Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1499/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(001)-3958/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC tərəfindən Cavabdeh2 12 fevral 2015-ci il tarixli, 90005052 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 26% olmaqla, 6350 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti 12 fevral 2015-ci il tarixdən 12 fevral 2018-ci il tarixədək hər ay 255,89 (sonuncu ay 255,45) ABŞ dolları məbləğində ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcunun təminatı olaraq Cavabdeh1 ilə 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. 12 fevral 2015-ci il tarixli, 90005052 nömrəli kredit müqaviləsi və ZM-90005052 nömrəli, 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı əlavə sazişlərə əsasən 17 noyabr 2015-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6350 ABŞ dolları müəyyən edilmiş və kreditin son ödəmə müddəti 17 may 2020-ci il tarixədək uzadılmış, 29 fevral 2016-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5415,23 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 30 aprel 2021-ci il tarixədək uzadılmış, 20 aprel 2017-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5093,4 ABŞ dolları əsas, 292,83 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 75,23 ABŞ dolları cərimə müəyyən edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti 20 aprel 2022-ci il tarixədək uzadılmışdır. Eyni qaydada zaminlik müqaviləsinin də müddəti uzadılmışdır.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh2 12 fevral 2024-ci il tarixə banka 4525,69 ABŞ dolları əsas, 1736,62 ABŞ dolları faiz borcu, 1258,53 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 417,69 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938,53 ABŞ dolları borcu qalmışdır.
5. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh1 LPO İddiaçı ASC tərəfindən 16 fevral 2024-cü il tarixdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4525,69 ABŞ dolları əsas, 1736,62 ABŞ dolları faiz borcu, 1258,53 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 417,69 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938,53 ABŞ dolları borcun və 130,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia qətnamənin 1-5-ci bəndlərində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.
8. Etiraz onunla əsaslandırılmışdır ki, o, sonuncu dəfə 20 sentyabr 2017-ci il tarixdə ödəniş etmiş, daha sonra iş fəaliyyətində maddi çətinliklər yaranmış, ödəniş edə bilməmişdir. İddiaçının bundan məlumatı olmuş, lakin 7 il ərzində məhkəməyə müraciət etməmişdir. Bu da onu göstərir ki, iddiaçı iddia müddətini ötürülməklə məhkəməyə müraciət etmişdir. Bundan başqa onun iddiaçıya 1736,62 ABŞ dolları faiz və 1258,53 ABŞ dolları cərimə borcunun olmasını sübut edən hər hansı bir sübut yoxdur. Halbuki sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.
9. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının iddia müddətini ötürdüyünü iddia edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 9/6843 nömrəli ekspert rəyindən görünür ki, 20 aprel 2024-cü il tarixə Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə 20 aprel 2022-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) 4515,71 ABŞ dolları əsas, 1566,62 ABŞ dolları faiz borcu, 16 fevral 2024-cü il tarixə (maliyyə arayışının tarixinə) 4515,71 ABŞ dolları əsas, 2224,74 ABŞ dolları faiz borcu təşkil edir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(001)- 3958/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh2 4515,71 ABŞ dolları məbləğində əsas borc, 1566 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 417,69 ABŞ dolları, ümumilikdə 6599,40 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) borc və 130,49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh2 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 4515,71 ABŞ dolları məbləğində əsas borc (ekspert rəyinə əsasən kredit müddətinin bitdiyi tarixə), 1566,45 ABŞ dolları məbləğində faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 417,69 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. iddiaçının iddia ərizəsində tələb etdiyi 1258,53 ABŞ dolları cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin halları nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ümumilikdə 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Bundan başqa Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının iddia müddətini ötürdüyünü iddia edərək iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2015ci il tarixli, 90005052 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 26% olmaqla, 6350 ABŞ dolları məbləğində kredit verilmiş, bundan sonra xx.xx.2015-ci il tarixli, 90005052 nömrəli kredit müqaviləsi və ZM-90005052 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı Əlavə Sazişlərə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6350 ABŞ dolları müəyyən edilmiş və kreditin son ödəmə müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2016-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5415,23 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5093,4 ABŞ dolları əsas, 292.83 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 75,23 ABŞ dolları cərimə müəyyən edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur, yəni 3 illik iddia müddəti ötürülmədən verilmişdir. Ödənişin son tarixi xx.xx.2022-ci il müəyyən edilmiş və iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. 63. Beləliklə müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da iddiaçı zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də iddia Cavabdeh1 dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 443, 448, 462, 470, 472, 477, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, iddiaçının tələb etdiyi faiz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə tələblərinə uyğun olaraq yüksək olduğundan həmin faiz məbləği məhkəmə tərəfindən azaldılmamışdır. Halbuki, Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 467-ci maddəsinə tələbləri əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə həddindən artıq tələb olunan faiz borcunu azaltmalı idi. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2017-ci il tarixdə əlavə sazişlərə əsasən kredit müddəti uzadılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, sonuncu ödəniş 20 sentyabr 2017-ci il tarixdə olmuşdur. Daha sonra iş fəaliyyətində ciddi maliyyə çətinliyi yaranmışdır. İddiaçının bundan məlumatı olmuş, lakin 7 il müddətinə məhkəməyə müraciət etməmişdir. Buda onu göstərir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti də keçmişdir. Hazır ki iddia tələbi üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuşdur. Mübahisə tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin isə dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığının bildimişdir.
19. Digər cavabdeh (apellyator) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyii üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onuntəmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarı: “ Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.”
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Apellyasiya baxışının hədləri
24. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, iddiaçının tələb etdiyi faiz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə tələblərinə uyğun olaraq yüksək olduğundan həmin faiz məbləği məhkəmə tərəfindən azaldılmamışdır.
27. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, iddiaçı 1736,62 ABŞ dolları faiz borcu tələb etsə də, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən olunmuş 1566 ABŞ dolları faiz borcunun tutulması qənaətinə gəlmişdir. Cərimə məbləği isə bağlı da birinci instansiya məhkəməsi 1258,53 ABŞ dolları cərimənin tənasübsüz hesablanması qənaətinə gəlmiş və 100 ABŞ dorlarına qədər azaltmışdır. Apellyator şikayətində heç bir əsaslandırma aparmamış, ümumi sözlərlə qətnamənin əsassız olduğunu qeyd etmişdir.
28. Apellyasiya şikayətinin bir digər dəlilini iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti də keçməsi təşkil edir.
29. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 12 fevral 2015-ci il tarixli, 90005052 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 26% olmaqla, 6350 ABŞ dolları məbləğində kredit verilmiş, bundan sonra 3 dəfə olmaqla sonuncu dəfə kreditin müddəti 20 aprel 2022-ci il tarixədək uzadılmış və iddiaçı tərəfindən isə ərizəsi isə məhkəməyə 21 may 2024-cü il tarixdə verilmişdir. Belə olan halda qanunvericiliklə müəyyən edilmiş müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(001)- 3958/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(001)- 3958/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.