cü bəndinə görə, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9035/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmaqla ümumi məhkəməyə müraciət edildiyindən geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd edilən əsasla geri qaytarılmasına dair qərardaddan verilmiş şikayəti isə birbaşa kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qəbul olunmuş 9 iyul 2019-cu il tarixli, 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə dəyişiklik edilmişdir. Məcəlləyə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin işi Bakı Apellyasiya Məhkəməsinə göndərməklə mülki prosessual qanunvericiliyin müvafiq qaydalarına riayət etmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə apellyasiya baxışı üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş, şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verildiyi təqdirdə, kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269.3, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9035/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.1- 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verildiyi təqdirdə, kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar