Məhkəmə qərarları › İş №2(103)-1494/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1494/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1494/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5083/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı QSC-nin Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 5632 ABŞ dollarına 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 76.23 manat məbləğində dövlət rüsumunun tutularaq "Aqrarkredit” QSC-nin xeyrinə ödənilməsi barədə iddiasının Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5083/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 76.23 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 77.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386, 433.1, 445.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ olan 5632 ABŞ dollarına 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etsə də, qeyd edilmiş qətnamədə cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilsə də, iddiaçı ipoteka predmetinin satılmasını, satıldıqdan sonra borcun ödənilməsi üçün yetərli olmamasını, qətnamənin cavabdehin qərəzli hərəkətləri nəticəsində icra edilməməsini, həmçinin qətnamə qüvvəyə mindiyi tarixdən sonra əldən çıxmış faydanı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün icraya yönəldiyindən, bununla yanaşı qətnamənin cavabdehin təqsiri üzündən icra edilməməsi sübut edilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsinə və eyni tarixli 1058 saylı ipoteka müqaviləsinə (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin rəsmi reyestrindən çıxarışa) əsasən "Azərbaycan Beynəlxalq Bankı” ASCnin Sənaye filialı tərəfindən illik 17 % olmaqla 36 ay müddətinə Cavabdeh 20783 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq "Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobil ipoteka ilə yüklü edilmişdir;- "Aqrarkredit” BOKT QSC tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 5632 ABŞ dolları əsas, 1828.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7460.76 ABŞ dolları borcu vardır;- "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məktubdan məlum olur ki, bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə Cavabdeh göndərilmişdir; Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5083/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 443, 445.7, 448, 449.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 384-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından da Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 5632 ABŞ dollarına 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablandığı açıq şəkildə göstərilsə də, məhkəmə bunu nəzərə almayaraq, kredit borcunun ipoteka müqaviləsi üzrə öhdəliklə təminatlandırıldığını və tutulan borcun avtomobilə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu bildirmişdir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və öhdəliklərini icra edərək, borcun bağlanmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdehin ipoteka predmeti olan avtomobilini hal-hazırda etibarnamə ilə X1 idarə edir. Bu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi arayışda DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında öz əksini tapmışdır. Bu da öz növbəsində Cavabdeh ipoteka predmeti olan avtomobili özündə saxlayaraq, xx.xx.2022-ci il tarixli, 2(011)-7/2022 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrasını gecikdirdiyinə, öhdəliklərini icra etmədiyinə dəlalət edir. Mübahisələndirilən qətnamədə məhkəmə bütün bu qeyd olunanları nəzərə almamışdır. İddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərərək ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən dayanıqlı, mənfəətli maliyyə kredit institutuna çevrilməsi, aqrarbizneslə məşğul olan kiçik və orta sahibkarlığın kreditləşdirilməsini həyata keçirməklə regionların iqtisadi inkişafına dəstək verməsi, maliyyə resurslarına çıxışı məhdud olan kiçik şəxsi təsərrüfata malik kənd əhalisinin maliyyə vəsaitlərinə olan ehtiyacını qarşılanması, öz daxili imkanları hesabına regionlarda kreditə tələbatın minimuma endirməsi, iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə və son nəticədə ölkədə yoxsulluğun azaldılmasına nail olunmasına köməklik göstərməsi istiqamətində işləri həyata keçirir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il Müqavilələr bağlanmışdır. Həmin Müqavilələrin icrasını təmin etmək məqsədilə İddiaçı QSC müvafiq maliyyə təşkilatları qarşısında borclanmışdır və həmin borcların iddiaçı təşkilat tərəfindən razılaşdırılmış kredit faizi hesablanmaqla qaytarılması öhdəliyi götürülmüşdür. Həmin təşkilat tərəfindən yuxarıda sadalanan bütün işlərin icrasını maliyyə vəsaiti ilə həyata keçirilir, lakin zamanında ödənilməyən borclar nəticəsində təşkilat maliyyə çatışmazlıqları ilə üzləşərək ziyana uğramışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, cavabdehin öhdəliklərini vaxtında icra etmədiyi üçün bank Mülki Məcəllənin 449-cu maddəsinə əsasən uçot dərəcəsi ilə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 3307,82 ABŞ dolları həcmində əldən çıxmış faydanı istədiklərini, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən tutmanın ipoteka predmetinə yönəldildiyinin qeyd edildiyini, lakin nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğunu və nə həmin nəqliyyat vasitəsini təqdim etdiyini, nə də borcunu ödədiyini bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 276-323-1, 385-459; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80- 82, 88, 119, 216, 217, 218, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçı cavabdehin ipoteka predmeti olan avtomobili özündə saxlayaraq, xx.xx.2022-ci il tarixli, 2(011)-7/2022 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrasını gecikdirdiyi, borc öhdəliyini icra etmədiyi, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 5632 ABŞ dollarına hesablanan 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər tələb etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən müddəaları nəzərə alınmalıdır: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəaları nəzərə alınmalıdır: 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

14. Qanunvericiliyin müddəalarından göründüyü kimi, borcun tələb edilməsi kreditorun müqavilənin ləğvinə yönəlmiş iradəsini ehtiva edir və müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan müqavilə öhdəlikləri xətm edilmiş sayılır və burada məhkəmə qərarının icrası öhdəlikləri yaranır ki, bu öhdəliklərin icra edilməsinin məhz borclunun qərəzli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının maddi zərərə düçar olması sübuta yetirilməlidir. İddiaçının tələbi məhkəmə qərarınadək olan müddəti də əhatə etsə də, iddiaçı təkcə öhdəliyin vaxtında icra edilməməsinə deyil, məhkəmə qərarının da icra edilməməsi kimi ziddiyyətli dəlillərə istinad edir. Bundan başqa pul vəsaitindən faydalanmağa görə, bu vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutan, habelə zərərin hesablanmasını müəyyən edən xüsusatları iddiaçı sübut edə bilməmişdir.

15. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərin özünə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5083/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar